[b]"Ruslan Abışovun insan kimi yeri görünür, amma..."[/b]
17.01.2017 - 12:02
[b]"Ruslan Abışovun insan kimi yeri görünür, amma..."[/b]

Bakının “İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Təlim-məşq toplanışının gedişi hansı fikirləri söyləməyə əsas verir?

- Hazırlıq iki mərhələdən ibarətdi. Birinci mərhələni Bakıda keçirdik. Əsasən fiziki məşqlər etdik. Türkiyədəki hazırlığımızda isə daha çox taktiki-texniki çalışmalara üstünlük verilir. Gün ərzində bir məşqlə kifayətlənirik. Artıq bir yoxlama oyunu da keçirmişik. Heyətimiz komplektləşib. İşlərin yaxşı getdiyini, əhval-ruhiyyənin yüksək olduğunu deyə bilərəm.

 

- “Ordabası” ilə keçirdiyiniz yoxlama oyunu hansı çatışmazlıq və üstünlüklə yadda qaldı?

- Yaxşı oynadıq. Baş məşqçimiz də belə deyir. Çox hərəkətli idik, qol vurmaq üçün imkanlarımız oldu. İstifadə edə bilməməyimiz texniki səhvlərin nəticəsi idi. Vacib olan odu ki, bu matçda taktiki planda hansısa səhvə yol vermədik. Texniki səhvləri aradan qaldırmaq mümkündü. Rəqibimiz Qazaxıstanın ortabab klublarından idi. Oyun günü səhər-səhər taktiki məşqimiz olmuşdu. Matçı yorğunluq fonunda keçirdik. Fərqlənə bilməsək də, yaxşı hücumlar qurduq. Baş məşqçinin tapşırıqlarını demək olar, yerinə yetirdik.

 

- Qış fasiləsində iki aparıcı futbolçu komandadan ayrıldı. Meydanda necə, onların yoxluğu hiss olunurdumu?

- İki futbolçunun getməsi həm hiss olunur, həm də yox. Amma konkretləşdirsək, hiss olunurdu. Həm Ağabala Ramazanov, həm də Ruslan Abışovun mövqeyində boşluq yaranmışdı. Əfsuslar olsun ki, klubun futbolçu transfer etməklə bağlı qadağası var. Gedənlərin yerini yeni oyunçularla doldura bilmirik. Amma əlimizi üzməmişik. Samir Zərgərov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Mirsahib Abbasov çalışacaq ki, onların mövqeyindəki boşluğu doldursunlar. Bu futbolçuların adlarını ona görə çəkdim ki, həmin oyunçular Ruslanla Ağabalanın mövqeyində çıxış edir. Məqsədimizdən dönməməli, irəliləməliyik. Geriyə yol yoxdu. Yolun yarısını layiqli şəkildə qət etmişik. Çətinliklər olub, güclü klublarla qarşılaşmışıq, üz-üzə gəlmişik. Başımızı dik tuta, hər birinin gözünün içinə baxa bilərik. Avrokuboklara vəsiqə qazanmaq üçün sona qədər mübarizəmizi davam etdirəcəyik.

 

- Əsasən də Ruslan Abışovun komandadan ayrılması birmənalı qarşılanmadı…

- Ruslanın gedişi komandaya mətbuatın şişirtdiyi qədər də faciəvi təsir göstərməyib. Onun mövqeyində yer alan Elnur Abdullayev hücumumuzu istədiyimiz kimi qururdu, Fuad Bayramov da həmçinin. Sadəcə, Ruslan texnikasına görə bir qədər fərqli futbolçudu. Təbii ki, insan kimi yeri görünür, dostumuz-qardaşımızdı. Amma hamı başa düşsün ki, “İnter”in əsas heyətindən 5 futbolçu ayrılsa da, mübarizəmizdən dönməyəcək, gedənlərin boşluq yaratmasına imkan verməyəcəyik.

 

- Əsas rəqiblərinizin güclənməsi sizi qorxutmur ki?

- Qorxan gözə çöp düşər. “İnter”in qorxu ilə işi yoxdu. Rəqibimiz güclənib, lap yaxşı, hörmətlə yanaşırıq. Meydanda rəqibimizin kim olmasının və heyətindən kimlərin yer almasının fərqi yoxdu. Bizi yolumuzdan heç nə döndərə bilməz.

 

- Qış fasiləsindən sonra “İnter”də eniş yaşana bilərmi?

- Xeyr. Bu haqda heç düşünməmişəm də. Əksinə, meydanda daha aqressiv, istəkli “İnter” görə bilərlər. Ola bilsin, təzyiq hiss edək, amma oyun planında bu, mümkün deyil.

 

- Mətbuatda “İnter”in gələcək taleyi ilə bağlı heç də xoş olmayan xəbərlər dolaşır. Bu cür amillər oyununuza təsir edə bilərmi?

- Futbolçular bu işə qarışmaq istəmirlər. Klubun hətta dağılmaq ehtimalı yaransa belə, may ayına qədər qalıb, vəzifəmizi yerinə yetirəcəyik. Futbolçu olaraq tapşırıqları yerinə yetiririk. Tapşırıq da avrokuboklara vəsiqə qazanmaqla bağlıdı. Bağlı qapılar arxasında hansı söhbətin getdiyi bizə heç maraqlı da deyil. Klubun bu günü, keçmişi, gələcəyi bizi düşündürməməlidi. Qarşıya qoyulan vəzifəni yerinə yetirdikdən sonra vaxtı çatanda klub rəhbərliyi ilə bu məsələ haqda da danışacağıq. Heyətimizdə olan 22-23 futbolçunu hazırda avrokuboklara vəsiqə qazanmaq və klubumuzu layiqincə təmsil etmək maraqlandırır. Adımızı həmin siyahıya yazmalıyıq. Düzdü, güclü klublarımız var, “transfer pəncərəsi”ndən maksimum istifadə ediblər. Digər tərəfdən, öz klubumun üzvlərinə də bələdəm. Etimadı doğrultmamaq üçün əsasımız yoxdu. 

 

 

 

0