[b]“Qarabağ” və “Tottenhem”[/b]
24.02.2017 - 12:02
[b]“Qarabağ” və “Tottenhem”[/b]

Avropa Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, İngiltərə “Tottenhem”i qitənin ikinci dərəcəli klub turnirinin tarixinə düşüb.

 

1/16 finalın cavab oyununda Belçika “Gent”ini qəbul edən London klubu ev oyununa 80 min 465 tamaşaçı toplayıb. “Uembli”dəki bu göstərici Avropa Liqasının mütləq rekordudu.

 

2:2 hesabı ilə nəticələnən oyunadək də rekord İngiltərədə qeydə alınmışdı. Ötən mövsümün “Mançester Yunayted” – “Liverpul” matçını 75 min 180 tamaşaçı seyr etmişdi.

 

Maraqlıdı ki, turnirin final oyunları üçün rekord 52 min 347 nəfər təşkil edir. Bu, 2012-ci ilin “Atletiko” – “Atletik” matçına təsadüf edib.

 

Təbii ki, söhbət yarışın 2009-cu ildə Avropa Liqası adlandığı vaxtdan sonrakı müddətdən gedir. Turnirin UEFA kuboku adlandığı dönəmdə “Real” – “İpsviç” görüşündə 110 min tamaşaçı qeydə alınmışdı.

 

Qeyd edək ki, Azərbaycan klubları “Tottenhem”in rekorduna yalnız həsəd apara bilər. Çünki klublarımızın yarışın əsas mərhələsində - qrupda keçirdiyi 6 oyunda üst-üstə 71 min 334 tamaşaçı qeydə alınmışdı ki, bu da “Uembli”dəki rekorddan azdı. Mövsümün Azərbaycan rekordu isə 30 min 792-di. Bu, “Qarabağ”ın Çexiya “Viktoriya”sı ilə matçında qeydə alınıb.

0