[b]“Ölən” futbolçu “dəfn günü” “apasport”a danışdı: Qızım şokdadı[/b]
13.01.2017 - 17:17
[b]“Ölən” futbolçu “dəfn günü” “apasport”a danışdı: Qızım şokdadı[/b]

Azərbaycan yığmasının sabiq futbolçusu Faiq Cabbarovun apasport.az saytına müsahibəsi

 

- Mətbuatda ölməyiniz, hətta bu gün dəfn olunacağınızla bağlı xəbər yayılmışdı...

- Bəziləri öldüyümü, bəziləri isə itkin düşdüyümü yazıb. Kim o xəbəri ortaya atıbsa, sağ olsun. Həqiqi mənada sağ olsun ki, heç olmasa yada düşdüm, ölünü diriltdilər. İki gün ərzində xeyli adam zəng edib, maraqlanıb. Dostumuzun, düşmənimizin kim olduğunu bildik. Bir növ reklam oldu (gülür).

 

- Özünüz bu xəbərləri necə qarşıladız?

- Allaha and olsun ki, şoka düşdüm. Nofəl Əzizov telefonda yazını göstərdi, məəttəl qaldım. Soruşdum ki, bu xəbəri kim yayıb?

 

- Məlum xəbərləri eşidəndən sonra ailə üzvləriniz, qohumlarınız narahat olmadılar ki?

- Mən heç kimi görməmişəm ki... 7-8 gündü ki, evdən çıxmışam. Kürün qırağı deyilən yer var, Samuxdan o tərəfə, həmin zonadayam. Evdəkilər saytları oxuyub, narahat olublar. Qızımla danışdım, o da şokdadı. Amma bir kəlmə dedi ki, ürəyim rahat idi. Nofəl müəllim sağ olsun ki, evdəkilərə ürək-dirək verib, məni tapacağını deyib.

 

- Evdən uzaqlaşmağınız, Samux tərəfə getməyiniz nə ilə bağlıdı ki?

- Bilirsiz necədi? İnsanın dirənən, bezmiş vaxtı var. Bəlkə də, səhvə yol verdim, amma hiss edirdim ki, pis olmuşam, bezmişəm. İş yoxdu, elə bil ki, özümü əskik sayıram. İnsanlardan uzaq, lap uzaq olmaq istədim ki, bir az özümə gəlim. İndiki zəmanədə iş olmayanda çətindi. Adam uşağın da, evdəkilərin də, dostun da yanında pis olur. Çox adama yaxşılığım dəyib, futbolu bilməyənləri futbolçu etmişəm, xeyli insana əl tutmuşam. Amma bugünkü gündə gördüm ki, yox, yada düşmürəm. Qınamadım onları. Zəmanə pisdi, insanlar özlərini zorla dolandırırlar. Sadəcə, iş istədim. Fəhləlik etməyə razıyam, təki iş olsun. Bu dəqiqə işləyirəm, yeri gələndə fəhləlik də edirəm, yeri gələndə ağac da sulayıram. Bir gözəl insan var, onun yanındayam. Elə bir insandı ki, 17 rayonun polis rəisi işləyib. Mən pis adam olsaydım, o, yanına çəkib, köməklik edərdimi? Sağ olsun Nazim Dadaşov, onu bütün Azərbaycan tanıyır. Məni yanına çəkdi ki, işsiz qalmayım. Onun kimi 50 kişi olsa, həyat bütün insanlar üçün başqa cür olar. 

 

- Hələ də evinizə qayıtmamısız?

- Xeyr, qayıtmamışam. Elə bir obyektə nəzarət edirəm ki, tez-tez evə gedə bilmərəm. Amma 10-15 gündən bir gedib ailəmi də görəcəm, uşağımı da. Evlə də danışdım, ailəmdə heç bir narazılıq yoxdu.

 

- Futbol aləmindən uzaq düşmüsüz...

