[b]"Paltardəyişmə otaqlarına çarpayı qoyub, qaz çəkirdik, "obed"i universitetdə edirdik" - LAYİHƏ[/b]
09.02.2017 - 10:17
[b]"Paltardəyişmə otaqlarına çarpayı qoyub, qaz çəkirdik, "obed"i universitetdə edirdik" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin dördüncü yazısı müstəqillik illərində Azərbaycan çempionatlarında çıxış etmiş “Xəzər”lərə həsr olunur.

 

25 illik çempionat tarixində 4 “Xəzər” ölkə birinciliyində mübarizə aparıb. Bunlar Sumqayıt və Lənkəran “Xəzər”ləri, paytaxtın “Xəzər Universiteti” və bu adın ən qürurlu daşıyıcısı “Xəzər Lənkəran”dı.

 

Xəzərin “udduğu” "Xəzər"lər layihə yazısında adları sadalanan komandaların tarixinə nəzər salacaq, onların ən uğurlu baş məşqçilərinin fikirlərinə yer verəcəyik.

 

“Xəzər” (Sumqayıt)

Sumqayıtda ilk peşəkar futbol komandası 1960-cı ildə “Metallurq” olub. Sonrakı illərdə bu klub sponsor dəyişiklikləri ilə əlaqədar “Temp”, “Kimyaçı”, “Polad” və “Xəzər” adlandırılıb. 1970-ci illərin sonlarında maliyyə böhranı ucbatından fəaliyyətini dayandıran “Xəzər” 1986-cı ildə “Şəfəq” adı ilə qayıdıb. İki ildən sonra yenidən “Xəzər” adlanmağa başlayan klub yerli zavodlar tərəfindən maliyyələşdirilib. 1991-ci ildə Azərbaycan SSR-in qalibi olan “Xəzər” II diviziona vəsiqə əldə etsə də, imperiyanın çöküşü sumqayıtlıların arzusunun gerçəkləşməsinə mane olub. Heyət qorunub saxlanıldığından, ilk müstəqil Azərbaycan çempionatında “Xəzər” uğurlu çıxışla yadda qalıb. Yaşar Vahabzadə, Nazim Əliyev, Vaqif Sadıqov kimi təcrübəli futbolçuların da parlaq çıxışı sayəsində Sumqayıt təmsilçisi gümüş medala layiq görülüb. 26 komandanın mübarizə apardığı birincilikdə yalnız “Neftçi”dən geri qalan “Xəzər”də hücumçu Nazim Əliyev 39 qolla ilk bombardir kimi tarixə düşüb. Sabir Əliyevin çalışdırdığı kollektivin ölkə kubokunda yolunu yarımfinal mərhələsində “İnşaatçı” kəsib. Penaltilər seriyası sayəsində finala adlayan “İnşaatçı” sonda kubokun sahibi olub. Növbəti ildə sumqayıtlılar yenə çempionluq şansını son anda əldən veriblər. Fərqli formatda keçirilən yarışda B qrupunu ikinci pillədə tamamlayan komanda yarımfinalda “Kəpəz”i (0:0, penaltilərlə 4:3) üstələsə də, qızıl medal uğrunda “Qarabağ”la keçirilən final görüşündə məğlubiyyətə düçar olub. Komanda ardıcıl iki gümüş medaldan sonra bir qədər zəifləyib ki, nəticədə 1993-94 mövsümünü 4-cü pillədə başa vurub. Ancaq ciddi maliyyə böhranının yaranması aparıcı futbolçuların gedişinə səbəb olub. Əsasən yerli gənclərin ümidinə qalan Sabir Əliyevli “Xəzər” 1994-95 mövsümündə 13 komanda arasında 12-ci yeri tutub və aşağı liqaya yuvarlanıb. Amma klub fəaliyyətini dayandırmaq qərarına gəlib. Şəhər rəhbərliyi “Sumqayıt” adlı komanda yaradıb və onu I divizionda mübarizəyə qoşub. 1998-ci ildə komanda “Kimyaçı” adını daşımağa başlayıb. 2001-ci ildə Sabir Əliyev yenidən “Xəzər”i yaradıb və komanda I divizionda mübarizə apardığı ilk ilindəcə elitaya yüksəlib. Ölkə futbolunda məcburi yaranmış birillik fasilədən sonra “Xəzər” 2003-04 mövsümündə yüksək dəstədə çıxış edib. Lakin sponsorun sözünə əməl etməməsi Əliyevin heyəti gücləndirməsinə imkan verməyib. Nəticədə 15 klub arasında 12-ci olan “Xəzər” mövsümün sonunda bir daha qayıtmamaq şərti ilə dağılıb.

