[b]Təbriznamə[/b]
16.01.2017 - 14:16
[b]Təbriznamə[/b]

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.

 

Rəhmətlik Süleyman Rüstəm vaxtilə bu şeiri sanki Təbriz Həsənov üçün yazmışdı. Ancaq görünür, “ustad” məşqçimizin bu şeirdən xəbəri olmayıb. AFFA özünə borc bilərək, “mötəbər” turnir öncəsi ona bu şeiri bir neçə dəfə oxuyub. Amma Təbriz bəy federasiyanın qolunu boynuna salmaq təklifini geri çevirib, yadların qoynumuza girməsinə izin vermişdi.

 

Valentin Qranatkinin xatirə turnirində iştirak edən U-19 yığmamız son günlər mətbuatın ən çox tənqid obyektinə çevrilib. Əksəriyyət nəticəyə cavabdeh olan baş məşqçini də, AFFA-nı da qınayır. Səbəb də sirr deyil: Sankt-Peterburqa 5 milliləşdirilən futbolçu aparılmışdı. Halbuki, federasiya turnir öncəsi Həsənovdan nəticə tələb etməmişdi. AFFA rəhbərliyinin “yerli uşaqlara üstünlük verək” tövsiyəsinə qarşılıq baş məşqçi “nəticə göstərmək, çempion olmaq istəyirəm” cavabını vermişdi. Bundan sonra 5 Türkiyə əsilli oyunçunun (Mətin Gülər, İsmail Karakaş, Hüseyin Seyliğli, Barış Ekincier, Doğukan Öksüz) Rusiyaya gedişinə “ok” deyilmişdi.

 

Həsənov komandasını Sankt-Peterburqa çempionluq xəyalları ilə aparmışdı. Amma Azərbaycan futbolu arzularla yox, reallıqla barışmalıdı. Komanda o qədər də güclü sayılmayan qrupda 1 xal topladı, sonuncu yeri tutdu. Azərbaycan futbolunun reallığı da məhz budu.

 

Həsənov AFFA-nın üzünü ağ edə bilmədiyi kimi, onun güvəndiyi legionerlər də Təbriz bəyi üzünü ağ eləmədi. Buna görə isə onun kimisə günahlandırmağa haqqı yoxdu. Litva ilə (1:2) ilk qarşılaşmada 5 milliləşən futbolçunu ilk dəqiqələrdən meydana buraxdı, matçın gedişində 3-nü əvəzlədi. Yaxşı futbolçunu kim əvəzləyər? Məşqçi isə məğlubiyyəti nə özündə, nə də futbolçularda gördü. Dedi ki, bəxtimiz gətirmədi, rəqib 2 zərbə vurub qalib gəldi, hakim penaltimizi vermədi və s.

 

Qazaxıstanla ikinci görüşdə də (2:2) fərqli bir şey görmədik. Bu dəfə 4 legioner ilk dəqiqədən meydanda oldu, digəri isə (İsmail Karakaş) 23-cü dəqiqədə komanda yoldaşını əvəzləyib, son dəqiqələrdə özü əvəzləndi. Həmin “beşlik”dən ikisi sona qədər oyunda qaldı. Həsənov bu dəfə rəqibi təriflədi və azərbaycanlıların çoxluq təşkil elədiyi müdafiə xəttindən narazılıq bildirdi. Yenə standart cümləsini işlətdi: “Rəqib 2 zərbəyə 2 qol vurdu”.

 

Qrupun son görüşündə Slovakiyaya 0:1 hesablı məğlubiyyətin günahını isə qara pişiyin üzərinə atdı. Çünki özündən başqa tənqid olunası adam qalmamışdı. Sən demə, yollarına qara pişik çıxdığı üçün 3 oyunda 9 xal toplaya bilməyiblərmiş. “Qrupun ən güclüsü idik” deyib, sonuncu yeri tutan məşqçini də ilk dəfədi görürük. Dediyinə görə, futbolçuları gəncdi, təcrübəsizdi. Bəlkə digər komandalar əsas yığma ilə gəliblər, onlarda gənc, təcrübəsiz yoxdu, biz bilmirik?

 

Təbriz Həsənov bizə “möhtəşəm” qələbə sevincini 9-16-cı yerlər uğrunda digər qrupun autsayderlərindən olan İran üzərində yaşatdı (1:0). Bax, indi inandıq ki, karyerası titullarla “zəngin” məşqçinin yetirmələri gələcəkdə kimisə məğlub edə biləcək. Təbii ki, məhəllə komandaları ilə oynasalar.

 

U-ları əlcək kimi dəyişən Həsənovda AFFA hansı ləl-cəvahiri gördüyünü, nədənsə açıqlamaq istəmir. U-15 və U-17-dən sonra U-19-u da “yarıdan” Təbriz Həsənov bu gedişlə AFFA-da Bakıdan Təbrizə qədər olan piyada yolu qət edəcək, hələ üstəlik, U-21-ə də keçəcək. Axı komandasının nəticələrinə, qoynumuza saldığı yadların hüsnünə baxdıqca doymayır gözü.

 

P.S. Yerli futbolçuları “itirməyi” adət halına salan Həsənov hətta bir ara oğurluqda ittiham edilmişdi. Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu sosial şəbəkədə “Təbriz Həsənov öncə futbolçulara verilən “snikers” şokoladını evinə yığıb aparmasın” yazmaqla məşqçini futbolçuların qidalarını mənimsəməkdə suçlamışdı.

0