[b]“Çox əsəbi idik” – Pavel Dreksa[/b]
18.02.2017 - 22:20
[b]“Çox əsəbi idik” – Pavel Dreksa[/b]

“Kəpəz”lə oyunda rəqibin müqavimətini qıra bilməyən və ardıcıl 2 qələbədən sonra xal itkisi ilə barışan “Neftçi”nin yarımmüdafiəçisi Pavel Dreksa oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı nə düşündüyünüzü bilmək istərdik…

- Qarşılaşmaya yaxşı başlamadıq və ilk yarını istədiyimiz kimi keçirmədik. Sonradan oyuna uyğunlaşa bildik və bundan sonra qol epizodları yaratmağa nail olduq. Təəssüf ki, qol vura və qələbə qazana bilmədik.

 

- Siz necə düşünürsüz, 16-cı dəqiqədə hakim penalti təyin etməli idimi?

- Epizodu görə bilmədim. Birinci hissədən sonra uşaqlar paltardəyişmə otağında Folprextə qarşı kobud oyunun və penaltinin olduğunu dedilər. Bu, elə də önəmli deyil, çünki hakim həmin epizodu görə bilməyib.

 

- Qış fasiləsindən sonra “Neftçi” yüksəlişdə, “Kəpəz” isə enişdə olan komandadı. Rəqibdən bu cür əzmkarlıq gözləyirdinizmi?

- “Kəpəz” gözlədiyimiz kimi oynadı. Hər bir rəqibi təhlil edirik. Baş məşqçimiz də rəqib haqda hər şeyi demişdi. Əsas problem qolu vura bilməməyimizdi. Əgər qol vursaydıq, “Kəpəz” açıq oyuna üstünlük verəcəkdi və belədə bizim daha çox qol vurmaq imkanımız yaranacaqdı.

 

- Qol vura bilməməyinizin xüsusi səbəbi varmı?

- Çox əsəbi idik. Bu da oyunumuza mane olurdu. Bəlkə də oyunumuzda aqressiya çatmırdı. Həyəcan bizə mane oldu.

 

- Bəlkə azarkeşlərin oyuna gəlməməsi, tribunaların boş olması meydan sahibi kimi komandanızın üzvlərini əsəbləşdirib?

- Belə hallar futbolda olur. Bugünkü oyunumuz ötən qarşılaşmamıza bənzəmirdi. Bu gün daha əsəbi idik. Amma əvvəlki oyunda çox şey alınırdı. Niyə alınmadı, bunu indiki məqamda deyə bilmərəm. Bir qədər təhlillər aparmaq lazımdı.

 

- Qış fasiləsindən sonra 20 gün ərzində 5 tur keçirilib. Qrafikin sıx olması işinizə maneə yaradırmı?

- Mənim üçün bu cür qrafikdə oynamaq xoşdu. Əksinə, çox məşq etməkdənsə, oyun keçirməyə üstünlük verərdim. Fiziki baxımdan özümü yaxşı hiss edirəm. Yorğun olduğumu deyə bilmərəm. 

0