[b]AFFA “hə” desə, Prosineçki “Bursaspor”a gedəcək[/b]
24.01.2017 - 09:22
[b]AFFA “hə” desə, Prosineçki “Bursaspor”a gedəcək[/b]

“Bursaspor” klubu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl çəkmir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar”ın prezidenti Ali Ay xorvatiyalı mütəxəssislə hələ də danışıqları davam etdirdiklərini bildirib.

 

Ay Prosineçki ilə görüşmək üçün Azərbaycana iki nümayəndə göndərdiklərini və ilk danışıqların müsbət nəticələndiyini açıqlayıb. O, hətta Prosineçkinin bu gün Türkiyəyə yollanacağını da istisna etməyib: “Gündəmə gətirilən 20 məşqçidən ikisi Mutlu Topçu və Samet Aybaba qaldı. Onlarla danışığım da oldu. Ancaq son olaraq Prosineçki variantının üzərində dayandıq. Xorvatiyalı mütəxəssis 4 dil bilir, hər kəs onun karyerasına bələddi. Azarkeşlərimizin arzuladığı oyunu oynadan, istəkli məşqçidi. Klub rəsmilərindən gələcək cavabı gözləyirik. İlk görüş müsbət keçib”.

 

Danışıq üçün hazırda Bakıda olan “Bursaspor”un futbol şöbəsinin müdiri Yüksəl Çolak isə türkiyəli həmkarlarımıza açıqlamasında gecə saatlarında Prosineçki ilə görüşdüklərini söyləyib: “Hələlik danışıq müsbət məcrada gedir. Bizə xoş davrandı, “Bursaspor”a gəlmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını bildirdi. Ancaq onun Azərbaycan millisi ilə müqavilə müddəti davam edir. Yığmadan pis atmosferdə ayrılmaq istəmir. Federasiya prezidenti ilə görüşəcək, burdakı missiyasının bitdiyini və ayrılmaq istədiyini deyəcək. Bir tərslik çıxmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq”.

 

“Bursaspor” tərəfi Prosineçki ilə ilk görüşdən sonra ümidli görünsə də, xorvatiyalı mütəxəssis saytımıza açıqlamasında onların təklifini rədd etdiyini bildirib. O, DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər Azərbaycan millisinin “sükanı arxası”nda olacağını deyib. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da məlumatı təkzib edib və Prosineçkinin “Bursaspor”a keçidinin qeyri-mümkün olduğunu söyləyib.

 

Qeyd edək ki, “Bursaspor” Hamza Hamzaoğlunun istefasından sonra baş məşqçisiz qalıb.

0