[b]Tələbələr arasında ölkə çempionatına start verilib[/b]
22.02.2017 - 19:30
[b]Tələbələr arasında ölkə çempionatına start verilib[/b]

Fevralın 22-də ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında futbol üzrə VII Respublika çempionatının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çempionatı açıq elan edərək komandalara uğurlar arzulayıb.

 

Nazir müavini qeyd edib ki, çempionatın keçirilməsində əsas məqsəd ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbolun kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir.

 

Sonra veteran futbolçu, UEFA-nın hakim-inspektoru Asim Xudiyev 60 illik yubileyi ilə əlaqədar Azərbaycan Tələbə Futbol Federasiyasının təsis etdiyi mükafat ilə təltif edilib.

 

Daha sonra oyunlara start verilib. İlk oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Tibb Universiteti komandaları arasında keçirilib. Topa ilk zərbəni veteran futbolçumuz İsgəndər Cavadov vurub.

 

Gərgin mübarizə şəraitində keçən oyun ADBTİA-nın qələbəsi ilə başa çatıb.

 

Çempionat  Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFF) 2016-2020-ci illərdə fəaliyyət planına əsasən, ATFF və AFFA-nın təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

 

Yarımqrup oyunlarının 4-ü Bakı şəhərində, ikisi isə regionlarda (Şirvan şəhər və Göygöl rayonunda) keçiriləcək.

 

FİFA-nın mövcud qaydaları əsasında keçiriləcək oyunlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Çempionat aprelin 22-də başa çatacaq.

 

Birincilikdə I, II və III yerləri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Həmçinin təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futbolçular xüsusi mükafatlarla təltif olunacaq.

0