 

Elitadakı nəticələri:

 

Mövsüm

Çempionat

O

Q

H

M

T/F

X

Yer

1992

Yüksək dəstə, A qrupu

24

21

1

2

68-6

43

2/13

 

1-12-ci yerlər uğrunda

12

6

2

4

32-18

14

5/12

 

Yekun nəticə

36

27

3

6

100-24

57

2/26

1993

Yüksək dəstə, B qrupu

18

11

2

5

29-15

24

2/10

 

Yarımfinal və final oyunları

2

1

0

1

4-4

3

2/4

1993-94

Yüksək dəstə

30

13

9

8

44-31

35

4/16

1994-95

Yüksək dəstə

24

3

1

20

18-78

7

12/13

2003-04

Yüksək dəstə

26

7

1

18

32-77

22

12/15

 

"Heç nəyə yaramayan sponsor tapdıq"

Sumqayıt “Xəzər”i dedikdə, ağıla gələn ilk şəxs Sabir Əliyev olur. Hələ SSRİ dönəmindən komandanın “sükanı arxası”nda olan Əliyev yerli azarkeşlərə iki dəfə gümüş medal sevinci yaşadıb. Təcrübəli mütəxəssis həmin illəri belə xatırlayır: “1988-ci ildən “Xəzər”də olmuşam. O vaxt komandaya Sovet hökuməti baxırdı. Amma 1992-ci ildən klub kimi fəaliyyət göstərməyə başladıq. Həmin vaxtlar maliyyə cəhətdən heç bir çətinliyimiz olmayıb. Kluba müxtəlif yerli zavodlar sponsorluq edirdilər. O dövrdə ən çox maaş alan futbolçular bizdə idi. Kələ-kötür də olsa, təbii ortüklü yaşıl meydançalarda oynayırdıq. İlk iki mövsümdə gümüş medal qazandıq. 1993-94 mövsümündə 4-cü yeri tutduq. Yaxşı nəticələr qazandığımızdan, sumqayıtlılar komandanı çox sevirdilər. Şəhərdə futbola maraq böyük idi. Sonradan maddi problemlər yarandı, nəticədə klub fəaliyyətini dayandırdı. Sonra şəhər rəhbərliyi tərəfindən “Sumqayıt” klubu yaradıldı, bir müddət sonra adını dəyişib “Kimyaçı” elədilər. 2001-ci ildə yenidən “Xəzər”i bərpa elədim. Sponsor da tapdıq, amma heç nəyə yaramayan bir sponsor oldu. Buna baxmayaraq, komandanı yüksək liqaya çıxardım və sonra oranı tərk elədim. Klubun 75 faizini yeni sponsora verdim, 25 faizini özümdə saxladım. Amma onların heç bir maddi köməkliyi olmadı. Sadəcə, şəhər rəhbərliyi tərəfindən yüngül köməklik edildi. “Xəzər”dən ayrılandan sonra “Gənclərbirliyi”ni yaratdım və onu da yüksək liqaya daşıdım.

Yaşar Vahabzadə, Vaqif Sadıqov, Nazim Əliyev, Azər İsayev, Elxan Həsənov kimi tanınmış futbolçular o vaxt “Xəzər”in formasını geyiniblər. Bundan əlavə, Azad Mütəllimov, Vüqar İsmayılov, Aqil Məmmədov, Kamal Quliyev, İsmayıl Məmmədov kimi yerli uşaqlar “Xəzər”in üzə çıxardığı futbolçular olub”.

