[b]Azərbaycanlı əfsanə 71 yaşında[/b]
23.02.2017 - 09:09
[b]Azərbaycanlı əfsanə 71 yaşında[/b]

Bu gün adını Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdıran Anatoli Banişevskinin 71 illiyidi. Apasport.az saytının məlumatına görə, futbolumuzun tarixinə əbədi ən yaxşı kimi düşən əfsanə 1946-cı il fevralın 23-də Bakıda anadan olub.

 

1997-ci ildə ağır xəstəlikdən sonra 51 yaşında dünyasını dəyişən Banişevski təxminən yarım əsrlik ömrü ərzində milyonların sevimlisi olmağı bacarıb. O, futbolçu karyerası ərzində yalnız bir klubun - “Neftçi”nin şərəfini qoruyub. Bu da onun Azərbaycana, Bakıya və komandasında sadiqliyini nümayiş etdirib.

 

“Neftçi”nin əsas komandasına 1964-cü ildə cəlb olunan 18 yaşlı hücumçu həm əsas heyətdə möhkəmlənməyi bacarıb, həm də “ağ-qaralar”ın liderinə çevrilib. Parlaq oyunu, baş zərbələri ilə ad çıxaran forvard artıq 19 yaşından SSRİ yığmasına da dəvət alıb.

 

“Neftçi” tarixinin ən yaxşı illəri olan ötən əsrin 60-cı illərində paytaxt təmsilçisinin lideri, fanatların sevimlisi kimi yaddaşlarda qalan futbolçu 1966-cı ildə SSRİ çempionatının bürünc medalına yiyələnən komandanın uğurunda əsas pay sahiblərindəndi.


 

O, 1965-72-ci illərdə şərəfini qoruduğu SSRİ yığmasında keçirdiyi 50 oyunda 19 qol vurub. Həmyerlimiz DÇ-1966-nın yarımfinalçısı, AÇ-1972-nin finalçısı olub.

“Neftçi”nin şərəfini 1978-ci ilədək qoruyan Banişevski “ağ-qaralar”ın I dəstəyə düşdüyü vaxtda da sadiqliyi ilə seçilib. Həm onda, həm də futboldan kənarlaşdırıldığı vaxtda SSRİ nəhənglərinin cəlbedici təkliflərindən imtina edən futbolçumuz 32 yaşında karyerasını doğma klubunda başa vurub. O bu müddətdə 288 oyun keçirdiyi komandada 136 qol vurub. Bu göstəricisi ilə “Neftçi” tarixinin 2-cisi olan əfsanə SSRİ çempionatlarında 81, kubokunda 15, I liqasında 40 qol vurub.

 

O, 1965-72-ci illərdə şərəfini qoruduğu SSRİ yığmasında keçirdiyi 50 oyunda 19 qol vurub. Həmyerlimiz DÇ-1966-nın yarımfinalçısı, AÇ-1972-nin finalçısı olub.

 

Millidəki 3-cü matçında het-trik edən Banişevski Braziliyaya “Marakana”da vurduğu qolla da tarixə düşüb. Bu arenada onun forması da saxlanılır. Həm klub, həm millidə vurduğu qolların ümumi sayı 115-ə bərabər olan hücumçu Qriqori Fedotov adına klubun da üzvüdü.

 

O, 1965-67-ci illərdə ardıcıl 3 dəfə SSRİ-nin ən yaxşı 33 futbolçusu siyahısına düşüb. Banişevski hər üç halda öz mövqeyində 2-ci olub.

 

Oyunçu karyerasını başa vurandan sonra “ağ-qaralar”da məşqçi, Mingəçevir “Avtomobilçi”si və "Kəpəz"də baş məşqçi kimi çalışan əfsanə ölkə xaricində Burkina-Fasoda da çalışdırıcılıq fəaliyyəti ilə məşğul olub.

 

Əfsanə 1996-cı ildə, karyerası bitəndən xeyli sonra “Şöhrət ordeni” ilə təltif olunub. 2011-ci ildə Azərbaycan futbolunun 100 illiyi (1911-2011) ilə bağlı təntənəli tədbirlər çərçivəsində apasport.az saytının keçirdiyi sorğuda “Yüzilliyin futbolçusu” seçilən əfsanə həm də “Əsrin yığması”nda yer alıb.

 

Ölümündən sonra da Banişevski unudulmayıb. Masallıdakı şəhər stadionuna əfsanənin adı verilib. Həmçinin 2004-cü ildə UEFA-nın 50 illiyi ilə bağlı keçirilən səsvermənin nəticələrinə əsasən, 1954-2003-cü illər üçün Azərbaycanın ən yaxşı futbolçu adına layiq görülüb. 

0