[b]“Növbəti toplanışa onları dəvət edəcəm” - Yoahim Löv[/b]
20.02.2017 - 15:42
[b]“Növbəti toplanışa onları dəvət edəcəm” - Yoahim Löv[/b]

“Qarşıda keçirəcəyimiz oyunlarla bağlı planlarım var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da millimizin qonağı olacaq Bundestim bundan 4 gün öncə Dortmundda İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirəcək.

 

Ölkəsinin mətbuatına açıqlama verən Löv həm bu görüşlər, həm də yayda iştirak edəcəkləri Konfederasiyalar Kuboku barədə planlarını açıqlayıb: “Öz ideyalarım var. İndiki məqamda qarşıdakı oyunları düşünürəm. Kondeferasiyalar Kubokunda iştirak edəcək futbolçuların seçiminə gəlincə, mövsümün sonunda kimin hansı vəziyyətdə olmasından çox şey asılıdı. Amma mənim üçün Konfederasiyalar Kuboku ilə müqayisədə dünya çempionatı daha vacibdi”.

 

Löv söhbət əsnasında milli üzvləri – Mario Götze, Tomas Müller və Yulian Draksler barədə də danışıb. O, hər 3 oyunçunun ünvanın tərif yağdırıb: “Götzenin futbolçu kimi nəyə qadir olduğunu bilirəm. O, Argentina və Braziliya kimi nəhəng yığmalarla oyunlarda komandanın məqsədinə çatmasında rol oynayıb. Bütün bacarığını nümayiş etdirmək gücündədi. Onun bacardığını hər futbolçu edə bilmir. Məhz buna görə həmişə Marionun tərəfini saxlayıram.

 

Müller xüsusi futbolçudu. Heç vaxt ciddi zədə almayıb, çünki fiziki cəhətdən həmişə yaxşı formadadı. Razıyam ki, hazırda bir qədər çətin dönəm keçirir, amma bunda qeyri-adi nəsə axtarmaq lazım deyil. Həyatda da peşəkardı.

Drakslerdən də çox şey gözləyirəm. Psixoloji planda və təkbətək epizodlarda bu qədər güclü olan futbolçu nadir hallarda görmüşəm. Draksler yaxın illər ərzində millidə liderlik edəcək futbolçulardan biridi”.

 

Yoahim Löv sonda Almaniya millisinə yeni namizədlərin adlarını da çəkib. Təcrübəli mütəxəssis 6 futbolçunu fərqləndirib və onları qarşıdakı toplanışlara çağıracağını istisna etməyib. Bunlar Leon Qoretska (“Şalke”), Conatan Tah, Benjamin Henriks (hər ikisi “Bayer”), Serj Qnabri (“Verder”), Niklas Stark (“Herta”) və Timo Vernerdi (“Leyptsiq”): “Bu oyunçuların hər biri gələcək perspektiv vəd edir. Onların klublarındakı çıxışını diqqətlə izləyirəm. Gələcəkdə Bundestimin əsas heyət üzvləri olacaqlarına şübhə etmirəm. Növbəti toplanışlarda onları milliyə dəvət edəcəyəm”.

0