Azərbaycan çempionu “Qarabağ” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası Buxarest “Styaua”sı ilə qarşılaşıb.
Rumıniya çempionatında 21 turdan sonra 40 xal toplayan “Styaua” qış fasiləsinə II pillədə yollanıb. Laurentiu Regekampfın çalışdırdığı komanda lider “Vitorul”dan 2 xal geri qalır.
Əsası 1947-ci ildə qoyulan “Styaua” bu il iyunun 7-də 70 yaşını qeyd edəcək. Buxarestlilər rekord sayda - 26 dəfə Rumıniya çempionu adını qazanıblar. 14 dəfə ölkə çempionatının gümüş medallarını qazanan “Styaua” 22 dəfə Rumıniya kuboku, 6 dəfə isə Superkubokun qalibi olub. “Qarabağ”ın rəqibi bu yarışlarda da rekord göstəricilərə imza atıb.
Görüş ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Dino Ndlovu və Muarrem Muarrem vurub.
Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama görüşündə Albaniyanın “Şkenderbeu” klubuna 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
18 yanvar
“Qarabağ” – “Styaua” - 2:0
Qollar: Dino Ndlovu, 26, Muarrem Muarrem, 59