[b]“Yenidən qovulmayacağıma söz vermirəm” - Samir Abasov[/b]
21.02.2017 - 12:57
[b]“Yenidən qovulmayacağıma söz vermirəm” - Samir Abasov[/b]

“Həmin anda sadəcə, hakimə etiraz etdim. Ona görə də, məni texniki zonadan uzaqlaşdırdı”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının AZAL-la XIX tur qarşılaşmasında qərara etiraz etdiyi üçün baş hakim Rəhim Həsənov tərəfindən texniki zonadan qovulan Abasovu AFFA İntizam Komitəsi (İK) cəzalandırıb. Belə ki, gənc çalışdırıcı texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 1600 manat cərimə olunub.

"Hər dəqiqənin öz hökmü var. İndidən deyə bilmərəm ki, yenidən hansısa qərara sərt etiraz etməyəcəm"

Samir Abasov ona qarşı bu addımı atdığı üçün referini qınamayıb. Əksinə, o bildirib ki, FİFA dərəcəli hakimin qərarı doğru olub: “Bu mövsüm ikinci dəfə tribunaya göndərilməyimə baxmayaraq, hakimlərin mənə qarşı qərəzli olduqlarını düşünmürəm. Məni texniki zonadan qovmaqda haqlı idilər”.

 

Bununla, 39 yaşlı mütəxəssis cari mövsümdə ikinci dəfə tribunaya göndərilib və cəzalı duruma düşüb. AFFA İntizam Komitəsi isə analoji hadisənin yenidən təkrarlanacağı təqdirdə, kluba daha ağır sanksiya tətbiq olunacağını xəbərdar edib. Buna baxmayaraq, Abasov mövsümün sonuna qədər texniki zona qaydalarını pozmayacağına söz verməyib: “Hər dəqiqənin öz hökmü var. İndidən deyə bilmərəm ki, yenidən hansısa qərara sərt etiraz etməyəcəm. Buna təminat vermirəm. Belə bir hal yaşanarsa və hansısa sanksiya tətbiq etsələr, nəsə deyə bilmərəm. Öz işləridi. Kiməsə söz verə bilmərəm ki, belə bir hadisə təkrarlanmayacaq”.

 

Qeyd edək ki, bu cəza ucbatından Samir Abasov XX turda “Zirə” ilə görüşü tribunadan izləməli olacaq.

0