[b]Millimizin yubiley gecəsi[/b]
17.01.2017 - 11:50
[b]Millimizin yubiley gecəsi[/b]

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Estoniya ilə bu gün baş tutacaq görüşü yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 9-12-ci yerlər uğrunda keçiriləcək matç təmsilçilərimizin bu turnirdə 40-cı sınağı olacaq.

 

Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki ənənəvi turnirdə 2009-cu ildə debüt edən komandamız indiyədək 39 qarşılaşmaya çıxıb. Müxtəlif illərdə bəzən  U-17, bəzən U-19 yığmamızla qatıldığımız yarışlarda 8 qələbəmiz var. 9-cu dəfə Rusiyanın Şimal paytaxtına yollanan millimiz qələbə qazansa, orta hesabla hər turnirdə 1 qalibiyyəti olacaq. Komandalarımızın rəqibləri isə 63 dəfə qapıçılarımızı məyus edib.

 

40-cı oyun öncəsi 15 heç-heçə və 16 məğlubiyyəti olan yığmamız yubiley qoluna da sevinə bilər. Çünki 39 matçda 39 dəfə rəqib qapısına yol tapan futbolçularımız 40-ın astanasındadı. Estoniyaya vurulacaq ilk top 40-cı görüşdə 40-cı olacaq.

 

Maraqlıdı ki, qeyri-rəsmi xal hesabımız da 39 oyundan sonra 39-a bərabərdi. Yəni 39 qolu 39 matçda vuran komandamız 39 xal toplayıb. Təbii ki, pley-off sistemindəki xallar da cəmlənməklə. Bir sözlə, 40-cı oyun digər yubileylər də vəd edir.

 

Qeyd edək ki, Azərbaycan – Estoniya oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0