[b]“Qəbələ” yubiley arzusunda[/b]
17.02.2017 - 00:02
[b]“Qəbələ” yubiley arzusunda[/b]

Azərbaycan Premyer Liqasının XIX turu çempionatın liderlərinin görüşü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, son üç mövsümü mükafatçılar sırasında başa vuran və yenidən qızıl medal uğrunda mübarizə aparan “Qəbələ” və “Qarabağ” cari çempionatda 3-cü dəfə üz-üzə gələcəklər.

 

Mövsümdə yeganə məğlubiyyətini XIII turda Ağdam təmsilçisindən alan “qırmızı-qaralar” rəqibini VII turda qalib gəldiyi Qəbələ şəhər stadionunda qəbul edəcək.

 

Cari çempionatda öz meydanında uduzmayan Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 1-ci pilləni ələ keçirmək üçün lideri məğlub etməlidir. 

 

Bu matç rəqiblər arasında 41-ci duel olacaq. İndiyədək komandalar 34-ü çempionat, 6-sı kubokda olmaqla 40 dəfə qarşılaşıb. “Qarabağ”la “Qəbələ” arasında ilk matç isə ikincilərin güclülər dəstəsində - indiki Premyer Liqada debüt etdiyi 2006/07 mövsümünə təsadüf edib.

 

2006-cı il avqustun 20-də keçirilən həmin matçdan indiyə kimi “Qəbələ” 9, “Qarabağ” 16 qələbə qazanıb. “Qırmızı-qaralar” doğma azarkeşlər önünə yubiley – 10-cu qələbə üçün çıxacaq. Digər 15 matçda isə qalib müəyyənləşməyib.

 

Baş tutan 40 görüşdə 87 qol vurulub. “Qırmızı-qaralar” 37, “ağ-göylər” 50 dəfə fərqlənib.


Azərbaycan çempionatı çərçivəsində keçirilən 34 matçda 78 qol qeydə alınıb. 8 dəfə qalib gəlib, 16 dəfə uduzub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 32, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb. 

 

“Qırmızı-qaralar”ın 20 ev oyununda meydan sahibləri 5, qonaqlar 8 dəfə qalib olubsa, 7 dəfə bərabərlik qeydə alınıb. Top fərqində isə ağdamlıların üstünlüyü cüzidir – 23:21.

 

“Qəbələ”nin “Qarabağ”la matçlardakı 37 qoluna 25 futbolçu imza atıb. Onlardan biri avtoqola üzülən rəqib oyunçu Namiq Ələsgərovdur. “Qırmızı-qara” formada isə Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi ağdamlıları 4 dəfə məyus edə bilib. İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov, Sergey Zenyov və Filip Ozobiç hərəyə 2, digər 17 oyunçu hərəyə 1 dəfə qol sevinci yaşayıb.

 

“Qarabağ”ın heyətində fərqlənən 22 oyunçu arasında isə Reynaldo Silva hamıdan çox – 8 dəfə fərqlənib. Riçard Almeydanın 5 qolu var. İki komanda arasında duellərdə Kənan Kərimovun da eyni sayda qolu olsa da, o hər iki tərəfdən fərqlənib. Hücumçu 3 dəfə “Qarabağ”da, 2 dəfə “Qəbələ”də qol sevinci yaşayıb.

 

“Qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov Ağdam təmsilçisinə qol vursa, o da hər iki komandada fərqlənmiş oyunçu olacaq. Yarımmüdafiəçi 2009-cu il dekabrın 6-da “Qarabağ”ın heyətində, Qəbələdəki oyunda qol sevinci yaşayıb.

0