[b]“Mənə futbol lazım deyil” – Tərlan Əhmədov[/b]
27.02.2017 - 18:15
[b]“Mənə futbol lazım deyil” – Tərlan Əhmədov[/b]

“Birinci hissədəki çıxışımızdan razı qalmadım. Ancaq ikinci hissənin son 20-25 dəqiqəsində rəqibi təzyiq altında saxladıq”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi”ni qəbul edən “təyyarəçilər” növbəti dəfə meydanı başıaşağı (0:1) tərk ediblər.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Əhmədov hücum xəttindən narazılığını bildirib: “Hücum xəttindəki problem və müdafiədə buraxdığımız bir səhv bizi məğlubiyyətə sürüklədi. Ümumilikdə komandam döyüşdü, uşaqlar mübarizə apardılar. Çalışdıq ki, rəqibi sürətli hücumlarla yaxalayaq. Ancaq son ötürmələrdə problemlə üzləşirik. Finişə artıq 8 tur qalıb. Nəyisə dəyişmək, böyük yenilik etmək yox, yeni gələnlərin timsalında daha yaxşı çıxış etmək istəyirik. Samir Məsimovun çıxışını çox bəyəndim. Mehdi Tauil orta xətdə çox soyuqqanlı futbol oynadı, hücumun başlanğıcında böyük iş gördü. Həmçinin rəqib hücumlarının qarşısını almaq baxımından da uğurlu idi. Amma hücum xətti üzərində işimizi davam etdirməliyik. Düşünürəm ki, qalan 8 turun heç olmasa, bir neçəsində xal qazanmaq gücünə malikik. Komandama güvənirəm və inanıram ki, qarşıdakı turlarda dönüş edə biləcəyik”.

 

- Vaqif Cavadovun oyunundan nə dərəcədə razı qaldınız?

- Vaqif optimal formadan hələ çox uzaqdı. Bunu mən də başa düşürəm. Amma onun təcrübəsinə ümid edirəm. Fiziki baxımından, bəlkə də, 30-40 faiz hazırdı. Amma onun təcrübəsi, meydanı görmə qabiliyyəti işimizə yarayacaq. Futbolda hər şey biz istədiyimiz kimi olsaydı, işləməyə nə var idi ki.

 

- Döyüşməkdən danışdınız. AZAL-ın futbolçuları futbolçudu, yoxsa samuray? Bu döyüşün sonu olacaqmı?

- Mən hər dəfə oyunçulardan gözəl futbol tələb edirdim. Bu yolla qalib gəlmək istəyirdik. Amma bu gün gözəl futbol yox, nəticə istədim. Mənə futbol lazım deyil. Çünki nə qədər yaxşı oynasaq da, qeyri-müəyyən səbəblərdən qollar buraxırıq, başımıza hər şey gəlir. Sadəcə, bu gün futbol yox, 3 xal istədim. Bugünkü heyətimizi ötənilkindən daha üstün sayıram. Ancaq nəticə yoxdu. Bunun da səbəbləri çoxdu. Qış fasiləsindən dərhal sonra iki yeni futbolçunun eyni vərəqələrlə meydandan qovulması sizə asan gəlməsin. Biri 2-ci, digəri 5-ci dəqiqədə “sarı” alır. Biri fasilə ərəfəsində, digəri isə ikinci hissədə meydandan qovulur. Onların psixologiyasını təsəvvür edin. İlk turda sayılmayan qolumuz, qış fasiləsindən sonra başımıza gələn oyun... Baş məşqçi kimi, mən onları bu psixologiyadan çıxara bilmədim. Nə qədər çalışsam da, bunu unuda bilmirlər. Hər dəfə eyni qorxu ilə meydana çıxırlar. Onlara tapşırıram ki, heç kim hakimin qərarına reaksiya göstərməsin. Amma özümüzdən asılı deyil. Biz mövsüm başlayanda zərbə aldıq və o zərbənin təsirindən çıxa bilmədik. Qış fasiləsindən sonra yenə zərbələr aldıq. Son üç ildə ilk dəfə idi ki, həftəlik məşq proqramını tamamilə dəyişmişdim. Həftədə bir taktiki məşq verdim ki, oyunçuları o psixologiyadan çıxarım, amma alınmır. Tounkaraya fikir verin, son matçlarda qorxa-qorxa oynayır. Biz büdcə baxımından hamıdan geri qalırıq. İkincisi, turnir cədvəlində sonuncu pillədə qərarlaşmışıq. Dediyim amilləri də bura əlavə etsək, samurayları bir kənara qoyun, qladiatorları da gətirsəniz, çətin məsələdi.

0