[b]Prosineçkinin debütantları kim olacaq?[/b]
22.02.2017 - 18:10
[b]Prosineçkinin debütantları kim olacaq?[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki gələn ay baş tutacaq toplanışa 2 yeni futbolçu çağıracağını bildirib. Apasport.az saytının məlumatına görə, milliyə dəvət ediləcək digər futbolçular kimi, bu 2 nəfər də Azərbaycan çempionatının təmsilçisi olacaq.

 

Xorvatiyalı mütəxəssis debütant statusunu daşıyacaq oyunçuların adlarını açıqlamasa da, onların kimliyi ilə bağlı müəyyən təxminlər irəli sürmək mümkündü. Çünki qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında özünü yaxşı tərəfdən göstərən bir neçə futbolçu var ki, onlar heç vaxt milli formanı geyinməyiblər.

 

“Qarabağ”ın hücumçusu Mahir Mədətov yığmada debüt etməsə də, Prosineçki tərəfindən əvvəl dəvət alıb. Bu mənada, çağırılarsa belə, Ağdam klubunun gənc üzvü yenilərdən sayılmayacaq.

 

İkinci yarıdan çempionatda oyunu ilə fərqlənən futbolçuların sırasında “Qəbələ”nin üzvü Tellur Mütəllimov da var. “Qırmızı-qaralar”ın əsas heyətində özünə yer etməyi bacaran Mütəllimov sağ cinah müdafiəçisi kimi pis təsir bağışlamır. İkinci yarının bütün görüşlərində - “Sumqayıt”, “Neftçi”, AZAL, “Zirə” və “Qarabağ”la matçlarda 90 dəqiqə meydanda olan Tellurun əsl ampluası yarımmüdafiəçi olduğundan, hücumlarda fəal iştirak edir.   

 

Qış fasiləsindən sonrakı çıxışı ilə Robert Prosineçkinin diqqətini cəlb edən futbolçulardan biri Fuad Bayramov ola bilər. Dayaq yarımmüdafiəçisi mövqeyində yer alan Bayramov müntəzəm oyun praktikasına malikdi. Təsadüfi deyil ki, Fuad çempionatın ikinci yarısında “Kəpəz”, “Sumqayıt”, “Neftçi”, AZAL, eləcə də “Zirə” ilə matçda 90 dəqiqə oynayıb.

 

Çempionatın ikinci yarısında “artıran” futbolçular sırasında Tərzin Cahangirovun da adı qeyd olunmalıdı. 25 yaşlı yarımmüdafiəçi yenilənmiş “Neftçi”də özünü yaxşı tərəfdən göstərə bilir. Cahangirov son 3 turda 90 dəqiqə meydanda olub. Top saxlamağı yaxşı bacaran Tərzin diaqonal ötürmələr verməyi ilə də seçilir.

 

“Sumqayıt”ın gənc futbolçusu Yusif Nəbiyev də cari mövsümdə yaxşı mənada fərqlənməyi bacarır. 19 yaşlı oyunçu müdafiənin sol cinahında çıxış edir ki, bu mövqe millinin ən problemli mövqelərindən sayılır. Nəbiyev meydanda olduğu oyunlarda tez-tez hücuma qoşulması ilə diqqət cəlb edir. Təsadüfi deyil ki, ölkə çempionatının cari mövsümündə 13 oyunda iştirak etmiş Yusif 3 qol imza atıb. Müqayisə üçün qeyd edək ki, millinin sol cinah müdafiəçisi Arif Daşdəmirov isə Premyer Liqanın cari mövsümündə 10 oyunda iştirak edib və qol vurmayıb.

 

Klubunda daim əsas heyətdə yer alan, müntəzəm oyun praktikasına malik futbolçuların sırasında Kərim Diniyev də var. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 23 yaşlı Diniyev həm müdafiəçilərə kömək etməsi, həm də hücumu başlamaq bacarığı ilə seçilir. Uzun ötürmələrinin hesabına irəli xətdə çıxış edən komanda yoldaşlarını tez-tez topla təmin edir.

 

Prosineçkinin debütant kimi “Neftçi”dən Məqsəd İsayev, “Zirə”dən Təmkin Xəlilzadə və “Sumqayıt”dan Bəxtiyar Həsənalızadəyə dəvət göndərməsi də istisna deyil. 

0