[b]“Azərbaycan böyük millilərə başağrısı ola bilməz”[/b]
15.02.2017 - 11:37
[b]“Azərbaycan böyük millilərə başağrısı ola bilməz”[/b]

“Maykl Onil və futbolçular Şimali İrlandiyada yeni eranın başlanğıcını etdilər. Onlar çox yaxşı təşkilatlanıblar və Onilin ətrafında möhkəm birləşiblər”. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə millisinin keçmiş müdafiəçisi Martin Kioun deyib.

 

“Arsenal”ın unudulmaz futbolçularından biri hesab edilən Kioun Şimali İrlandiya futbolunun inkişafından danışıb. 51 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibinin uğurlarını hazırkı baş məşqçi Maykl Onillə əlaqələndirib: “Komandada anlaşma mükəmməl səviyyədədi. Onilin klub karyerasının uğurlu alınmamasının səbəbi “Şemrok Rovers”də ona çox vaxt verilməməsi oldu. Ancaq Şimali İrlandiya millisində fantastik iş gördü. Qarşıdakı dünya çempionatında da onlardan çox şey gözləmək olar”.

 

Kioun Böyük Britaniya təmsilçisinin DÇ-2018-in seçmə mərhələdəki şanslarını da dəyərləndirib. Onun fikrincə, Onilin komandası qrup ikinciliyinə ən real namizəddi. Karyerası ərzində 11 il (1993-2004) “Arsenal”ın formasını geyinmiş Kioun Azərbaycan millisi barədə də danışıb: “AVRO-2016-dakı çıxış Şimali İrlandiya futbolçularının təcrübəsini artırdı. Orda qazandıqları ustalıq dünya çempionatının seçmə mərhələsində çox işlərinə yarayacaq. Şimali İrlandiya yığmasının pley-off mərhələsində iştirak etmək şansını yüksək hesab edirəm. Qrupdakı oyunlar arasında fərq böyükdü. Almaniyanın qrup birincisi kimi mundiala vəsiqə əldə edəcəyini gözləmək olar. Azərbaycan sürpriz komanda olsa da, böyük yığmalara başağrısı ola bilməz”.

 

Qeyd edək ki, C qrupunda yer alan Şimali İrlandiya 4 turdan sonra aktivində 7 xalla ikinci pillədə qərarlaşır. Onu eyni xala malik Azərbaycan millisi izləyir. Bu komandalar arasında ötən ilin noyabr ayında Belfastda keçirilmiş görüşdə meydan sahibləri böyükhesablı (4:0) qələbə qazanmışdılar. Yığmamız ada təmsilçisini iyunun 10-da Bakıda qəbul edəcək.

0