[b]“Saat və eynək mənim “zəif yerim”di” – Rüstəm Orucov[/b]
17.01.2017 - 10:39
[b]“Saat və eynək mənim “zəif yerim”di” – Rüstəm Orucov[/b]

Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov ifdcouncil.org saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı cüdoçu maraqlı məqamlara toxunub.

 

- Cüdonu nə vaxt həyat tərzinə keçirməyə qərar verdiniz?

- 7 yaşımda cüdo ilə məşğul olmağa başladım. Məktəbi bitirəndə başa düşürdüm ki, yolumu seçməli, ya idmanın, ya da universitetin dalınca getməliyəm. İndiki kimi güclü və tanınmış deyildim. Amma həmişə bir şeydən əmin olmuşam ki, o da mənə motivasiya verib. Bu da ölkəmi Olimpiadada təmsil etmək və olimpiya medalı qazanmaq istəyi idi. Bir sözlə, arzumun izi ilə getməyə qərar verdim və idman akademiyasına daxil oldum. Həmin vaxtdan həyatımın hər bir gününü idmana həsr etdim.

 

- Günü adətən necə keçirirsiz?

- Düzünə qalsa, bu, olduğum yerdən və qrafikimdən asılıdı. Yarışlarla əlaqədar çoxlu səfərlər etmişik. Evdə olanda səhər saat 07:00-da yuxudan oyanıram, 1 saat sonra isə stadionda məşqlərim başlayır. Bir saat qaçdıqdan sonra trenajor zalında məşqi davam etdirirəm. Adətən gün ərzində 5 saatı məşqlərə həsr edirik.

 

- Qazandığınız uğurların əsas açarı nə olub?

- Mənim “uğur açarı”m nailiyyət qazanan digər insanların “uğur açarı” ilə eynidi; ağır məşqlər, sona qədər mübarizə aparmaq, sınmamaq. Yalnız bu halda Allah sizi işinizə görə qiymətləndirəcək.

 

- Sizin üçün ən böyük nailiyyət nə olardı?

- Gələcəklə bağlı planlarım çoxdu. Amma indiki məqamda olimpiya “qızıl”ını qazanmağı deyərdim.

 

- Ən böyük sınaq nəyi hesab edirsiz?

- Ən böyük sınaq ailəm, həyat yoldaşım və qızımdan kənarda olmağı hesab edirəm. Yarışlar öncəsi elə olur ki, aylarla toplanış keçirik və öz yaxınlarımızdan uzaqda oluruq.  

Başa düşəndə ki, ailədən nə qədər uzaqdasız, adam özündən çıxır. Ailəmdən ötrü darıxıram və evin həsrətini çəkirəm. Təbii ki, “Skype” vasitəsilə danışırıq. Amma mən kamera vasitəsilə danışmağı yox, canlı ünsiyyəti üstün tuturam.

 

- İdmançı üçün vacib şərtlərdən biri düzgün qidalanmadı...

- Düzgün qidalanma təkcə idmançılar üçün yox, hamı üçün vacibdi. Razıyam, idmançılar bu məsələdə daha diqqətli olmalıdılar. Qazlı su içmirəm, zərərli ərzaqlar yemirəm. Elə hal da olur ki, “hamburger”ə qarşı laqeyd qala bilmirsən (gülür). Hərənin bir cür pəhriz qaydası var. Mən meyvələr, salatlar yeyirəm, müxtəlif meyvə  şirələri içirəm.

 

- İdmanla məşğul olmağa başlayan gənclərə hansı məsləhəti verərdiz?

- Bir məqam var ki, onu etmədən idmanda böyük uğurlar qazanmaq mümkün deyil. Bu, ağır məşqlər və özünəinamdı. Özünəinam uğur əldə etmiş hər bir insanın həyatında böyük rol oynayır.

 

- Geyiminizlə də diqqət çəkirsiz. Hansı brendlərdən istifadə edirsiz?

- Dəblə geyinməyi sevirəm. Geyim seçimim gedəcəyim yerdən və kiminlə görüşəcəyimdən asılıdı. Baş geyimlərindən çox istifadə etməyi xoşlamıram. Saat və eynək mənim “zəif yerim”di. Bunlarsız evdən çıxmıram. “Armani” firmasının saatlarını çox bəyənirəm. Kostyum alanda da bu firmaya üstünlük verirəm. Eynək məsələsində isə “Ray-bans”ı seçirəm. Daha çox idman tərzində geyinməyi xoşlayıram.

 

- Eyni anda uğurlu idmançı, həmçinin sevimli ər və ata olmağı necə bacarırsız?

- Etiraf edim ki, bu, çox çətindi. Onların xoşbəxt olması üçün əlimdən gələni edirəm. Ailəm həmişə mənə anlayışla yanaşıb və bütün məsələlərdə dəstəkləyib. Onlar mənə inanırlar.


- Sizi kim və ya nə ilhamlandırır?

- Qızım. Vaxtımı onunla keçirəndə və gülüşünü görəndə hər şeyi unuduram, yorğunluq dərhal məndən uzaqlaşır. Uğurlarım ailəmi dünyanın ən xoşbəxt insanları edir. Onların gözlərində fəxr hissi, üzlərində təbəssüm görürəm. Bu da məni daha da ilhamlandırır.

 

0