[b]“Seminardan sonra voleybola sevgi daha da artacaq”[/b] - FOTOSESSİYA
28.01.2017 - 14:40
[b]“Seminardan sonra voleybola sevgi daha da artacaq”[/b] - FOTOSESSİYA

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycanda yenilik tətbiq edərək, Avropa çempionatı öncəsi ölkəmizdə ilk dəfə məşqçilərə beynəlxalq sertifikat verəcək. Apasport.az saytı xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası, Milli Olimpiya Komitəsi və Azərbaycan Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən, Bakıda seminarlar artıq start götürüb.

 

Bu gün Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov, seminarın ölkəmizdə keçirilməsinə rəhbərlik edən Nərgiz İsmayılova, Təhsil İdman Şöbəsindən isə Valentina Sultanova seminar iştirakçıları və seminarı keçirəcək şəxslərlə görüşüblər. 30-a yaxın məşqçi və müəllimlərin iştirak etdiyi seminarı Avropa Voleybol Konfederasiyasının “CEV inkişaf mərkəzi”nin meneceri Vuk Karanoviç və FİVB məşqçi-instruktor Papa Georgeous keçirir.

 

Baş katib Elşən İsmayılov öz çıxışında 2017-ci ilin Azərbaycan, ən əsas da voleybol üçün çox önəmli il olduğunu vurğulayıb: “Qarşıda bizi çox böyük yarışlar gözləyir və mən düşünürəm ki, bu cür seminarlar bizim üçün çox vacibdi. Bakıda seminar 30 yanvar tarixində sona çatacaq və seminar rəhbərləri Azərbaycanda “2017 Voleybol Avropa Çempionatının” keçiriləcəyi ən gözəl şəhərlərimizdən biri olan Göygölə yola düşəcəklər”.

 

Nərgiz İsmayılova isə bütün işirakçılara uğurlar arzu edib: “Sonda bütün iştirakçılar beynəlxalq sertifikat əldə edəcək. Avropa Voleybol Konfederasiyasına minnətdarlığımızı bildiririk ki, belə böyük bir seminarın keçirilməsi üçün bizə şans verib və bu şans eyni qaydada Gürcüstan üçün də keçərlidi. Bu seminar ilk başlanğıcdı. Qarşıda bizi böyük işlər gözləyir. Çünki, bu seminar 4 müxtəlif mərhələlərdən ibarətdi. Sonuncu mərhələ sentyabr ayında keçiriləcək Avropa çempionatından öncə olacaq. Mən düşünürəm ki, biz böyük uğurlara imza atacağıq”.

 

Sonda seminarı idarə edən Vuk Karanoviç və Papa Georgeous da öz sözlərini deyiblər. Karanoviç bildirib ki, voleybol Azərbaycanda populyar idman növüdü: “Düşünürəm ki, bizim keçirdiyimiz seminardan sonra voleybola olan sevgi daha da artacaq. Çünki 8-10 yaşlı oğlan və qızlara voleybolu sevdirmək və öyrətməyin yollarından danışacağıq. Hər bir iş üçün ən önəmli olan onun bünövrəsidi. İdmanın bünövrəsi də orta məktəblərdə qoyulmalıdı. Alacağınız sertifikatlar sizi gələcəkdə məşqçi, menecer olaraq işləməyiniz üçündə keçərli olacaq”.

 

Papa Georgeous isə bunları deyib: “Voleybolu çox təbliğ etsək, bir o qədər uğur qazanarıq. Bunu oyrənmək üçün bura toplaşmışıq. Siz də öz təkliflərinizi bildirəcəksiniz. Sizin deyəcəkləriniz voleybol üçün uğurlu ola bilər. Ona görə də, dərslərimiz dialoq şəklində keçiriləcək”. 

 

Qeyd: Fotolar İslam Atakişiyevə məxsusdu. 

0