SİZİN REKLAM BURADA

Özlərinə nifrət edənlər, yaxud Azərbaycana hansı üzlə qayıtdılar? - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin beşinci yazısı Azərbaycan futbolunun tarixinə qara ləkə kimi düşmüş Vaduts səfərinə həsr olunur.

 

1992-ci ildə müstəqillik əldə edən Azərbaycanın futbolu hazırda gənclik illərini yaşayır. Yenicə yeriməyi öyrənən körpənin tez-tez yıxılıb qalxması kimi, Azərbaycan millisinin də ilk illərdə böyükhesablı məğlubiyyətləri kifayət qədər olub. Bunların bəziləri də yaddaşlarda qalıb. Ancaq yığmamız "yeniyetmə çağında" elə bir məğlubiyyətlə üzləşib ki, bunu tarix boyu unutmaq mümkün olmayacaq. Çünki həmin yenilgi yeni anadan olan bir körpənin ilk uğurlu addımına yol açıb.

 

Dramatik oyunun fəsadları

Doğrudu, komandamızın passivində 0:8, 0:10 kimi nəticələr olub. Amma bir görüşdəki 1:2 hesabının gətirdiyi üzüntü, bəlkə də “Oser faciəsi”ndən böyükdü. Yəqin bildiniz ki, söhbət Lixtenşteynlə 1998-ci ildə keçirilən səfər qarşılaşmasından gedir. AVRO-2000-in seçmə mərhələsində bu komanda ilə eyni qrupa düşən millimizin həmin vaxt cəmi 6 yaşı olmasına baxmayaraq, aktivimizə 6 xalın yazılacağı heç kimdə şübhə doğurmurdu. Çünki Azərbaycan futbolu nə qədər zəif olsa belə, Lixtenşteynlə müqayisədə çox-çox güclü sayılırdı. Çünki rəqibin futbolçuları bu işin peşəkarı yox, həvəskarları idi, futbola hobbi kimi yanaşırdılar.

 

Həmin vaxt seçmə mərhələyə Slovakiya önündə səfərdə 0:3 hesablı yenilgi ilə başlayan Vaqif Sadıqovun kollektivi 1998-ci ilin oktyabr ayının 10-da Tofiq Bəhramov adına Respublika stadionunda Macarıstana dramatik şəkildə uduzmuşdu. Futbolçularımız son yarım saatı azlıqda keçirmələrinə baxmayaraq, 85 dəqiqə rəqiblə başabaş mübarizə aparmış və yalnız son dəqiqələrdə 3 qol buraxaraq, böyükhesablı məğlubiyyətə düçar olmuşdular. Bundan 4 gün sonra yığmamızı Vadutsda qrupun aşkar autsayderi Lixtenşteynlə görüş gözləyirdi. Psixoloji və fiziki yorğunluğa baxmayaraq, hətta bərabərlik də heç kimin ağlından keçmirdi. 90 dəqiqə ərzində təkqapıya gedən matçda rəqibin 2 hücumu hər iki komandanın tarixinə düşdü. Layihənin adını da əbəs yerə “Cırtdanlar”a yaşatdığımız xoşbəxtlik” qoymamışıq. Çünki bu, Lixtenşteyn yığmasının tarixində ilk beynəlxalq qələbəsi oldu.

 

Lixtenşteyn - Azərbaycan 2:1

Qollar: Mario Frik, 47; Martin Telser, 49 - Qurban Qurbanov, 59

Lixtenşteyn: 1. Peter Yehle, 2. Kristof Ritter, 3. Martin Stoklasa, 4. Hansyorq Linqq, 5. Harald Zeç, 6. Mikael Stoklasa, 7. Herbert Biker (15. Yurgen Ospelt, 67), 8. Mario Frik (k), 9. Daniel Hasler, 10. Martin Telser, 11. Tomas Bek (17. Ronni Büçel, 74)

Ehtiyat oyunçular: 12. Daniel Foser, 13. Marko Ender, 14. Modestus Haas, 16. Tomas Hanselmann, 18. Martin Oeri

