[b]"Fənərbaxça" ilə oyuna narazı çıxmışdıq" - LAYİHƏ[/b]
21.01.2017 - 13:00
[b]"Fənərbaxça" ilə oyuna narazı çıxmışdıq" - LAYİHƏ[/b]

Apasport.az saytı bu gündən etibarən AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqaməti üzrə silsilə yazılara start verir. “Futbol tariximizin unudulmazları” adlı layihənin ilk yazısı "Avropaya açılan pəncərə: “Turan” cığıraçan rolunda" mövzusu altında Azərbaycanın klub səviyyəsində avrokuboklarda debütünə həsr olunur.

 

Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməsinə baxmayaraq, 1993/94 mövsümününün gedişində AFFA Avropanın futbol qurumu olan UEFA-nın üzvü kimi təsdiqlənib. Bu isə o demək idi ki, çempion olacaq komanda tarixdə ilk dəfə ölkəmizi avrokubokda təmsil edəcəkdi. "Turan", "Qarabağ" və "Kəpəz" arasında gedən gərgin mübarizənin sonunda birincilər 50 xalla ölkə çempionluğunu, eyni zamanda Avropa arenasında iştirak hüququnu qazandılar.

 

Həmin vaxt Azərbaycanın Avropada reytinqi sıfıra bərabər idi. Həmçinin UEFA-nın qaydalarına əsasən, klubların nəticələrinə görə hazırlanan reytinq cədvəlində yalnız ilk 24 yeri tutan ölkələrin çempionları Çempionlar Liqasında iştirak edə bilərdilər. Bu üzdən Azərbaycan çempionu "Turan" 1994/95 mövsümündə birbaşa Çempionlar Liqasında yox, UEFA Kubokunda mübarizəyə qoşulmalı oldu.

 

12 günlük səfər və Sumqayıtda tarixi an

Debüt mövsümündəki rəqib Türkiyə təmsilçisi "Fənərbaxça" idi. İlk qarşılaşma avqustun 9-da "Şükrü Saraçoğlu" stadionunda keçirilməli idi. Ancaq komandamız qonşu ölkəyə görüşdən 12 gün öncə yollanmışdı. "Turan"ın həmin vaxtkı prezidenti Vidadi Əhmədovun şəxsi əlaqələri sayəsində Ankarada Tovuz təmsilçisinin təlim-məşq toplanışı keçməsinə şərait yaradıldı. Buna baxmayaraq, debüt ili, beynəlxalq təcrübənin olmaması öz təsirini göstərməyə bilməzdi. Nəticədə İstanbuldakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatdı.

 

Komandalar arasındakı cavab görüşü isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna təyin olunmuşdu. Çünki həmin illər Tofiq Bəhramov adına Respublika stadionu UEFA-nın standartlarına cavab vermirdi. Arenanın ətrafı alver meydanı idi, tribunası, ot örtüyü, paltardəyişmə otağı hazır durumda deyildi. UEFA nümayəndələri də Sumqayıt stadionuna baxış keçirərək, qarşılaşmanın orda oynanılmasına qərar vermişdilər. Bununla Mehdi Hüseynzadə adına stadion avrokubok çərçivəsində ilk matçı qəbul etməklə tarixə düşdü. Görüş isə son dəqiqələrdə 2 cavabsız qol vuran "Fənərbaxça"nın qalibiyyəti ilə nəticələndi.


Oyunların protokolu

 

“Fənərbaxça” – “Turan” - 5:0

Qollar: Bülənt Uyqun, 16; Aykut Kocaman, 43, 66; Brayan Nilsen, 82; Aygün Taşkıran, 89

“Fənərbaxça” (Türkiyə): Engin İpəkoğlu, Kəmaləttin Şəntürk, Müjdat Yetkiner, Tayfur Havutçu, Semih Yuvakuran (Nuri Kamburoğlu, 71), Mecnur Çolak (Aygün Taşkıran, 80), Brayan Nilsen, İlkər Yağcıoğlu, Toprak Kirtoğlu, Bülənt Uyqun, Aykut Kocaman

Baş məşqçi: Holqer Osiek

“Turan” (Azərbaycan): Nizami Sadıqov, Hüseynqulu Quliyev, Elşad Əhmədov, Gennadi Drozdov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev (Bəxtiyar Musayev, 70), Vəli Hüseynov, Mirbağır İsayev (İlham Məmmədov, 46), Rüfət Quliyev, Qurban Qurbanov, Musa Qurbanov

Baş məşqçi: Kazbek Tuayev

Sarı vərəqələr: Məqsəd Yaqubəliyev, Rüfət Quliyev, Nizami Sadıqov, Vəli Hüseynov

Hakim: Atanas Uzunov (Bolqarıstan)

