[b]Çempionluq “Neftçi”nin əlindədi?[/b]
20.02.2017 - 11:44
[b]Çempionluq “Neftçi”nin əlindədi?[/b]

Azərbaycan Premyer Liqasının XIX turu çempionluq mübarizəsində intriqanı daha da artırıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etməsindən sonra ikihakimiyyətlilik yaranıb.

 

Bu isə son 9 tur öncəsi qızıl medal iddiasında olan əyalət təmsilçilərinin mübarizəsinin gərginliyindən xəbər verir. Komandaların Qəbələ şəhər stadionundakı dueli mövsümün, hətta ilin oyunu kimi dəyərləndirilsə də, matç nəinki heç nəyə aydınlıq gətirmədi, əksinə, durumu daha da gərginləşdirdi.

 

İkisi real, üçü nəzəri

Öncə turnir cədvəlinə nəzər salaq. 9 tur ərəfəsində “Qəbələ” və “Qarabağ”ın hərəyə 42 xalı var. “Qırmızı-qaralar” şəxsi oyunlarda üstünlüyə malik olduğundan birinci yerdə qərarlaşıb. Çempionluğun taleyinə məhz bu iki komanda real namizəddi. Amma turnir cədvəlindəki 3 komanda da nəzəri cəhətdən 1-ci yerə çata bilər. “İnter”in bu imkanları az-çox inandırıcı görünsə də, “Sumqayıt”la “Zirə”nin bu şansları yalnız fantastikadan ibarətdi. Digər üç komanda isə ən yaxşı halda bürüncə ümid edəcək. Çünki “Neftçi” və “Kəpəz” kağız üzərində belə, ilk iki pilləyə çata bilmir. AZAL isə hətta mükafatçılar sırasına düşməyəcəyini rəsmiləşdirib.

 

“Qızıl oyun” olmayacaq

Nəzəri şansa malik “üçlüy”ü hesaba almadan qızıl medallara məhz “Qəbələ” və “Qarabağ”ın iddia etdiyini əminliklə söyləmək olar. Hər iki komanda ilə 2 dəfə görüşəcək “İnter”in onlara başağrı olması inandırıcı görünsə də, bürüncdən artığına gücü çatacağı həddən artıq çətin sayılır. Bu isə o deməkdi ki, iki komandadan hansının çempion olacağına qarşıdakı 9 oyun aydınlıq gətirəcək. Nəzərə almaq lazımdı ki, uzun illər mövcud olan “Qızıl oyun” qaydası da artıq qüvvədə deyil. Bu amil hər iki komandanı sonadək üstünlük qazanmağa vadar edir. Əsasnamədə göstərilib ki, xallar bərabər olsa, yerlər aşağıdakı göstəricilərlə müəyyənləşəcək.

 

1. Şəxsi oyunlardakı xallar

2. Şəxsi oyunlardakı top fərqi

3. Qələbə sayı

4. Top fərqi

5. Vurulan qollar

6. Daha az qayda pozuntusu

7. Püşk

 

“Qəbələ” üstün durumda

Öz meydanında keçirdiyi hər iki oyunda 2:0 hesabı ilə qalib gələn “Qəbələ” şəxsi oyunlarda üstünlüyə malikdi. Evdə 2:1-ə sevinən “Qarabağ” aprelin 9-dakı görüşdə mütləq qalib gəlməlidi. Amma digər oyunların nəticələri xal hesabını bərabərləşdirsə, Ağdam təmsilçisinin evdəki istənilən hesablı deyil, minimum 3 top fərqli qələbə qazanması yetərlidi. Şəxsi oyunlardakı tarazlığı bərpa etmək üçün “Qarabağ” 3 qol fərqi ilə qalib gəlməlidi. Burada 4:1, 5:2 və ya 3:0-ın fərqi yoxdu. Çünki bəzi xarici turnirlərdən fərqli olaraq bizim çempionatda şəxsi oyunlara baxılanda ev-səfər qolları rol oynamır.

 

“Qarabağ”ın meydan amili

XXV turun aprelin 9-da keçiriləcək “Qarabağ” – “Qəbələ” oyununun çempionluq baxımından böyük rola malik olması sirr deyil. Amma həmin görüşədək keçiriləcək 5 tur çox şeyi dəyişə bilər. “Qızıl ovçuları”nın həmin matçlarına baxsaq, “Qarabağ”ın üstünlüyü meydan amilindədi. “Azərsun Arena”dakı matçadək ağdamlılar 3 ev, 2 səfər görüşü keçirəcək. Ümumiyyətlə, son 9 qarşılaşmadan 5-ni öz meydanında oynayacaq. “Qəbələ” isə dünənki qələbədən sonra turneyə çıxıb səfərdə ardıcıl 4 qarşılaşmada qüvvəsini sınayacaq. Ümumiyyətlə isə Roman Qriqorçukun yetirmələri cəmi 2 dəfə Qəbələ stadionuna çıxacaq.

 

“Qəbələ”

“Kəpəz” (s)

“İnter” (s)

“Neftçi” (s)

AZAL (s)

“Zirə” (e)

“Qarabağ” (s)

“Kəpəz” (s)

“İnter” (e)

“Sumqayıt” (s)

 

“Qarabağ”

“İnter” (e)

“Sumqayıt” (s)

AZAL (e)

“Zirə” (s)

“Kəpəz” (e)

“Qəbələ” (e)

“İnter” (s)

“Sumqayıt” (e)

“Neftçi” (s)

 

Səfərdə elan olunacaq çempionluq

“Qəbələ” və “Qarabağ”ın rəqiblərinə baxsaq, hər iki komandanı çətin sınaqlar gözləyir. Onların hər birini “İnter”lə biri səfərdə olmaqla iki duel gözləyir. Bundan başqa, liderlər yenilənmiş və güclü “Neftçi”nin qonağı olacaq. “Qarabağ” 8-ci km qəsəbə stadionuna son turda qonaq kimi qədəm basacaq. “Ağ-qaraıar”ın çempionluğun taleyində həlledici rol oynaması istisna deyil. Aprelin 29-dakı həmin turda “Qəbələ” də səfərdə - Sumqayıtda eyniadlı komanda ilə görüşəcək. Bir sözlə, çempiona veriləcək kubok iki stadion arasında var-gəl edəcək.

 

0