- Federasiyaya getdim, həm ordan, həm də çox insanlardan iş istədim. Futbolçu vaxtı qazandığım titulları demirəm, məşqçi işlədiyim vaxtda haralarda çalışdığımı bilirsiz. “Gilan” (hazırkı “Qəbələ”) komandasını, eləcə də “ABN-Bərdə”ni güclülər dəstəsinə mən çıxarmışdım, daha sonra “Şəmkir”i yenidən komanda kimi formalaşdırdım. Buna baxmayaraq, son vaxtlar hara getdimsə, iş vermədilər. Federasiyaya getdim, dedilər ki, kateqoriya lazımdı. İstəsəydilər, kateqoriya məsələsində kömək edə bilərdilər. İnsanam da, küsdüm. Sonra Rusiyaya getdim, orda bir az problemlər oldu, qayıtdım. İstədim ki, yenidən futbol həyatına dönəm. Amma alınmadı. Dost-tanış sağ olsunlar. Ad da çəkə bilərəm. Məsələn, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov maddi cəhətdən mənə dəfələrlə kömək etdi, həmçinin Mehman Allahverdiyev. “Qəbələ”dən klubun vitse-prezidenti Fariz Nəcəfov və komandanın kapitanı mənə yardım etdi. Mən sadəcə, iş istədim. Dilənçi deyiləm ki, qapı-qapı düşüb, dilənim. Lakin mənə iş tapılmadı. Halbuki federasiyadan istəsəydilər, mənə iş verə bilərdilər. Demirəm ki, Premyer Liqa klubunda baş məşqçi və ya məşqçi işləyim. Heç olmasa 12, 13 yaşlı komandalarda işləyərdim, başım qarışardı. Ancaq bu da olmadı, mən nə edim?

 

- Rusiyadan nə vaxt qayıtmısız?

- 2014-cü ildə. Köhnə dostlarım, futbolçu yoldaşlarım mənə yardım etdilər. Amma köməklə yaşamaq olmaz. İndiki zəmanədə hamının öz problemi var. Mən də istərdim ki, işləyim, əməkhaqqı alım. Amma olmadı.

 

- Futbol sahəsində təklif almaqla bağlı ümidinizi kəsmisiz?

- Dediyim kimi, Nazim müəllim mənə iş verib, amma o iş mənim işim deyil. Mən futbol həyatında olmaq istəyirəm. 45 yaşım heç tamam olmayıb. Ürəyim futbolla döyünür. Pis çıxmasın, mən futbolu bilirəm. Bilməsəydim, 33 yaşımda məşqçi işləməzdim. Nofəl Əzizovla bir yerdə “Gilan” komandasında çalışıb, onu Premyer Liqaya çıxarmışdıq. Futbol həyatında, ümumiyyətlə, adi həyatda da gərək yaltaqlıq edəsən. Mənim aləmimdə isə belə şey yoxdu. Yəqin ki, buna görə də, qıraqda qalmışam.

 

- Kənarda qalsanız da, yəqin ki, ölkə futbolunu izləyirsiz...

- İnanın Allaha, istər Premyer Liqa, istərsə də, Avropa oyunları olsun, “Qarabağ”dan başqa heç bir komandanın oyununa baxmamışam. “Qarabağ”ın görüşünə baxanda əgər adı yazılmasa, hiss olunmur ki, Azərbaycan klubudu, qanuni Avropa komandasıdı. Qurban müəllim gözəl kollektiv yaradıb. Mən “Qarabağ”a azarkeşlik edib, dəstəkləyirəm.

 

- Arada içkiyə qurşanmağınız haqda da xəbərlər yayılmışdı...

- Mən sizə hər şeyi açıq deyəcəm. Məşqçi işlədiyim müddətdə içkidən uzaq olmuşam. Bundan əlavə, şəxsi həyatıma qarışmağa heç kəsin ixtiyarı yoxdu. Bəyəm Torres və ya Foqts içki içmirdi? Nə oldu, Foqts içəndə yaxşı oğlan olur, amma Faiq Cabbarov içəndə “alkaş”? Bəli, içki içmişəm, amma küçədə yatmamışam, yolda gedəndə yıxılmamışam, tək oturub arağı qabağıma qoymamışam. Dost-tanışım çox olub. İşsiz qalanda onlarla arada oturub içmişəm. İçəndə adamın beyni bir az açılır. Açılır deyəndə ki, dərdin üstünə dərd gəlir e, sadəcə bir az boşalırsan. Çox pis şeydi. İnsan yatanda fikirləşir ki, səhər durub, işə gedəcəm, rahat yatır. İşsiz qalanda fikirləşirsən ki, mən səhər durub nə edəcəm?

 

0