9 avqust 1994-cü il. İstanbul, “Şükrü Saraçoğlu” stadionu

 

“Turan” – “Fənərbaxça” – 0:2

Qollar: Ali Nail Durmuş, 83 (pen.); Bülənt Uyqun, 87

“Turan” (Azərbaycan): Nizami Sadıqov, Hüseynqulu Quliyev, Gennadi Drozdov, Azad Mütəllimov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov (Mirbağır İsayev, 75), Vidadi Rzayev, Rüfət Quliyev (Bəxtiyar Musayev, 75), İlham Məmmədov, Musa Qurbanov

Baş məşqçi: Kazbek Tuayev

“Fənərbaxça” (Türkiyə): Engin İpəkoğlu, Kəmaləttin Şəntürk, Tayfur Havutçu, Semih Yuvakuran, Nuri Kamburoğlu, İlkər Yağcıoğlu, Oğuz Çətin, Toprak Kirtoğlu, Brayan Nilsen (Ali Nail Durmuş, 67), Bülənt Uyqun, Aykut Kocaman (Aygün Taşkıran, 56)

Baş məşqçi: Holqer Osiek

Sarı vərəqələr: Məqsəd Yaqubəliyev, Musa Qurbanov, Rüfət Quliyev

Baş hakim: Lübomir Puçek (Çexiya)

23 avqust 1994-cü il. Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu

 

"Donub qalmışdı, ağzını açıb tribunaya baxırdı"

"Turan"ın həmin vaxtkı liderlərindən olan Musa Qurbanov Türkiyə səfərinin təəssüratlarını bizimlə bölüşüb. Sabiq hücumçu "Şükrü Saraçoğlu" stadionunda azarkeşlərin yaratdıqları atmosferi belə izah edib: "Əvvəla, ilk dəfə idi Azərbaycanı avrokuboklarda təmsil etdiyimiz üçün çox qürurlu idik. Mən də daxil olmaqla, bir neçə futbolçu sovet dönəmində böyük auditoriya qarşısında oynamışdıq. Amma bəzi oyunçularda həyəcan var idi. "Şükrü Saraçoğlu"da qarşılaşmadan əvvəl isinmə hərəkətləri edəndə komanda yoldaşlarımızdan biri donub qalmışdı, həyəcandan ağzını açıb tribunaya baxırdı. Gedib çağırdıq ki, ay kişi, bəsdi, gəl məşqini elə. Koridorla irəliləyib meydançaya girəndə yaşanan atmosferi təsvir eləmək mümkün deyil. Elə bil stadion yanırdı, ağzına qədər dolmuşdu. Həyatımızda belə bir şey görməmişdik. Azarkeşlər əllərində petardalarla arenanı qorxulu hala salmışdılar. Qəribə ab-hava yaranmışdı".

 

"Təsir altında qalıb ansambldan ayrı düşmüşdülər"

Qurbanov qarşılaşmadan əvvəl "Turan"da ən sakit adamın baş məşqçi Kazbek Tuayev olduğunu deyib. O, baş məşqçinin onları sakitləşdirmək üçün bir neçə variantdan istifadə etdiyini də sözlərinə əlavə edib: "Baş məşqçimiz həmişə olduğu kimi sakit, öz tərzində tapşırıqlar verirdi. Kazbek müəllim deyirdi ki, oynamaq lazımdı, qorxmaq yox. Futbolçuları sakitləşdirməyə çalışırdı. Bizi inandırmaq istəyirdi ki, rəqibdən zəif deyilik, oynaya bilərik. Amma mən də daxil olmaqla, heç birimizin avrokubok təcrübəmiz yox idi. Buraxdığımız qollara baxsanız, bunu aydın görərsiniz. Adi səhvlərdən qollar vuruldu. Bunda təcrübəsizlik də, diqqətsizlik də müəyyən rol oynadı. Buna baxmayaraq, qaçırdıq, döyüşürdük. Əslində, matça yaxşı başlamışdıq, daha çox hücum edən tərəf biz idik. Amma tribunaların təsiri altında qalan 1-2 nəfər ansambldan ayrı düşmüşdü. "Fənərbaxça"nın sol cinah müdafiəçisi var idi, Semih Yuvakuran. 30-dan çox yaşı olsa da, matçın müqəddəratını, demək olar ki, o həll elədi".

