[b]Samir Məsimov: “Neftçi”yə qarşı oynamağı çox istərdim[/b]
23.02.2017 - 16:40
[b]Samir Məsimov: “Neftçi”yə qarşı oynamağı çox istərdim[/b]

AZAL klubunun yeni transferi Samir Məsimovun apasport.az saytına müsahibəsi

 

- AZAL-a keçidiniz necə baş tutdu?

- Təklif bu günlərdə gəldi. Danışıb razılaşdıq. Məni komandasız qoymadığına görə AZAL-ın baş məşqçisi Tərlan Əhmədova minnətdaram.

 

- Yeni komandanızda özünüzü göstərə biləcəksizmi?

- Var gücümlə çalışacağam. Məqsədim kömək etmək və AZAL-ın məşqçilər heyətinin etimadını doğrultmaqdı. İnanıram ki, komandamız Premyer Liqadakı yerini qoruya biləcək.

 

- AZAL ölkə çempionatında növbəti görüşünü “Neftçi”yə qarşı keçirəcək. Sabiq komandanıza qarşı oyunda iştirak edəcəksizmi?

- Hələ ki, adımı iştirak ərizəsinə daxil etməyiblər. Təbii ki, dostlarıma qarşı oynamağı çox istərdim (gülür). “Neftçi”nin hazırkı heyətindən bəzi futbolçularla əvvəl komanda yoldaşı olmuşam. Çox maraqlı görüş olacaq. Fikrimcə, qarşılaşmaya qədər adım iştirak ərizəsinə salınar. Mən bu oyuna hazıram. Komandama kömək etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm.

 

- AZAL-ın ən güclü mövqeyi qismində sizin də çıxış etdiyiniz yarımmüdafiənin cinahlarını göstərmək olar. Rəşad Abdullayev, Sadio Tounkara və Vaqif Cavadovla rəqabətdən qalib ayrılmaq çətin olmayacaq ki?

- Mən rəqabətə hazıram. Əsas heyətdə kimin oynayacağına baş məşqçi qərar verəcək. Hansı futbolçunun daha yaxşı formada olduğunu Tərlan müəllim müəyyənləşdirəcək. Kim hazırdısa, ona da şans verəcək. Mən komandaya daha çox xeyir verən futbolçuların oynamasının tərəfdarıyam.

İsveçdən Anatoli Ponomaryov zəng edib, mənə birinci liqada oynamağı təklif etdi. Lakin xarici dil probleminə görə, ora gedəsi olmadım.

 

- “Neftçi”ni “Domjale”yə dəyişəndə sizə ümidlər bəslənilirdi. Amma Sloveniyadakı karyeranız uğurlu alınmadı. Bunun səbəbini nədə görürsüz?

- Məni “Domjale”yə dəvət edən məşqçinin vaxtında hər şey yaxşı idi. O, özümü göstərmək üçün mənə oynamaq şansı verirdi. Sonra elə alındı ki, həmin məşqçi başqa komandaya getdi. Yerinə gələn çalışdırıcı isə mənə heç bir şans vermədi. “Domjale”də məşqçilərlə heç vaxt problemim olmayıb. Çox mehriban kollektivimiz var idi. Amma belə alındı.

 

- “Domjale”dən ayrılanda başqa klublardan təklif almışdınızmı?

- Bəli, təkliflərim var idi. “Mordoviya” məni heyətinə qatmağı çox istəyirdi. Amma klubun borcu olduğu üçün transferimi həll edə bilmədi. Sonra İsveçdən Anatoli Ponomaryov zəng edib, mənə birinci liqada oynamağı təklif etdi. Lakin xarici dil probleminə görə, ora gedəsi olmadım. Vaxtilə məktəbdə ingilis dilini öyrənmədiyimə görə indi çox təəssüflənirəm (gülür).

 

- Bir müddət sonra səsiniz Qazaxıstandan gəldi. Lakin “Okjetpes” klubunda baxışdan keçə bilmədiniz...

- Düzü, bu məsələ özümə də sirr olaraq qalır. Çünki böyük hörmətlə yanaşdığım baş məşqçi Muxanov məndən çox razı idi. Di gəl ki, “Okjetpes”ə keçəsi olmadım.

 

 

0