Baş məşqçi: Ralf Loos

 

Azərbaycan: 1. Aleksandr Jidkov, 2. Emin Ağayev, 3. Deni Qaysumov, 4. Aslan Kərimov, 5. İlham Yadullayev, 6. Rasim Abuşov (k) (12. Rüfət Quliyev, 76), 7. Mahmud Qurbanov (17. Nazim Süleymanov, 25), 8. Vidadi Rzayev, 9. Qurban Qurbanov, 10. Elşən Qəmbərov (14. İlham Məmmədov, 50), 11. Narvik Sirxayev

Ehtiyat oyunçular: 15. Hüseyn Məhəmmədov, 13. Vadim Vasilyev, 15. Yunis Hüseynov, 18. Vəli Qasımov

Baş məşqçi: Vaqif Sadıqov

Sarı vərəqələr: Aleksandr Jidkov, 44; İlham Yadullayev, 47; Rasim Abuşov, 72

Baş hakim: Herbert Barr (Şimali İrlandiya)

14 oktyabr 1998-ci il. Vaduts, "Reinpark" stadionu, 1450 tamaşaçı

 

"Lixtenşteynə aparmağa futbolçu tapmırdım"

Bakıdakı qarşılaşmada bunun əvəzini artıqlaması ilə çıxmağımıza (4:0) və həmin seçmə mərhələdəki Portuqaliya zəfərinə (1:1) baxmayaraq, Vadutsdakı 1:2 hesablı məğlubiyyət futbol tariximizdə qara iz qoydu. Millimizin o dövrdəki baş məşqçisi Vaqif Sadıqov sensasiyalı nəticəni daha çox Macarıstanla oyundakı ağır yenilgi və heyətdə olan itkilərlə əlaqələndirir. AVRO-2000-ə komandamızın "sükanı arxası"nda başlayan Sadıqov bunda Macarıstanla qarşılaşmadakı fransalı baş hakim Stefan Brenin də rolunun az olmadığını düşünür: "Lixtenşteynlə oyundan 4 gün əvvəl Macarıstanı qəbul edirdik. Macarıstana qarşı ən yaxşı oyunlarımızdan birini keçirdik. Rəqib birinci qolu 59-cu dəqiqədə mübahisəli vəziyyətdə vurdu. Halbuki, həmin epizodda qapıçımız Dmitri Kramarenkoya qarşı kobudluq edilmişdi və onun beyni silkələnmişdi. O zədəyə görə Dima meydanı tərk etdi. 62-ci dəqiqədə Vyaçeslav Lıçkinə qarşı cərimə meydanı daxilində kobudluq olundu. Hamımız penalti gözləyirdik. Hakim isə bunun əksinə qərar verdi, Lıçkini ikinci sarı vərəqə ilə meydandan qovdu. Azlıqda qaldığımız üçün futbolçular çox əziyyət çəkməli oldular. Macarlar da 85-ci dəqiqədən sonra 3 qol vurdular. Bu görüşün ardından Lixtenşteynə aparmağa futbolçu tapa bilmirdim. Çünki zədəlilərimiz çox idi. Dəvət olunan oyunçulara əvvəlcədən viza açılmışdı. Zədəlilərin yerinə isə başqasını cəlb etmək mümkün deyildi. Məcburiyyətdən ixtiyarımızda olanları apardıq. Dima zədəli vəziyyətdə bizimlə getdi. Faiq Cabbarov zədəli, Vyaçeslav Lıçkin cəzalı olduğu üçün səfərə yollana bilmədi. Əvəzində İlham Yadullayev ilk dəfə start heyətində yer aldı. Həmçinin Elşən Qəmbərova da şans verildi".