 

“Xəzər” (Lənkəran)

İlk müstəqil çempionatın iştirakçılarından biri də Lənkəran “Xəzər”i olub. Hələ SSRİ dönəmindən fəaliyyət göstərən cənub klubu Azərbaycan çempionatını elə də yüksək səviyyədə keçirməyib. Əsasən yerlilərlə çıxış edən komanda birinci mövsümün ortabablarından olub. 1992-ci il mövsümünə Namiq Qarayevlə başlayan “Xəzər” çox keçmədən bu posta Ağadadaş Həmidovu gətirib. İlk “13-lüy”ə girə bilməyən klub ikinci “13-lük”də mübarizə aparıb və orda hamını qabaqlayıb. Növbəti mövsümdə 20 komanda iki qrupa bölünüb və qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanıblar. A qrupunda yer alan “Xəzər” isə “Kəpəz”, “Turan” və “Neftçi”dən geri qalıb. 1993-94 mövsümündə də çempionatda iddiasını ortaya qoya bilməyən “Xəzər” 9-cu yerlə kifayətlənib. Ancaq tarixinin ən böyük uğurunu ölkə kubokda qazanıb. Belə ki, Sumqayıt “Xəzər”i və “Qarabağ”ı mübarizədən kənarlaşdıran Həmidovun kollektivinin kuboku qazanmasına finalda “Kəpəz” imkan verməyib (0:2).

1994-cü ildə şəhər icra başçısının dəyişməsi komandanın taleyinə də ciddi şəkildə təsir göstərib. Buna qədər Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşən “Xəzər”ə yeni başçı pul verməkdən imtina edib. Nəticədə aparıcı futbolçularla yollarını ayıran və gənclərin ümidinə qalan cənublular 1994-95 mövsümünün aşkar autsayderinə çevriliblər. Bu, 24 matçın cəmi 1-də qələbə üzü görən komandanın elitadakı son mövsümü olub. Bundan sonra Lənkəranın ikinci komandası olan “Çeşmə”nin adı dəyişdirilib və “Xəzər” olub. Ancaq cənub təmsilçisi elə aşağı liqalarda mübarizə aparmaqla məşğul olub və 2002-ci ildə birdəfəlik dağılıb.


Elitadakı nəticələri:

 

Mövsüm

Çempionat

O

Q

H

M

T/F

X

Yer

1992

Yüksək dəstə, A qrupu

24

8

5

11

23-34

21

9/13

 

13-26-cı yerlər uğrunda

14

9

3

2

17-10

21

1/13

 

Yekun nəticə

38

17

8

13

40-44

42

15/26

1993

A qrupu

18

8

5

5

23-20

21

4/10

1993-94

Yüksək dəstə

30

10

9

11

47-36

29

9/16

1994-95

Yüksək dəstə

24

1

3

20

7-67

5

13/13

 

“Yeni icra başçısı pul buraxmadı, komanda dağıldı”