 

"Dedilər ki, bir qol vursan, Türkiyədən təklif gələcək"

Türkiyədə ən çox diqqət mərkəzində olan futbolçu da məhz Musa Qurbanov olub. Çünki o, 35 qolla Azərbaycan çempionatının bombardiri adını qazanmışdı. Müxtəlif televiziya verilişlərinə qatılan Qurbanovla hətta şərt də kəsiblərmiş: "Türkiyəlilərin ən çox maraqlandıqları futbolçu mən idim. Gündə bir verilişə dəvət edirdilər. "Show TV"yə, ATV-yə çağırırdılar. Həmin vaxt çempionatın bombardiri, onların dili ilə desək, Azərbaycanın "qol kralı" olmuşdum. Mənə dedilər ki, bir qol vursan, sənə Türkiyə komandalarından təklif olacaq. Ancaq vura bilmədim. Halbuki bunun üçün imkanlarım oldu. Xeyli təhlükəli hücum etmişdik. Mənim 1-2 qol şansım yarandı. Bir epizodda zərbəmi qapıçı "doqquzluq"dan çıxardı. Qol vurmağı çox istəyirdim. Bəzi epizodlarda fərdi oynamağım, bəlkə də, bundan qaynaqlanırdı. Həmişə istəkli oynamışam, amma bu dəfə fərqli idi".

 

"Uduzmaya bilərdik"

Keçmiş bombardir Sumqayıtda keçirilən cavab matçındakı məğlubiyyəti isə ani diqqətsizliklə əlaqələndirib: "Həm İstanbuldakı, həm də Sumqayıtdakı görüşdə təcrübəsizliyin qurbanı olduq. Əslində, öz meydanımızda uduzmaya bilərdik. İlk qola qədər üstünlük bizim tərəfimizdə idi. Məqsəd Yaqubəliyevin, Vidadi Rzayevin qol imkanları oldu. Son dəqiqələrdə müdafiəçimizin lazımsız yerdə kobudluğu rəqibə penalti qazandırdı. Bu qoldan sonra hamımız qabağa qaçdıq, onlar isə bundan yararlanıb daha bir qol vurdular".

 

"Əsl qardaş münasibəti gördük"

"Turan"ın ən sadiq futbolçularından biri sayılan Nizami Sadıqova isə "Şükrü Saraçoğlu"da çərçivədə durmaq nəsib olub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının da siyahısına düşən Sadıqov "Fənərbaxça" ilə görüşdən əvvəl İstanbul nəhənginin əzəli rəqibi "Qalatasaray"la keçirdiyi oyunu izlədiklərin bildirib: "Müharibə dönəmindən təzə çıxmışdıq. Matçdan xeyli əvvəldən təlim-məşq toplanışı keçmək üçün qonşu ölkəyə yollandıq. Türkiyədə bizi çox yüksək səviyyədə qarşıladılar. Ankarada, Qızılcahamamda qaldıq. Həqiqətən də, əsl qardaş münasibəti gördük. Sonra gəlib məşqlərimizi İstanbulda davam etdirdik. Orda olduğumuz müddətdə kubok oyunu keçirilirdi. Gedib "Fənərbaxça" - "Qalatasaray" matçına baxdıq. Həmin oyundan sonra rəqib barədə daha çox təəssüratımız oldu, hansı səviyyədə olduqlarını gördük".

 

"Hay-küy bir tərəfdən, petardalar bir tərəfdən..."

Sadıqov təcrübəsizliklə yanaşı, rəqibin kifayət qədər güclü olmasını da xüsusi vurğulayıb: "Avropa arenasında ölkəmizi ilk dəfə təmsil etdiyimiz üçün məsuliyyət həddən artıq idi. Türkiyədə böyük ajiotaj, atmosfer gördük. Həmin atmosferin içində ayaqda durmaq çətin idi. O vaxt "Fənərbaxça"da oynayan futbolçular bir neçə milli komandanın formasını geyinirdilər. Heyətlərində Brayan Nilsen var idi, Danimarka millisi ilə Avropa çempionu olmuşdu. Həmçinin Türkiyə yığmasının aparıcı oyunçuları bu komandada cəmləşmişdilər. Yəni səviyyə fərqi hiss olunurdu. Təbii ki, 30 min azarkeşin qarşısına çıxmaq asan deyildi. Hay-küy bir tərəfdən, yandırılan petardalar bir tərəfdən. Əslində, pis də oynamadıq. Ancaq Avropa təcrübəsinin olmaması öz sözünü dedi. Hesabın böyük olmasında da həyəcan, təcrübəsizlik daha çox rol oynadı. Məsələn, Sumqayıtdakı oyunumuz tam fərqli idi. Göstərdik ki, oynamaq olar. Qol vəziyyətlərimiz oldu. Musa Qurbanovun, Qurban Qurbanovun, Məqsəd Yaqubəliyevin, Rüfət Quliyevin imkanları yarandı. Ancaq istifadə edə bilmədik".

 

"Biz çempion olmuşduqsa, niyə avrokubokda başqası oynamalı idi?"

