[b]“Nizami Hacıyev futbol fəlsəfəmizə uyğundu” - Zaur Svanadze[/b]
24.02.2017 - 18:04
[b]“Nizami Hacıyev futbol fəlsəfəmizə uyğundu” - Zaur Svanadze[/b]

Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadzenin apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının XX turu çərçivəsində “Qarabağ”ın qonağı olacaqsınız. Hansı nəticəyə ümid edirsiniz?

- Oyuna yaxşı hazırlaşırıq. Bütün futbolçular məşqlərdə var gücləri ilə iştirak edirlər. Bu sarıdan heç bir problemimiz yoxdu. Çətin görüş olacaq. Çünki rəqibimiz çox güclü komandadı. “Qarabağ”a qarşı layiqli oyun göstərməyə çalışacağıq. Yalnız bu halda yaxşı nəticəyə imza ata bilərik.

 

- Yaxşı nəticə deyəndə ancaq qələbəni nəzərdə tutursunuz, yoxsa heç-heçə də ürəyinizcə olar?

- Biz bütün oyunlara qələbə üçün çıxırıq. Görək, necə olacaq?

 

- “İnter” qış fasiləsindən sonra 5 oyunda 8 xal toplayıb. Bu nəticə sizi qane edirmi?

- Məncə, normal nəticədi. 5 matçdan yalnız birində uduzmuşuq. Daha çox xal qazana bilərdik. “Sumqayıt”la görüşdə son dəqiqələrdə qapımızdan qol buraxdıq. Ümumi götürəndə, hələ ki, hər şey planlaşdırdığımız kimi gedir.

 

- Dövrələrarası fasilədə 2 futbolçu – Ruslan Abışov və Ağabala Ramazanovun gedişi komandanızı nə dərəcədə zəiflətdi?

- Təbii ki, onların ayrılması komandaya pis təsir göstərdi. Transfer edə bilmədiyimiz vaxt bu cür oyunçuların gedişi bizi geri saldı. Çox çətin vəziyyətdi və bu, komandaya, əlbəttə ki, təsirini göstərir. Çünki hər ikisi əsas heyət üzvü idi, indi isə başqa klubda çıxış edirlər. Nə edə bilərik? Hazırkı heyətlə də sona qədər mübarizə aparırıq.

 

- “Qarabağ”la görüşdən sonra sizi “Qəbələ” ilə matç gözləyir. İki iddialı rəqiblə ardıcıl oyun keçirmək çətin olmayacaq?

- Bizim üçün çətin olacaq. Amma liderlərlə qarşılaşmaq ağır olduğu qədər, həm də maraqlıdı. İtirəcəyimiz bir şey yoxdu. Futbolçular da istəyirlər ki, “Qarabağ” və “Qəbələ” kimi rəqiblərlə görüşlərdə özlərini sübuta yetirsinlər. Çünki bu cür rəqiblərin də heyətində yaxşı oyunçular çıxış edirlər.

 

- Turnir cədvəlində sizdən öndə qərarlaşan hər iki komanda – həm “Qəbələ”, həm də “Qarabağ”la çempionatda 2 görüşünüz qalıb. Bu mənada, çempionluğun taleyini “İnter”in həll edəcəyini demək olarmı?

- Komandamız qış fasiləsində heyətinə yeni futbolçu qata bilmədi, üstəlik, iki aparıcı oyunçumuz başqa kluba keçdi. Buna baxmayaraq, “Qəbələ” və “Qarabağ”la yenə sona qədər mübarizə aparacağıq. Bəli, məsələyə real yanaşsaq, çempionluq mübarizəsi bu 2 komanda arasında gedəcək. Bizim əsas hədəfimiz isə Avropa Liqasına vəsiqə qazanmaqdı. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Lakin qarşıdakı iki oyunda qalib gəlsək, “İnter”in də çempionluq şansı yaranacaq.

 

- İndiki məqamda çempionluq mübarizəsində “Qəbələ”ni daha şanslı sayırsınız, yoxsa “Qarabağ”ı?

- Çox çətin sualdı. Çünki hər ikisi yaxşı komandadı. Kimin daha güclü olduğu çempionatın sonunda müəyyənləşəcək.

 

- Gələn ayın əvvəlində millimizin Qətərdə toplanışı olacaq. Bu, klubların hazırlığına necə təsir göstərəcək?

- Əvvəllər də yığmanın toplanışları olub. Onda necə təsir edirdisə, indi də elə olacaq. Millinin Qətərlə görüşündən sonra futbolçular öz klublarına qayıdacaqlar və çempionat adi qaydada davam edəcək. Narahat olmağa dəyməz.

 

- “İnter”in futbolçularından adətən Səlahət Ağayev, Tərlan Quliyev və Rauf Əliyev yığmaya çağırılır. Başqa kimləri millinin baş məşqçisi Robert Prosineçkiyə təklif edərdiniz?

- Bu, Prosineçkinin səlahiyyətindədi. Hər məşqçinin futbola öz baxışı var. Əgər “İnter”dən adını çəkdiniz 3 futbolçu dəvət alırsa, deməli, yığmanın məşqçiləri onları layiq bilirlər. Prosineçki çempionatda, demək olar ki, bütün oyunlara baxır. Buna görə də, mənim nəsə deməyim düz çıxmaz.

 

- Prosineçki müsahibəsində “İnter”in kapitanı Nizami Hacıyevin yaxşı oyunçu olduğunu, ancaq onun futbol fəlsəfəsinə uyğun gəlmədiyini bildirib. Həmkarınızın bu fikrinə münasibətiniz necədi?

- Buna görə deyirəm ki, hər məşqçinin futbola öz baxışı var. Nizami bizim futbol fəlsəfəmizə uyğundu. Hacıyev kapitan kimi həmişə bütün gücünü meydanda qoyur. Onun keçirdiyi oyunları Prosineçki də görüb.

 

- “İnter”in aqibəti ilə bağlı son vaxtlar müxtəlif söz-söhbətlər yayılıb. Klubun gələcəyini necə görürsünüz?

- İnanıram ki, sponsor tapılacaq və komanda əvvəlki kimi iddiasını ortaya qoyacaq.

 

- Nizami Hacıyev komandanın aqibətinin avrokuboklara vəsiqə qazanıb-qazanmamasından asılı olacağını deyib. Onun bu fikri ilə razısınızmı?

- Ola bilər. Bəlkə də, biz avrokuboklara vəsiqə verən yerlərdən birini tutsaq, komandaya sponsor tapılacaq.

0