 

"Rəqibin əks-hücumları bizi "sındırdı"

Mütəxəssis müdafiə xəttindəki məcburi dəyişikliklərin və psixoloji amilin də Vadutsdakı oyuna öz təsirini göstərdiyini vurğulayıb. O, matçöncəsi futbolçularda arxayınlıq yaranmadığını deyib: "Oyun bizim aşkar üstünlüyümüzlə keçdi. Cəmi iki dəfə əks-hücumda yaxalandıq, bunun da hər ikisində qol buraxdıq. Səbəb tamamilə fərqli müdafiəçilərlə mübarizə aparmağımız idi. Xətlərarası əlaqələr pozulmuşdu. Demirəm ki, yenilər özlərini pis tərəfdən göstərdilər. Sadəcə, təcrübəsiz idilər və kollektivə, sistemə tam uyğunlaşmamışdılar. İkinci hissənin əvvəllərində rəqibin əks-hücumları bizi "sındırdı". Xüsusən də, ilk qol gözlənilməyən vaxtda vuruldu. Birinci qoldan sonra özümüzə gəlməmiş ikinci topu qapımızda gördük. Sonacan təkqapıya oynamağımıza baxmayaraq, cəmi 1 qol vura bildik ki, bunun da xeyri olmadı. Halbuki axıra qədər qələbəyə ümidimi itirməmişdim. Düşünmürəm ki, futbolçularda arxayınlıq olmuşdu. Çünki uşaqlar dərk edirdilər ki, evə mütləq qələbə ilə qayıtmalıyıq. Macarıstana qarşı yüksək səviyyədə çıxış edib ağır məğlubiyyət alan komanda, bəlkə də, psixoloji cəhətdən özünə gələ bilməmişdi. Kimisə günahkar elan etmək, nəyisə bəhanə gətirmək istəmirəm. Çünki hər şeyə cavabdeh olan şəxs baş məşqçi kimi mən idim. Bayaq qeyd elədiyim kimi, heyətdə məcburi dəyişikliklər təsirsiz ötüşmədi".

 

"AFFA istefamı qəbul etmədi"

Maraqlıdı ki, Lixtenşteynlə səfər qarşılaşmasından sonra Vaqif Sadıqov istefa verib. Lakin AFFA bunu qəbul etməyib. Buna baxmayaraq, məşqçi seçmə mərhələni yığmanın "sükanı arxası"nda tamamlaya bilməyib: "Hələ püşkatma zamanı Lixtenşteynlə eyni qrupa düşməyi arzulayanlardan biri də mən idim. O vaxt təqvimi müəyyənləşdirəndə də çalışırdım ilk görüşü bu komanda ilə evdə keçirək ki, psixoloji cəhətdən üstünlük əldə edək. Ancaq federasiya rəhbərliyi razılıq əldə etmədiyi üçün UEFA tərəfindən kor-təbii püşk atıldı. Bundan başqa, o vaxt hansısa ölkəyə çarter reysi ilə getmirdik. Düzdü, bunu bəhanə eləmək istəmirəm. Ancaq ağır oyundan sonra başqa ölkəyə səfərə çıxanda çox çətin olurdu. Məsələn, Lixtenşteynə çatmaq üçün neçə yer dəyişdik. İstər-istəməz bunun da təsiri oldu. Bu problemlərə baxmayaraq, bizim komandamız onlardan üstün idi. Mütləq qələbə qazanmalı idik. Heyf ki, çox acınacaqlı məğlubiyyətlə barışmalı olduq. Amma cavab qarşılaşmasında əsl gücümüzü ortaya qoyduğumuz üçün çox sevindim. Mənim rəhbərliyim altında olmasa da, komandamız tarixi qələbə (4:0) qazanaraq, rəqibə lazımi cavabı verdi. Lixtenşteyndəki matçdan sonra istefa versəm də, AFFA İcraiyyə Komitəsi bunu qəbul eləmədi. Ardından mart ayında Kiprdə təlim-məşq toplanışında olduq. Orda Estoniya ilə yoxlama görüşü keçirdikdən sonra vəzifəmdən ayrıldım".

