[b]"Öz futbolçularını gətirib, pul qazanmaq istəyirdilər" - sabiq "neftçi"li[/b]
17.01.2017 - 14:06
[b]"Öz futbolçularını gətirib, pul qazanmaq istəyirdilər" - sabiq "neftçi"li[/b]

“Neftçi” və “Bakı” klublarında çıxış etmiş, hazırda “Sfıntul George” klubunda məşqçilik edən Moldova yığmasının sabiq yarımmüdafiəçisi Vadim Borets ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, Azərbaycanda keçirdiyi illəri də yada salıb.

 

- Futbolçu karyeranızda nə qədər kubok qazandığınızı xatırlayırsızmı?

- Tam yox. İki dəfə “Birlik kuboku”nun qalibi olmuşam: “Şerif” və Azərbaycanın “Neftçi” komandasının heyətində.

 

- Bundan əlavə, Moldova və Azərbaycanda həm çempion, həm də ölkə kubokunun qalibi adını qazanmısız...

- Bəli. Medallarım evdə qutuda “yatır”, onları nə edəcəyimi bilmirəm (gülür). Mən mükafatlarımı saymıram, həmişə irəli baxmağa öyrəşmişəm. Düzdü, vurduğum hansısa qolu yada salanda nostalji hisslər keçirirəm. Hollandiya ilə matçda vurduğum qoldan başqa da unudulmaz qollarım olub. Yadımdadı, “Neftçi”nin heyətində  Çempionlar Liqasında “Anderlext”lə qarşılaşırdıq. Evdə 2:0 hesablı qələbə qazandıq (“Neftçi” həmin oyunda 1:0 hesabı ilə qalib gəlib – red.). Həmin oyunda penaltini dəqiq yerinə yetirib, qol vurmuşdum. Həmin qolu tez-tez yada salıram, çünki vacib qol idi. Stadion tam dolmuşdu, insanları sevindirmişdim. Yeri gəlmişkən, Moldovadan kənara çıxmaqda mənə Leonid İstrati yardımçı olmuşdu. Əvvəlcə yarım illiyinə Polşaya yollandım, sonra isə Azərbaycana getdim. 8 ilim Bakıda keçdi. Ailəm hələ də bu şəhərdən ötrü darıxır. Şadam ki, mənə əvvəlcə “Neftçi”də, sonra isə “Bakı”da oynamaq qismət olub. Hər ikisi güclü, yaxşı komanda idi. 

 

- “Neftçi”də 4 il çıxış etdikdən sonra komandanızı dəyişmək istəmirdiz...

- Etiraf edim ki, “Neftçi”dən getməyi heç istəmirdim. Amma orda yeni komanda qurulurdu, yeni baş məşqçi gəlmişdi və onun öz planları var idi. Başa düşürsüz, bir yerdə çox qalanda adama rahat olur, insanlar səni tanıyırlar və çox şeyi bağışlayırlar. Tanınmadığım yerə getmək istəmirdim. Buna görə də, uzağa getmədim, paytaxtın digər komandası olan “Bakı” ilə müqavilə imzaladım.

 

- 2009-cu ildə “Bakı” Azərbaycan çempionu olanda məhz sizin qolunuz həlledici olmuşdu...

- Həmin vaxt “İnter”lə çempionluq mübarizəsi aparırdıq. Aramızda minimal xal fərqi var idi. Çempionatın sonuna bir-iki tur qalmış “Simurq”la oynayırdıq. Əlavə vaxtda fərqlənərək, komandamıza qələbə qazandırdım. Qol vurandan sonra hamı üstümə tullandı, elə sevinirdilər ki... Mən isə ən aşağıda, komanda yoldaşlarımın altında qalmışdım. Az qala nəfəsim kəsiləcəkdi. O qələbə sayəsində turnir cədvəlində irəlilədik və sonra bizə çatmaq mümkün olmadı.

 

- Lakin “Bakı”dakı sonrakı günləriniz heç də yaxşı keçmədi. Sizi Aleksey Savinovla birlikdə əvəzedici heyətə göndərdilər...

- Bəli, çox xoşagəlməz an idi. Vinfrid Şefer komandaya yeni gələndə məni və Savinovu çox tərifləyirdi. Amma futbolu biznes idarə edir. İnsanlar öz oyunçularını gətirməklə, pul qazanmaq istəyirdilər. Şeferin məni hesabdan silməsi xoşuma gəlmədi. Axı həmin vaxt təcrübəli futbolçu idim. Biz komanda ilə çempion olub, kubok qazanmışdıq. Məşqlərdə bütün gücümüzü qoyurduq. Bir dəfə məşq zamanı Şeferin gətirdiyi belçikalı futbolçu ilə bərk “tutaşdıq”. Özü də ikimiz də eyni mövqenin oyunçuları idik.  Bu hadisədən sonra məni və Savinovu bir həftəlik əvəzedici heyətə göndərdilər. Orda hər ikimiz qol vurduqdan sonra bizi geri qaytardılar.

 

- Şeferdən sonra “Bakı”nı Aleksandr Starkov çalışdırdı. Müsahibələrinizin birində eyni dildə danışacağınız məşqçinin komandaya gəlişinə görə sevindiyinizi demişdiz. Lakin yekunda bir-birinizi başa düşmədiz...

- Mən Starkovu başa düşmürdüm. Onu çoxdan tanıyırdım. Mən “Zimbru”da çıxış edəndə biz Starkovun çalışdırdığı “Skonto” klubunu 2:0 hesabı ilə məğlub etmişdik. Starkov “Bakı”ya gələndə komandada yalnız məni tanıyırdı. Azərbaycanda yaxşı nüfuzum var idi. Starkov məni çağırdı və dedi: “Vadim, mənə kömək edin. Biz komanda qurmalıyıq”. Sonra yenə maliyyə sualı ortaya çıxdı və özü gətirdiyi futbolçulara maraq artdı. Amma mənə heç nə edə bilmədi. Çünki klubla müqaviləm var idi. Komandadan göndəriləcəyim halda, mənə təzminat ödənilməli idi. Bunu Starkovun üzünə dedim: “Bakı” mənim sonuncu komandamdı, karyeramı bitirirəm və mənim klubla hələ müqaviləm var”.

 

- Starkovun vaxtında “Bakı”nın heyətində az-az oynayırdız. Elə deyilmi?

- Başlanğıcda normal idi, amma sonra... Mən oynamaq istəyirdim. Məndən olsaydı, 40 yaşıma kimi futbol oynayardım. Komanda ilə birlikdə təlim-məşq toplanışına yollandıq. Starkovun köməkçisi hazırda “Daçiya”da işləyən İqor Klesov idi. Onun təklifi ilə futbolçular məşqlərdə hər dəfə fərqli heyətlərdə yer alırdılar. İkitərəfli oyun keçirirdik və hansı heyətin qalib gəldiyini özümüzdə qeyd edirdik. Mən 37 yaşımda komandanın ən yaxşı oyunçusu seçilmişdim. Bu onu göstərir ki, var gücümlə məşq edirdim və yaxşı formada idim. 

0