İlk mövsümündən “Xəzər”i çalışdıran Ağadadaş Həmidovun bu komandada əməyi danılmazdı. Sonradan yaranmış “Xəzər Lənkəran”da da çalışmış Həmidov bu komandanın sələfinin uğursuz çıxışını maliyyə ilə əlaqələndirib: “Xəzər” SSRİ dönəmindən var idi. Müstəqilliyin ilk ilindən də ölkə birinciliyində çıxış etməyə başladı. Həmin mövsümün gedişində məni baş məşqçi təyin etdilər. Heyətdə Mircəlal Əliyev, Elxan Həmidov, Fazil Əliyev, Məhərrəm Bağırzadə kimi futbolçular var idi. O vaxtlar pul, forma baxımından heç bir problem olmayıb. Futbolçular maaşlarını, mükafatlarını vaxtlı-vaxtında alırdılar. Hətta 1993-94 mövsümündə ölkə kubokunun finalına qədər irəlilədik. “Xəzər”in çempionatda yüksək yerlərdə qərarlaşmamasının səbəbi digər komandalarda daha yaxşı maliyyə imkanının olması idi. Həmçinin “Kəpəz”, “Qarabağ”, “Turan”, “Neftçi” kimi güclü klublarla rəqabət aparmaq asan deyildi. O vaxt komandamız büdcədən maliyyələşirdi, nəzarət icra başçısında idi. Ancaq sonra Dilrubə Camalova icra başçısı seçildi və o, 1994-cü ildə komandaya pul buraxmaq istəmədi. Nəticədə 1995-ci ilin çempionatında çıxış etmədik. Əsas kollektivimiz respublika birinciliyində oynayanda “Çeşmə” adında bir komandamız da var idi ki, o, I dəstədə çıxış edirdi. Uşaq çox olduğundan, iki komanda yaradılmışdı. Əsas komanda dağılandan sonra “Çeşmə”nin oyunçuları “Xəzər” adı ilə aşağı liqada çıxış etməyə başladılar”.

 

“Xəzər Universiteti”

Özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetinin təsisçisi və ilk rektoru Hamlet İsaxanlı 1997-ci ildə eyni adlı komanda yaratmaq qərarına gəlib. Həmin vaxt I divizion olmadığından, ilk iki mövsümü həvəskarlar liqasında keçirən “Xəzər Universiteti” ölkə kubokuna qatılsa da, ilk mərhələdəcə mübarizəni dayandırıb. Komanda 1999-cu ildə elitada debüt etmək imkanı qazanıb. Doğrudu, ilk mövsüm uğursuz alınıb. Belə ki, universitet klubu 12 komanda arasında 11-ci yeri tutub. Əsasnaməyə görə, turnir cədvəlini son 2 pillədə tamamlayan komandalar aşağı liqaya yollanmalı idilər. Ancaq sonda “Xəzər Universiteti” yüksək dəstədə saxlanılıb. Növbəti mövsüm isə komanda 7-ci yerlə kifayətlənib. İlk iki mövsümdə “universitetlilər” yenə ölkə kubokunda 1/8 finaldan o tərəfə gedə bilməyiblər. Qalmaqallı 2001-02 mövsümünün birinci mərhələsini 6-cı yerdə tamamlayan “Xəzər Universiteti” ilk “altılıq”da mübarizə aparmalı olub. Ancaq II mərhələdəki ilk 3 turdan sonra bütün klublar AFFA-ya etiraz əlaməti olaraq çempionatda və kubokda mübarizəni dayandırıblar. Birillik fasilədən sonra Azərbaycanda futbol yenidən bərpa edilib. Olduqca uğurlu mövsüm keçirən “Xəzər Universiteti” 4-cü yeri tutaraq tarixində ilk dəfə avrokubokda iştirak hüququ qazanıb. “İntertoto” kubokunun ilk mərhələsində Avstriya təmsilçisi “Bregents”lə qarşılaşan bakılılar səfərdə 0:4 hesabı ilə məğlub olsalar da, rəqib sifariş olunmamış futbolçular oynatdığından, “Xəzər Universiteti” texniki qələbəyə sevinib. Cavab görüşündə minimal hesabla qalib gələn təmsilçimiz növbəti mərhələdə Finlandiya “Tampere”sinə “ilişib”. Bakıdakı 1 qollu qələbə mərhələ adlamaq üçün kifayət etməyib. “Xəzər Universiteti” bununla avrokubokda bir mövsümdə 3 qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. Ancaq tezliklə “Xəzər Universiteti” adı da tarixin yaddaşına həkk olub. Çünki 2004-cü ilin yayında klubun hüquqlarını alan Beynəlxalq Bank ad dəyişikliyinə gedərək, “Xəzər Universiteti”ni “İnter”ə çevirib və komandanı ölkə çempionatına buraxıb.

