[b]“Qəbələ”nin hazırlıq planları dəyişdi[/b]
22.01.2017 - 00:00
[b]“Qəbələ”nin hazırlıq planları dəyişdi[/b]

Türkiyədə hazırlıqlarını davam etdirən “Qəbələ” planlarında dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, yanvar ayının 25-nə qədər Antalyada qalmağı və 5 yoxlama matçı keçirməyi planlaşdıran “qırmızı-qaralar” bu oyunlardan birindən imtina edib.

 

Bu barədə saytımıza klubun meneceri Səbuhi Səfiyarlı açıqlama verib. Klub rəsmisi bildirib ki, buna səbəb komandada oyunçuların zədəli olmasıdır. Belə ki, Baqali Dabo və Məhəmməd Mirzəbəyovun zədələnməsindən sonra Elvin Camalovun da xəsarət alması Roman Qriqorçuku sonuncu hazırlıq matçı fikrindən daşındırıb.

 

Komanda Antalyaya yollanmamışdan qabaq 3 sınaqçı rəqibin kimliyi açıqlanmış, 4-cü komanda isə orda məlum olmuşdu. Məlum qərardan sonra isə artıq 5-ci sınaqçının axtarışına gərək qalmayıb.

 

Qeyd edək ki, bu vaxta qədər Antalyada 3 yoxlama oyunu keçirən “Qəbələ” Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a (1:0) qalib gəlib, Qazaxıstan “Ordabaşı”sı ilə isə heç-heçə (0:0) oynayıb. Sonuncu rəqib isə Makedoniyanın “Şkendiya” klubu olacaq. Görüş yanvarın 23-də keçiriləcək.

0