[b]“Zirə”nin legioneri pulunu ala bilmir: Biabırçılıqdı[/b]
22.02.2017 - 12:33
[b]“Zirə”nin legioneri pulunu ala bilmir: Biabırçılıqdı[/b]

“Bütün sənədlərə incəliyinə qədər fikir verilib. Orda bizim aldadıldığımız göstərilib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə” klubunun futbolçusu Milan Duriç deyib.

 

Serbiyalı yarımmüdafiəçinin adı ölkəsinin mətbuatında gündəmə gəlib. Duriçin keçmiş komandası, 2012-2015-ci illər ərzində çıxış etdiyi “Yaqodina” ilə problemini hələ də yoluna qoymadığı bəlli olub.

 

Məsələ burasındadı ki, Serbiya Super Liqasını artıq tərk etmiş “Yaqodina” klubunun Duriç də daxil olmaqla, bir neçə futbolçuya borcu var. İdman Arbitraj Məhkəməsi Duriç və sabiq komanda yoldaşlarının lehinə qərar çıxarsa da, “Yaqodina” rəhbərliyi hələ də onların borcunu tam olaraq ödəməyib.

 

“Zirə”nin 29 yaşlı futbolçusu Serbiya futbolundakı hazırkı vəziyyəti biabırçılıq adlandırıb. Onun sözlərinə görə, ölkəsinin klubları öz öhdəliklərini yerinə yetirə bilmirlər: “Qəzəbləndirici durumdu. Bu münasibət insanlığa yaraşmır. Hamıya məlumdu ki, “Yaqodina” da daxil olmaqla, Serbiyada klublar öz öhdəliklərini yerinə yetirmirlər. Futbolçular icarə haqlarını özləri ödəməli deyillər.  3 ay, hətta daha çox müddətə maaşlar verilmir. Bu, Serbiya futbolu adına böyük ayıb, biabırçılıqdı. “Yaqodina” ilə məsələm hələ tam həll olunmayıb. Belə çıxır ki, sənədlər boş yerə toplanıb, qərarlar əbəs yerə verilib”.

 

Qeyd edək ki, karyerası ərzində “BPİ Pekar”, “Beoqrad”, “Metallurq” (Skopye), “Sandeçya”, “Radnik” və “İstra” klublarında çıxış etmiş Duriç 2016-cı ildən “Zirə”nin formasını geyinir. 

0