Sonuncu həmsöhbətimiz Məqsəd Yaqubəliyev isə nəticənin altında gizlənən əsas səbəblərdən birinin futbolçular arasında narazılığın yaranması olduğunu düşünür. Sən demə, həmin vaxt heyətə yeni oyunçuların cəlb olunması köhnələrə mənfi təsir göstərib: "O vaxt "Turan" müəyyən futbolçuların xidmətindən istifadə edib, çempion oldu. Heyət də göz qabağında idi. Təbii ki, ilk dəfə idi Avropa arenasına çıxdığımız üçün hamı komandanın güclü olmasını istəyirdi. Təlim-məşq toplanışı zamanı əlavə oyunçular gətirildi. Bu da futbolçulara psixoloji cəhətdən pis təsir etdi ki, əziyyət çəkib titulu biz qazanmışıqsa, niyə bəhrəsi olan avrokubokda başqası oynamalıdı? O vaxt futbolda peşəkarlıq indiki kimi inkişaf eləməmişdi. Futbolçu baxışı belə idi. Aramızda söz-söhbətlər olurdu. Oyuna da rəhbərlikdən narazı çıxmışdıq. Fikrimcə, məhz bu narazılıq həmin vaxt oyunumuza dolayı yolla təsir etdi. Motivasiyamız, psixoloji durumumuz yüksək səviyyədə olsaydı, müsbət nəticə ala bilərdik. Əslində, peşəkarlıq baxımından rəhbərlik həmin vaxt heyəti gücləndirməklə gözəl addım atmışdı. İndi püxtələşmiş mütəxəssis kimi bunu deyirəm. Amma futbolçu gözü ilə məsələ başqa cür görünür. Belə olanda da oyunçu ilə hansısa psixoloji iş aparılmalıdı ki, bunu dərk etsin, deməsin ki, niyə mən oynamıram? Ancaq narazı qaldığın zaman bütün varlığını ortaya qoya bilmirsən. Məhz bu amil "Fənərbaxça" ilə ilk görüşdə potensialımızdan maksimum istifadə etməyimizə mane oldu".

 

"Qanadım yox idi uçum"

Türkiyədə futbola sevgidən ağızdolusu danışan Yaqubəliyev qardaş ölkədə gördüklərini hələ də unuda bilmir: "Türkiyə çempionatına baxanda görürsünüz ki, komandalar oyuna necə gəlirlər, azarkeşlər tribunalarda hansı çılğınlıqları edirlər. Onlar futbolun sevildiyini, hörmətə layiq olduğunu göstərirlər. Bizi də həmin vaxt "Şükrü Saraçoğlu" stadionuna polislərin müşayiəti ilə gətirdilər. Paltardəyişmə otağına girəndə dedilər ki, elə bu formada çıxın meydana, ab-hava ilə tanış olun. Matçın başlamasına hələ saat yarım vaxt var idi. Meydana çıxanda gördük ki, tribunalarda boş yer qalmayıb. Petardalar yanır, azarkeşlər dayanmırdılar. Bircə qanadım yox idi ki, uçum. Bu özü istənilən idmançıya yüksək nailiyyət qazanmaq yolunda böyük stimuldu. Həmin səhnə gözümün qabağından getmir. İnsan belə atmosferə düşəndə daxilən qürrələnir, seçdiyi sənətə daha da vurulur. Düşünürsən ki, aldanmamışam, dünyaya ikinci dəfə gəlsəm, yenə bu sahəni seçərəm. Çünki orda baş verənlər insana tam fərqli hisslər yaşadır. O zövqü, ləzzəti başqa sahədə yaşaya bilmirsən".

 

"Düşünürdük ki, elə çempionatdakı kimi oynayarıq"

Onun fikrincə, "Fənərbaxça"ya böyükhesablı məğlubiyyətin digər səbəbi yüksək tempdə oynamağa öyrəşməmələri idi: "Bir faktı deyim ki, orda ilk sarı vərəqəni alan futbolçu mən oldum. Sumqayıtda da "sarı" almışdım. Həmin vaxt imkanlı klublarımızdan biri də biz idik. Amma kənara çıxmadığımızdan, beynəlxalq təcrübəmiz olmadığından, Avropa futbolunun tempini bilmirdik. Düşünürdük ki, elə çempionatda oynadığımız kimi çıxış edərik. Amma onların böyük sürətlə hücum qurmaları, eyni sürətlə geri qayıtmaları bizə yad idi. Orta sahə oyunçusu idim və meydanda çox işləməyi sevirdim. Amma o tempə çatdıra bilmədiyimdən, ilk sarı vərəqəni almalı oldum. Bu da beynəlxalq təcrübəmizin olmamasından, böyük oyunlarda iştirak etməməyimizdən qaynaqlanırdı. "Fənərbaxça"ya məğlubiyyətimizin səbəblərindən biri də bu idi".

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0