[b]Prosineçki “Bursaspor”a keçməyə... - Çalışır [/b]
24.01.2017 - 14:04
[b]Prosineçki “Bursaspor”a keçməyə... - Çalışır [/b]

“Bursaspor” məsələyə son dərəcə peşəkar yanaşır. Prosineçki özü də keçidin alınmasında maraqlıdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə “Bursaspor” arasındakı danışıqlarda yaxından iştirak edən Yaşar Çalışır deyib.

 

Xorvatiyalı mütəxəssisin meneceri olan Çalışır Türkiyənin “ajansspor.com” saytına son durumla bağlı məlumat verib. O bildirib ki, Prosineçkinin “Bursaspor”a keçmək ehtimalı heç də az deyil.

 

Çalışır əlavə edib ki, Prosineçki “Bursaspor”a keçəcəyi təqdirdə, klub buna görə təzminat ödəməyəcək: “Prosineçki Azərbaycanda çox sevilir. Buna görə də, heç kimin xətrinə dəymək istəmir. Burdakı insanların qəlbini qırmadan bir çarə axtarırıq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə danışıqlarımız davam edir. İddia edildiyindən fərqli, müqaviləsindən qaynaqlanan təzminat problemi yoxdu”.

 

O, hətta xorvatiyalının eyni anda hər iki komandanı çalışdırmasının mümkünlüyünü də vurğulayıb: “Azərbaycan yığmasının mart ayında Almaniya ilə seçmə mərhələ matçı baş tutacaq. Bəlkə də, həmin vaxta qədər Azərbaycan yığması ilə “Bursaspor”u eyni anda çalışdırdı. Bu, mənim təklifimdi. Tərəflər məsələyə isti baxırlar”.

 

Təcrübəli mütəxəssisin təmsilçisi bildirib ki, görüş zamanı “Bursaspor” rəsmilərini təəccübləndirib: “Prosineçki Türkiyə futbolu ilə bağlı geniş məlumata malikdi. Bu, “Bursaspor” rəsmilərini təəccübləndirdi. Rəhbərliyin onunla bağlı düşüncələri müsbətdi. Bu gün və ya sabah bir nəticəyə nail olmağa ümid edirik. Prosineçkinin “Bursaspor”a keçmək ehtimalı hazırda 50 faizdi”.

 

Qeyd edək ki, “Bursaspor”un İdarə Heyətinin üzvü Yüksəl Çolak və meneceri Hüseyin Gedik Prosineçki ilə danışıq aparmaq məqsədilə Bakıdadılar.

0