[b]Mahir Məmmədov ittihamlara cavab verdi: Heç bir ölkədə belə hal yoxdu[/b]
16.01.2017 - 17:44
[b]Mahir Məmmədov ittihamlara cavab verdi:  Heç bir ölkədə belə hal yoxdu[/b]

“Vasif Durarbəyli təhsili ilə bağlı ABŞ-da yaşayır. Buna baxmayaraq, ABŞ-da olduğu müddətdə milli komanda və klub səviyyəsində keçirilən yarışlara cəlb olunub, bu turnirlərdə iştirakla bağlı lazım olan bütün vəsaitlər ödənilib”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib.

 

Məmmədov şahmatçı Vasif Durarbəylinin atası Sabir Ələkbərovun saytımızda dərc olunan fikirlərinə münasibət bildirib. AŞF-nin vitse-prezidenti vurğulayıb ki, Durarbəyli 2014-cü ildən etibarən təhsili ilə bağlı Amerika Birləşmiş Ştatlarında yaşayır və nadir hallarda Azərbaycana gəlir: “Durarbəyli Bakı Şahmat Olimpiadası zamanı ölkəmizin kişi şahmatçılardan ibarət ikinci komandasında çıxış edib. O, Bakı Şahmat Olimpiadasıyla əlaqədar yığma üzvlərinə verilən təqaüddən kənarda qalmayıb. Durarbəyli daim Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunan təlim-məşq toplanışlarında iştirak edib. Onun ABŞ-dan Bakıya gəlib-getmə xərclərini də federasiya ödəyib. Birləşmiş Ştatlara yollanmazdan əvvəl Şahmat Federasiyası mütəmadi olaraq Vasif Durarbəylini təqvimə uyğun olaraq vacib hesab edilən yarışlarda, o cümlədən təlim-məşq toplanışlarında iştirakını təmin edib”.

Şahmatçının atasının mənzillə bağlı dediyi fikirlərə gəlincə, AŞF-nin vitse-prezidenti bunları söyləyib: "Hamıya məlumdu ki, Azərbaycan prezidenti İlham Əliyev yüksək nailiyyətlər əldə edən idmançı və məşqçilərin sosial durumunu diqqətdə saxlayır. Hər ilin sonunda dövlət başçısının şəxsi təşəbbüsü ilə idmançılara mənzil təqdim olunur. Dünyanın heç bir ölkəsində belə hal yoxdu. İndiyə qədər ölkəmizin tanınmış şahmatçılarının əksəriyyəti federasiyanın Gənclər və İdman Nazirliyinə təqdimatı əsasında evlə təmin edilib. Durarbəyli tərəfindən mənzillə bağlı Şahmat Federasiyasına heç bir yazılı və ya şifahi müraciət olunmayıb. Son olaraq ötən ilin noyabrında qadın şahmatçılardan ibarət millinin üzvü Gülnar Məmmədova mənzil probleminin olmasını federasiyaya bildirib. Əgər Durarbəyli tərəfindən AŞF-yə müraciət olunacaqsa, bu məsələ diqqətdən kənarda qalmayacaq. İlin sonunda nəticələrlə yanaşı mənzillə bağlı müraciətlər də müzakirə edilir. Müsbət rəy alan müraciətlər barədə növbəlilik prinsipiylə Gənclər və İdman nazirliyinə təqdimat göndərilir”.

0