[b]Qızıla bərabər tur: kim şanslıdı?[/b]
02.02.2017 - 11:50
[b]Qızıla bərabər tur: kim şanslıdı?[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Azərreyl” Voleybol Mərkəzində baş tutacaq hər iki matç xüsusi əhəmiyyətə malikdi. 

 

Belə ki, günün ilk qarşılaşmasında “Lokomotiv” “Azəryol”u sınağa çəkəcək. “Dəmiryolçular” ilk 2 dövrədə olduğu kimi, yenə də məğlub olacaqları halda medal qazanmaq şanslarını, demək olar ki, “dəfn” edəcəklər. Düzdü, əsasən şagirdlərlə oynayan Vüqar Əliyevin komandasının qarşısında ilk “üçlüy”ə düşmək şərti də qoyulmayıb. Onlar çempionatda təcrübə toplayıb, yığma üçün yetişməlidilər.

 

Bundan yararlanmağa çalışacaq “Azəryol” isə tarixində yeni səhifə açmağa yaxındı. Çünki hələ medal qazanmayan Eldar Yusubovun başçılıq etdiyi klub Super Liqada ilk uğurunun astanasındadı. Belə deməyə FİVB və CEV-in yer təyinetmə üzrə yeni qaydaları əsas verir.

 

Maraqlıdı ki, yeni reqlament günün mərkəzi görüşündə - “Azərreyl” – “Telekom” qarşılaşması da böyük ölçüdə çempionluq yolunda mühüm addım olacaq. Çünki yerlər qələbə sayı ilə müəyyənləşir ki, burda da “dəmiryolçular”ın məğlubiyyəti rəqibinin xeyrinə işləyə bilər. Amma bu heç də inandırıcı görünmür. Famil Ağayevin yetirmələri ilk 2 dövrədəki xal itkilərini sığortalamağa çalışacaqlar. Onlar özləri də yaxşı bilirlər ki, “Telekom” uğurlu seriyanı davam etdirərsə, çempionluq titulunu “hədiyyə” etmək təhlükəsi ilə üzləşəcəklər.

 

Lakin təcrübəli Zoran Qayiçin də rəqibə qarşı fərqli taktika seçəcəyi gözləniləndi. Serbiyalı mütəxəssis də bu günün işini sabaha qoymamaq iddiasındadı. O, həmçinin çempionluqla ötənilki finalın revanşını almaq və məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək arzusundadı. Hər halda, ilk 2 dövrədəki kimi, görüşün tay-brekə qədər uzanması istisna deyil. Əsas odu ki, azarkeşlər baxımlı oyun üçün Voleybol Mərkəzinə yollana bilərlər.

 

Təbii ki, qızıl və bürünc medalların bir addımlığında olan müvafiq olaraq, “Telekom” və “Azəryol”un növbəti görüşlərdə məğlubiyyəti istəklərini puç edə bilər. Lakin onların potensialını nəzərə alsaq, bu bir qədər inandırıcı deyil. Həmçinin “Azərreyl”in də çempionluq şansı əsas rəqibi ilə mübarizədə az deyil. Onlar da bunu qiymətləndirməyə çalışacaqlar desək, yanılmarıq.

 

Gürcüstan yığmasının isə nəinki mükafat, xal qazanması belə, sensasiya kimi dəyərləndiriləcək.

 

 

3 fevral

16:00. “Lokomotiv” – “Azəryol”

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Lokomotiv” – “Azəryol” - 0:3 (16:25, 11:25, 15:25)

II dövrə: “Azəryol” - “Lokomotiv” - 3:0 (25:8; 25:9, 25:11)

 

18:00. “Azərreyl” – “Telekom”

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (26:24, 26:24, 20:25, 14:25, 13:15)

II dövrə: “Telekom” - “Azərreyl” - 3:2 (25:19, 15:25, 23:25, 25:23, 16:14)

 

 

Telekom

9

9

0

27-9

846-666

24

Azərreyl

8

6

2

22-8

697-530

19

Azəryol

9

4

5

18-15

724-646

13

Lokomotiv

8

2

6

7-19

441-603

6

Gürcüstan

8

0

8

1-24

357-620

0

 

0