Mərhum prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə növbəti “Media kuboku” start götürür
02.04.2008 - 11:09
Mərhum prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə növbəti “Media kuboku” start götürür
Bakı. Elşən Məmmədov-APA-Sport. “Şərq” qəzeti mərhum prezident Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə KİV nümayəndələri arasında növbəti “Media kuboku” turnirini təşkil etməyə hazırlaşır. Bu haqda “APA-Sport” agentliyinə qəzetin baş redaktoru, turnirin Təşkilat Komitəsinin sədri Akif Aşırlı məlumat verib. Onun sözlərinə görə, sayca 5-ci dəfə keçiriləcək yarışın püşkü aprelin 8-də Beynəlxalq Mətbuat Mərkəzində atılacaq. Bakı Dövlət Universitetinin İdman Kompleksində keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcəklər. İştirakçıların siyahısı hələlik tam dəqiqləşməyib. A.Aşırlı bu məqsədlə müxtəlif telekanal, agentlik və qəzetlərin redaksiyalarını məlumatlandırdıqlarını söyləyib. O, turnirdə müxtəlif mətbu orqanların rəhbərlərindən ibarət komandanın qatılmasının da nəzərdən keçirildiyini vurğulayıb. Ötənilki yarışdan fərqli, komandaların kənardan heç bir oyunçunun adını sifariş ərizəsinə daxil etməsinə icazə verilməyəcək: “Keçən il biz hər komandaya kənardan maksimum iki oyunçunu sifariş ərizəsinə daxil etməsinə icazə vermişdik. Amma müəyyən qarşılaşmalarda komandalar arasında bu məsələdə fikir müxtəlifliyi yaşandı. Ona görə də biz bu dəfə komandaların kənardan oyunçu gətirməsinə icazə verməməyi qərara almışıq. Hər il bu turniri təşkil etməklə KİV nümayəndələri arasında həmrəyliyin təmin olunmasını əsas məqsəd kimi qarşımıza qoyuruq. Bu səbəbdən, turnirin mümkün qədər şəffaf şəraitdə keçməsinə çalışacağıq”.
0