[b]“Prosineçki etikadan uzaq hərəkət edib” – türkiyəli mütəxəssis[/b]
24.01.2017 - 11:25
[b]“Prosineçki etikadan uzaq hərəkət edib” – türkiyəli mütəxəssis[/b]

“Bursaspor”un Robert Prosineçki ilə maraqlanması xəbərini bu gün mətbuatdan öyrəndim. Açığı, klubun bu məşqçidə israrlı davranması məni təəccübləndirir”. Bunu apasport.az saytına açıqlamasında “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy deyib.

 

Türkiyəli mütəxəssis “Bursaspor”un Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıq aparmasına münasibət bildirib. Şensoy bu addımın etikadan uzaq olduğunu düşünür.

 

Təcrübəli məşqçi bu məsələyə görə, həm “Bursaspor” klubunu, həm də Prosineçkini qınayıb: “Əvvəla Azərbaycan millisi ilə müqaviləsi qüvvədə olan bir məşqçi ilə maraqlanmaq “Bursaspor” rəhbərliyinin yanlış yolda olduğunu göstərir. İkincisi, heç kim durduğu yerdə hansısa mütəxəssislə maraqlanmaz. Əgər Prosineçki də onlara keçidlə bağlı bir siqnal veribsə, çox yanlış və idman etikasından uzaq hərəkət edib”.

 

Şensoy xorvatiyalı mütəxəssisin elə də ciddi uğurunun olmadığını vurğulayıb: “O qədər məşqçi olduğu bir vaxtda klubun bu mütəxəssisdə israrlı olması çox qəribədi. Çünki Prosineçkinin Türkiyədə daha əvvəl çalışdığı dönəmdə əllə tutulacaq konkret bir uğuru da olmayıb. Ancaq etiraf etmək lazımdı ki, Azərbaycan millisinin son illər qazandığı uğurlu nəticələrdə onun payı böyükdü. Yəni, bu baxımdan Prosineçkinin haqqını vermək lazımdı”.

 

Qeyd edək ki, Naci Şensoy 2002/03, 2004/05 mövsümlərində və 2012-ci ildə ölkəmizdə “Turan” klubunu çalışdırıb.

 

0