[b]“Arsenal” futbolçularının zibilliyə çevirdiyi otaq[/b]
22.02.2017 - 11:47
[b]“Arsenal” futbolçularının zibilliyə çevirdiyi otaq[/b]

İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsində keçirilən “Satton Yunayted” – “Arsenal” matçının nəticəsindən çox oyunda yaşananlar ölkə mətbuatının gündəmindən düşmür. Apasport.az saytının yerli KİV-ə istinadən məlumatına görə, londonluların hərəkəti meydan sahiblərinin qapıçısı Ueyn Şounun ehtiyat oyunçular skamyasında hamburger yeməyini kölgədə qoyub.

 

Məsələ burasındadı ki, həvəskarlar liqasında çıxış edən “Satton Yunayted” oyunöncəsi tribunalardan paltardəyişmə otağına qədər hər yeri bayram yerinə çevirib. Məğlubiyyətə baxmayaraq, komandanın oyunçuları rəqib həmkarlarından avtoqraf almaq üçün sıraya giriblər.

 

Amma “Arsenal” futbolçularının paltardəyişmə otağını zibilliyə çevirmələri onlarla bağlı düşüncələri alt-üst edib. Belə ki, yerli oyunçuların belə, heyran olduğu qonaq komandanın futbolçuları qarşılaşmadan sonra paltardəyişmə otağında istifadə etikləri hər şeyi yerə ataraq, oranı pis günə qoyublar. Həmin görüntülər mətbuatda yayıldıqdan sonra sosial şəbəkə izləyiciləri London klubunun üzvlərini tənqid atəşinə tutublar.

 

Azarkeşlər hətta məşhur basketbolçu Lebron Ceymsin hər oyundan sonra paltardəyişmə otağını təkbaşına təmizlədiyini də futbolçulara nümunə göstəriblər.

 

Qeyd edək ki, “Satton Yunayted” – “Arsenal” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

0