[b]Azərbaycan millisinin baş məşqçisi istefa verdi[/b]
16.01.2017 - 15:29
[b]Azərbaycan millisinin baş məşqçisi istefa verdi[/b]

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Ziller Junior Milton Luiz postundan ayrılıb. Apasport.az xəbər verir ki, o, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib. 

 

AFFA rəhbərliyi baş məşqçinin xahişini nəzərə alaraq, ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Qısaca Miltinyo adı ilə tanınan braziliyalı çalışdırıcı millimizin baş məşqçisi postuna ötən ilin mayında gətirilmişdi. O, bu postda ispaniyalı Tino Peresi əvəzləmişdi.

 

Miltinyonun rəhbərliyi altında ötən ilin sentyabr-oktyabr aylarında dünya çempionatında iştirak etmiş yığmamız Kolumbiyadakı yarışda özünü yaxşı tərəfdən göstərə bilmişdi. Belə ki, millimiz mundialın ¼ final mərhələsinə qədər irəliləyərək, tarixi nəticəyə imza atmışdı. Komandamız startda Afrika çempionu Mərakeşi darmadağın etdikdən (5:0) sonra Asiyanın ən güclüsü İranla qollu (3:3) bərabərliyə qalmışdı. Avropa çempionu İspaniya ilə başabaş mübarizə aparılmasına baxmayaraq, daha təcrübəli rəqib 4:2 hesablı qələbəyə sevinmişdi. Qrup ikincisi qismində mərhələ adlamış komandamız 1/8 finalda Tailand üzərində (13:8) qələbə qazanaraq, yoluna davam etmişdi. Lakin 1/4 finalda Portuqaliya önünə çıxan millimiz 2:3 hesablı məğlubiyyətlə üzləşərək, mundialla vidalaşmışdı.

0