 

Elitadakı nəticələri:

 

Mövsüm

Çempionat

O

Q

H

M

T/F

X

Yer

1999-2000

Yüksək dəstə

22

5

3

14

19-41

18

11/12

2000-01

Yüksək dəstə

20

9

2

9

26-38

29

7/12

2001-02

Yüksək dəstə, I mərhələ

22

11

3

8

33-24

36

6/12

 

1-6-cı yerlər uğrunda

3

0

1

2

1-3

1

6/6

2003-04

Yüksək dəstə

26

15

6

5

43-16

51

4/15

 

"Klub prezidentini nəticə maraqlandırmırdı"

İkinci mövsümün dövrələrarası fasiləsində "Xəzər Universiteti"nin "sükanı arxası"na gətirilən Böyükağa Ağayev həmin vaxt üzləşdikləri çətinliklərdən və bunun öhdəsindən necə gəlmələrindən danışıb: “2000-01 mövsümünün ikinci dövrəsindən "Xəzər Universiteti"ndə işləməyə başladım. Klub prezidenti Hamlet İsaxanlı ilə söhbətimiz oldu. Onu nəticə elə də maraqlandırmırdı, əsas məqsədi yerli gəncləri yetişdirmək idi. Dedim ki, bu, vaxt tələb edən işdi, qısa müddətdə istəyini gerçəkləşdirmək mümkün deyil. Mənə vaxt verəcəklərini bildirdi, sözünün də üstündə durdu. Kollektiv təcrübəsiz gənclərdən qurulmuşdu. Onların ustalıq səviyyəsini qaldırmaq üçün ikiqat çalışmaq tələb olunurdu. Gündə iki məşq keçməyimiz vacib idi. Bunun üçün şərait yaradılmasını istədim. Məşq keçməyə meydança, qalmağa yer lazım idi. Oteldə qalmaq da mümkün deyildi. Zabrat stadionunda iki böyük paltardəyişmə otağı var idi. Qış ayı olduğundan, o otaqlara çarpayı qoyduq, qaz çəkdik. Uşaqlarla daha çox ünsiyyətdə olmaq istəyirdim, təkcə məşqlə kifayətlənmək fikrində deyildim. Mənə də belə bir şərait yaradıldı. Səhər məşqindən sonra uşaqlar avtobusla universitetə gedirdilər, orda "obed" edib qayıdırdılar. İkinci məşqə qədər də hazırladığımız otaqlarda istirahət edirdilər. Saat 5-də ikinci məşqi keçir, sonra onları evə buraxırdım. Bunun bəhrəsini ikinci dövrədə gördük, çox xal topladıq. Uşaqlarda özünəinam yarandı. Çempionat dayandırılan 2001-02 mövsümündə də yaxşı çıxış edirdik. "Altılıq" mərhələsində "Şəfa" ilə keçirdiyimiz matçın son dəqiqələrində qapımıza olmayan penalti verdilər. Ondan sonra da çempionat dayandırıldı. Həmin vaxtlar toplanışa gedə bilmirdik. Amma son ildə Hamlet müəllim İrana getməyimizə şərait yaratdı. Orda 3-4 yoxlama görüşü keçirdik. Ümumiyyətlə, nə Hamlet İsaxanlı, nə də onun qardaşı olan vitse-prezident İsaxan müəllim işimizə qarışırdı. Onların dəstəyi, yaratdıqları şərait sayəsində "İntertoto" kubokunda mərhələ adladıq, Bakıda qəbul etdiyimiz hər iki komandanı məğlub etdik. 2004-05 mövsümünün əvvəlində isə Beynəlxalq Bank komandanı aldı və adını dəyişərək "İnter" etdi".

