[b]“WADA Azərbaycanı dünyanın ən müasir strukturlarından biri kimi tanıdı”[/b]
23.02.2017 - 15:33
[b]“WADA Azərbaycanı dünyanın ən müasir strukturlarından biri kimi tanıdı”[/b]

“Fevralın 17-də Beynəlxalq Antidopinq Agentliydən (WADA) Azərbaycan antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarılması ilə bağlı məktub aldıq. Bu səbəbdən də mətbuatla görüşümüz bir qədər sonra baş tutdu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.


Yeni yaradılmış qurumun rəhbəri bu gün KİV nümayəndələrinin qarşısına çıxıb və AMADA-nın əsas istiqamətinin nə olacağından danışıb: “Azərbaycan bir sıra problemlərlə üzləşmişdi. Artıq bu çətinlikləri arxada qoymuşuq. WADA ölkəmizi dünyanın ən müasir strukturlarından biri kimi tanıdı. Hazırda fəaliyyət istiqamətimiz idmançıları dopinq testindən keçirmək, maarifləndirməkdi. Həmçinin, məşqçi və həkim heyətini də savadlandırmaq istiqamətində işlər aparacağıq. Əsas məqsədimiz idmanımızı müdafiə etmək, onların hər biri üçün eyni şəraiti yaratmaqdı. Ölkəmizdə idmançıların saflığını qorumaq əsas missiyamız olacaq. Bu il milli proqram sayəsində 435 test keçirmək nəzərdə tutulub. Hər bir idman növünə risk proqram hazırlanır. Biz də bunu nəzərə alaraq, lazımı testlər götürürük”.


AMADA Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında alman şirkəti ilə birgə çalışacaq. Agentliyin 18 nümayəndəsi bu işlə məşğul olacağı planlaşdırılır.


O bildirib ki, WADA və Beynəlxalq Olimpiya Komitəsi məsələlərə çox ciddi yanaşır: “Bu səbəbdən də hər şey yüksək səviyyədə aparılır”.


Hüseynli bildirib ki, ağırlıqqaldırma, güləş, boks kimi növlər ekstrimal risk qrupuna daxildi. İdmançılardan götürüləcək testlərin sayı da buna uyğun aparılır: “Hazırda 18 dopinq zabiti hazırlayırıq. Onlar İslamiadada iştirak edəcək və sonra AMADA ilə birgə işləyəcək”. Onun sözlərinə görə, bütün idman növlərində, o cümlədən futbolda da dopinq-testlər tətbiq ediləcək.


Hüseynli bildirib ki, Azərbaycanda antidopinq laboratoriyaların olmadığından hələlik analizləri hara göndərəcəkləri tam müəyyənləşməyiblər: “Çox güman ki, bütün dopinq testlər Köln laboratoriyasına göndəriləcək. Bizə uyğun yerlərin də axtarışı davam edir. Yekun qərar martda veriləcək”.


O, AMADA-nın tərkibində Terapevtik İstifadəyə Nəzarət Komitəsi, İntizam Komitəsi və Apellyasiya Komitəsinin yaradıldığını da sözlərinə əlavə edib. Qurumun fəaliyyətinə isə 5 nəfərlik Müşahidə Şurası rəhbərlik edəcək.

 

0