[b]“Bu, həlledici oyun deyildi” – Sergey Zenyov[/b]
21.02.2017 - 09:02
[b]“Bu, həlledici oyun deyildi” – Sergey Zenyov[/b]

“Qarşılaşma azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə keçdi. Stadiona toplaşan tamaşaçıların da gözəl və keyfiyyətli futbol izlədiyini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Sergey Zenyov deyib.

 

Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”a 2:0 hesabı ilə qalib gələrək turnir cədvəlində 1-ci pilləyə yüksələn “Qəbələ”nin heyətində qolları Sergey Zenyov və Filip Ozobiç vurublar.

 

Klubun rəsmi saytına oyunla bağlı fikirlərini bildirən ilk qolun müəllifi Zenyov qələbə qazandıqları üçün sevincini gizlətməyib: “Hər iki komanda üçün çətin, ağır oyun oldu. Sevinirəm ki, belə bir matçda çox vacib qələbə qazandıq. Oyuna çox yaxşı hazırlaşıb, bütünlüklə görüşə köklənmişdik. Görüş təxminən bərabər səviyyədə keçdi. Lakin rəqibdən fərqli, biz iki qol vura bildik. “Qarabağ” kimi güclü komandaya qalib gəldiyimiz üçün şadam”.

 

Estoniyalı legioner vurduğu qol barədə də danışıb: “Qol vurduğum epizodda Filip Ozobiçin də əməyi böyük idi. O, topu qapı xəttinin üstündən mənə ötürdü. İlk cəhdinin qarşısını müdafiəçilər alsa da, təkrar ötürmə ilə mənə assistentlik etdi. Mən isə əlverişli mövqedə olduğumdan topu qapıya göndərdim. Qolkiper də bu zərbənin qarşısını ala bilmədi. Rəqibin uzaqlaşdıra bildiyi ilk ötürməni də tamamlamağa hazır idim. Lakin önəmli olan kimin qol vurmağı deyil, qələbə qazanmağımız idi”.
 

Zenyov qələbənin vacib olduğunu vurğulasa da, matçı çempionluq mübarizəsində həlledici saymadığını da qeyd edib: “Bu görüş vacib olsa da, həlledici deyildi. Çünki qarşıda hələ çox oyun var. Sadəcə, xal fərqini aradan qaldırmağımız yaxşı oldu. Bu fərq 6-ya çatsaydı, sonra çətin ola bilərdi. İndi növbəti matçları düşünməliyik. Mübarizə hələ irəlidədi. Matçın sonlarında əvəzlənməyim dizimdəki ağrılarla bağlı idi. Amma ciddi problem yoxdu. Komanda ilə növbəti matçın hazırlıqlarını davam etdirəcəm”.

0