 

“Xəzər Lənkəran”

2004-cü ildə Lənkəran futbolunda yenidən canlanma yaranıb. Tanınmış iş adamı Mübariz Mənsimovun yaratdığı komanda özündən əvvəlki “Xəzər”lərə heç bənzəmirdi. Sələflərindən fərqli olaraq, budəfəki “Xəzər” olduqca iddialı addımlarla gəlib və birinci ilindən azarkeşlərin rəğbətini qazanıb. Komandanın ilk baş məşqçisi Nazim Süleymanov olsa da, çox keçmədən onu Rasim Kara əvəzləyib. Debüt mövsümünə möhtəşəm başlanğıc edən “ağ-yaşıllar” “Neftçi” ilə eyni göstəriciyə malik olduğundan, “qızıl oyun”a ehtiyac duyulub. Gəncədəki görüşdə məğlub olan “Xəzər Lənkəran” ilk mövsümündə gümüş medalla kifayətlənməli olub. Bu iki komanda arasındakı rəqabət də məhz həmin vaxtdan yaranıb. Növbəti mövsümdə tez-tez məşqçi dəyişikliyi ucbatından uğursuz çıxış edən komanda 2006-cı ildə təcrübəli Ağasəlim Mircavadova tapşırılıb. Lənkəran təmsilçisi tarixinin ən uğurlu dönəmini də onunla keçirib. 2006-07 mövsümündə “Xəzər Lənkəran” “qızıl dubl” edərək həm ölkə çempionu olub, həm də kuboku başı üzərinə qaldırıb. Mircavadov növbəti mövsümdə də ölkə kubokunu heç kimə verməyib. Ardıcıl 3 mövsüm çempionatı 4-cü pillədə tamamlayan “Xəzər Lənkəran” 2010-cu ildən yenidən əvvəlki əzəmətini qaytarıb. Rumıniyalı Mirça Rednik çempionatın gümüş medalı ilə yanaşı, komandaya 3-cü ölkə kubokunu qazandırıb. Növbəti mövsüm də “gümüş” qazanan “Xəzər Lənkəran”da 2012-13 mövsümündən geriləmə müşahidə olunub. Azərbaycan Kubokunun üçqat qalibi 2 dəfə də finalda (2009-10, 2012-13) məğlub olub. 2013-cü ildə məşhur Con Benjamin Toşak komandaya Azərbaycan Superkubokunu qazandırıb. Ancaq ildən-ilə nəticəsi pisləşən cənub təmsilçisi 2015-16 mövsümünü yerli gənclərlə keçirib və sonuncu yeri tutub. Ötən mövsümün sonunda “Xəzər Lənkəran” da fəaliyyətini dayandırmalı olub.

Beynəlxalq arenadakı çıxışına gəlincə, “Xəzər Lənkəran” ən böyük nailiyyətini 2008-ci ildə qazanıb. Həmin il “Birlik Kuboku”nun sahibi olan cənublular buna baxmayaraq, avrokuboklarda elə də uğurlu çıxışla yadda qalmayıblar. 7 dəfə avrokuboklara qatılan “ağ-yaşıllar” həm Çempionlar Liqası, həm də Avropa Liqasında mübarizə aparsalar da, ən yaxşı nəticələri 1 mərhələ keçmək olub.

 

Elitadakı nəticələri:

 

Mövsüm

Çempionat

O

Q

H

M

T/F

X

Yer

2004-05

Yüksək dəstə

35

24

6

5

69-17

78

2/18

2005-06

Yüksək dəstə

26

9

9

8

27-18

36

7/14

2006-07

Yüksək dəstə

24

17

5

2

50-16

56

1/13

2007-08

Premyer Liqa

26

14

10

2

44-16

52

4/14

2008-09

Premyer Liqa

26

15

5

6

49-21

50

4/14

2009-10

Unibank Premyer Liqası, I mərhələ

22

12

8

2

29-11

44

2/12

 

Qızıl xallar

10

3

6

1

8-4

15

3/6

 

1-6-cı yerlər uğrunda

10

3

3

4

11-10

12

6/6

 

Yekun cədvəl

20

6

9

5

19-14

27

4/12

2010-11

Unibank Premyer Liqası, I mərhələ

22

14

5

3

28-12

47

2/12

 

1-6-cı yerlər uğrunda

10

2

7

1

10-6

13

3/6

 

Yekun cədvəl

32

16

12

4

38-18

60

2/12

2011-12

Unibank Premyer Liqası, I mərhələ

22

13

5

4

33-19

44

3/12

 

