[b]“Açılış mərasimində böyük ulduz olmayacaq” - nazir[/b]
06.02.2017 - 11:52
[b]“Açılış mərasimində böyük ulduz olmayacaq” - nazir[/b]

“Açılışda böyük şou olacaq. Bu, sürprizdi”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində nitq söyləyən Rəhimov mayın 12-də təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə bağlı danışıb.

 

O, tamaşaçıları sürpriz gözlədiyini söyləyib: “Orda hansısa böyük ulduz olmayacaq. Tam ayrı səpgidə hazırlanan şoudu. Ümumi məlumat verməliyəm ki, dünyada Top-10 müğənnilər var. Hər kəsə də bəllidi ki, həmin Top-10 müğənnilərin qonorarı rədbirin mahiyyətindən asılı olaraq 30 min – 1 milyon arası dəyişir. İkinci dərəcəli müğənnilər də var ki, 30 minə qədər maliyyə tələb edirlər. İslam Həmrəyliyi Oyunlarında Azərbaycana nə Top-10-da olan, nə də ikinci dərəcəli müğənnilər gələcək. Çünki açılış və bağlanış mərasiminin formatı fərqlidi. Bu elə bir formardı ki, orda müğənnilərin iştirakı gözlənilmir. İnanıram ki, açılış mərasimi təkcə Azərbaycanın deyil, bütün dünyanın xoşuna gələcək. Bağlanış mərasimi də elə olacaq. Lakin bəzi yerli ulduzlar burda mahnı oxuya bilərlər”.

 

Nazir tanınmış müğənni Ledi Qaqaya Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimində 1 milyon dollar verilməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O, bunun kommersiya sirri olduğunu açıqlayıb: “Ledi Qaqa Top-10-da olan müğənnidi. Onun tədbirlərdə iştirakı ölkələrə dəvətinə görə 30 min – 1 milyon arası dəyişir. Azərbaycan tərəfindən ona nə qədər maliyyə ayrıldığını deyə bilmərik. Çünki bu, kommersiya sirridi”.

 

Qeyd edək ki, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları 12-22 may aralığında keçiriləcək.

0