“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture Çindən aldığı sərfəli təklifi qəbul etməyib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu Asiyaya köçmək istəməyib.
Belə ki, “transfer bazarı”nda fəallıq göstərən çinlilər Yaya Tureni də transfer etmək istəyiblər. Adı açıqlanmayan klub təcrübəli futbolçuya həftəlik 430 min funt-sterlinq məvacib verməyə hazır olduğunu bildirsə də, Ture qarşı tərəfə “yox” cavabı verib.
Məlumatı futbolçunun meneceri Dmitri Selyuk da təsdiqləyib.
Turenin “Mançester Siti” ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Qaydalara əsasən, o, sözləşməsinin sonuna 6 ay qalmış istədiyi klubla rəsmi danışıqlar apara bilər. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Ture ilə münasibətlərinin yaxşılaşmasına baxmayaraq, ona gələcəyi ilə bağlı zəmanət verməyib. “Mançester Siti” rəhbərliyinin futbolçuya yeni sözləşmə təklif edib-etməyəcəyi bilinmir. Buna rəğmən, Ture ən azı yaya kimi hazırkı komandasında qalmağı məqsədəuyğun sayıb.
Bu isə o deməkdi ki, çinlilərin ümidi yaya qalıb. Əgər “Mançester Siti” mövsümün sonunda Ture ilə əməkdaşlığı davam etdirmək istəməsə, Asiya təmsilçisi yenidən hərəkətə keçəcək və 33 yaşlı futbolçunu heyətinə havayı qatmaq imkanı qazanacaq.
Qeyd edək ki, karyerası ərzində “Beveren”, “Metallurq” (Donetsk), “Olimpiakos”, “Monako” və “Barselona” klublarının da formasını geyinmiş Yaya Ture 2010-cu ildən “Mançester Siti”də çıxış edir.