1-6-cı yerlər uğrunda

10

4

3

3

11-9

15

3/6

 

Yekun cədvəl

32

17

8

7

44-28

59

2/12

2012-13

Topaz Premyer Liqası, I mərhələ

22

7

7

8

32-27

28

8/12

 

7-12-ci yerlər uğrunda

10

3

3

4

8-10

12

4/6

 

Yekun cədvəl

32

10

10

12

40-37

40

9/12

2013-14

Topaz Premyer Liqası

36

12

13

11

44-49

49

6/10

2014-15

Topaz Premyer Liqası

32

8

8

16

35-46

32

7/10

2015-16

Topaz Premyer Liqası

36

3

6

27

16-51

15

10/10

 

“Həm komanda, həm də mənim üçün yeni era oldu”

Sonuncu həmsöhbətimiz “Xəzər Lənkəran”a 12 illik tarixinin ən böyük uğurunu qazandıran Ağasəlim Mircavadovdu. 2006-07 mövsümündə cənublularla “qızıl dubl” etmiş və bir ildən sonra “Birlik Kuboku”nu qazanmış Mircavadov həmin illəri yada salıb. O, parlaq çıxışın səbəbini uzunmüddətli hazırlıq dönəmində və düzgün transferlərdə görüb: “Mən “Xəzər Lənkəran”a gələndə komandada kifayət qədər oyunçu var idi. Amma heyətdə olan bəzi futbolçular da “Xəzər Lənkəran”a uyğun deyildilər. 4 rumıniyalı var idi ki, onlar arasında Robert İlyeş səviyyəsinə görə fərqlənirdi. Digərləri uzun müddət idi ki, oynamırdılar. Samir Ələkbərovla Bəxtiyar Musayev oyunçuları izləmək üçün Braziliyaya getmişdilər. Həmin vaxt ən böyük problemimiz yerli uşaqların az olması idi. Mənim prinsipim odu ki, hansı bölgədə çalışıramsa, komandada mütləq yerli oyunçu olmalıdı. Bu səbəbdən akademiyaya diqqəti artırdıq. Amma akademiya məşqçilərinin çoxunun heç C kateqoriyası yox idi. Bununla belə, əsas komandada Emin Quliyev, Mahmud Qurbanov kimi təcrübəli oyunçular var idi. “Şahdağ”dan Rahid Əmirquliyevi aldım. Zaur Tağızadəni də istəyirdim. Özü ilə də danışmışdım, ancaq o, “Neftçi”yə sadiq qaldı.

Açığı, 2006-07 mövsümünün əvvəlində “qızıl dubl” edəcəyimizi düşünmürdüm. Heç çempionluq sözü də verməmişdim. Amma çempionluğa oynayan komanda düzəldəcəyimə söz vermişdim. Onda ən böyük üstünlüyümüz hazırlıq dönəminin uzun olması idi. Çünki komanda avrokuboklara vəsiqə qazanmamışdı. Rəhbərliyin qarşısına proqram qoydum, onlar da qəbul etdilər. Yerli transferlərin və hazırlıq dönəminin istədiyimiz şəkildə keçməsi xeyrimizə oldu. Məşqçi korpusunu da formalaşdırdım, Samir Ələkbərov və Tofiq Mustafayevi özümə köməkçi gətirdim. Boris Xetaqurov kimi həkimimiz var idi, hansı ki, onunla “Neftçi”də də uzun illər birlikdə işləmişəm. Mövsümə əla start götürdük, ilk 6 turda 5 qələbə qazandıq. Həm “Xəzər Lənkəran”, həm də mənim üçün yeni era oldu. Azarkeşlərin çılğınlığı bir ayrı idi. Təkcə məşqimizə 1000-dən çox azarkeş gəlirdi. Bu da bir yenilik idi. “Neftçi”də olanda da rəhbərlik fanatlarla düzgün iş görürdü və nəticədə dəstəksiz qalmırdıq. “Xəzər Lənkəran”da isə azarkeşlər özləri gəlirdilər”.

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0