 

"Vicdan əzabı çəkirdik​"

Vaqif Sadıqov Vadutsdakı oyundan sonra yığmamızın düşərgəsində olan ab-havanı da təsvir edib. O, futbolçuların bu acı nəticənin gec fərqinə vardıqlarını söyləyib: "Bu, Lixtenşteyn üçün tarixi qələbə oldu. Çünki rəsmi matçlarda ilk qalibiyyətlərini bizim üzərimizdə qazandılar. Doğrudu, onlar daha sonra qat-qat güclü komandalarla qarşılaşdı və xallar qazana bildilər. Ancaq bizim üzərimizdə qalibiyyət Lixtenşteyn üçün xüsusi oldu. Qarşılaşmadan sonra düşərgədə tam səssizlik yaranmışdı. Əksər futbolçular, bəlkə də, nə baş verdiyini dərk etmidilər. Yalnız soyuq başla həmin məğlubiyyəti təhlil etmək olardı. Hər birimiz acı hisslər keçirirdik. Hamı fikirləşirdi ki, bu, bizə yaraşmadı və belə vəziyyətdə Azərbaycana qayıtmaq var. Düşünürdük ki, hansı üzlə torpağımıza ayaq basacağıq? Vicdan əzabı çəkirdik. Çünki xalq bizdən qələbə gözləyirdi. İş ondadı ki, buna gücümüz çatırdı və onlardan güclü olduğumuzu sübut etməli idik. Mənim üçün o oyun indi də acı yuxu kimi gəlib gedir. Heç də xoş xatirələrlə yada sala bilmirəm. Bir sözlə, məşqçilik karyeramın ən ağır məğlubiyyətlərindən biri oldu. Hər bir məşqçinin unutmaq istədiyi oyunlar olur. Sadəcə, həmin görüş gənc vaxtıma düşdü".

 

"Hərə öz otağına qapandı ki, üzə çıxmasın"

Vaduts faciəsinin canlı şahidlərindən biri də Vidadi Rzayev olub. Matçı 90 dəqiqə əvəz edilmədən keçirən sabiq pleymeyker hələ də Lixtenşteyndəki məğlubiyyəti unuda bilmədiyini deyib: "Həmin oyuna qədər Lixtenşteynin qələbəsi yox idi. İlk qalibiyyətlərini bizim üzərimizdə qazandılar. O oyun bizim üçün qara səhifə oldu. Halbuki, səfərə qələbə əzmi ilə yollanmışdıq. Başqa nəticəni ağlımızdan da keçirmirdik. Təəssüf ki, iki kobud səhv qollar buraxmağımıza gətirib çıxardı. Bununla belə, yenə də qələbə qazanmaq üçün çox imkanlarımız yarandı, sadəcə, istifadə edə bilmədik. Bir epizodda Qurban Qurbanovun zərbəsi dirəyə tuş gəldi. Lixtenşteyn isə müdafiəçilərimizin səhvindən lazımınca yararlandı. Ad çəkmək istəmirəm, bir müdafiəçimiz rəqibi aldatmağa çalışdı, topu ondan alıb qol vurdular. Halbuki, həmin dəqiqəyə qədər qapımıza yaxın gələ bilmirdilər. Çox məyus olmuşduq, acı hisslər yaşayırdıq. Özümüzə nifrət edirdik. İnana bilmirdik ki, Lixtenşteynə uduzmuşuq. Həmin vaxt onlar çox zəif idilər. Matçdan sonra ab-hava pis idi. Nə danışan var idi, nə gülən. Hərə öz otağına qapandı ki, üzə çıxmasın. Onlara tarixi qələbələrini biz hədiyyə elədik. Birqapıya oyun gedirdi. Ancaq tarixdə nəticə qaldı".

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Fotosessiya
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 8 6 1 1 14-4 19

2.

Qəbələ

9 6 1 2 12-8 19

3.

Zirə 9 5 3 1 16-7 18

4.

Sumqayıt

9 4 1 4 10-12

13

5.

Neftçi

9

3 1 5 10-9 10

6

Səbail 8 3 0 5 5-12 9

7.

İnter

9

2 2 5 7-12 8

8.

Kəpəz

9 1 1 7 5-15 4
               

 

Top 10