[b]Kapitan Krneta ilə mübahisə haqda: Dedilər ki, onunla danışacağıq[/b]
28.02.2017 - 10:48
[b]Kapitan Krneta ilə mübahisə haqda: Dedilər ki, onunla danışacağıq[/b]

“Krneta oyunun gedişində mənə dirsək atdı və sarı vərəqə ilə cəzalandırıldı. Lakin aramızdakı mübahisənin səbəbi bu deyildi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun kapitanı Vurğun Hüseynov deyib.

 

Ölkə çempionatının XX turu çərçivəsində dünən “Zirə”nin qonağı olan “gənclik şəhəri” təmsilçisi meydandan məğlub ayrılıb – 0:1.

 

Matçdan sonra qonaqların müdafiəçisi Vurğun Hüseynovla “Zirə”nin serbiyalı futbolçusu Yovan Krneta arasında gərginlik yaşanıb. Özündən çıxan Vurğunu rəqib komandanın digər oyunçuları sakitləşdiriblər.

 

Bununla bağlı fikirlərini bildirən Hüseynov məsələyə aydınlıq gətirib: “Oyun bitəndən sonra Fariz Yusifova yaxınlaşaraq, hakimlərlə görüşdüm. Krneta da həmin məqamda onların yanına gəldi. Bu zaman ağzından 1-2 söz çıxardı, mən də özümü saxlaya bilmədim. Əslində, təbiətcə sakit insanam, meydanda heç vaxt belə davranmamışam. Sadəcə, həmin anda özümdən çıxdım. “Zirə”nin futbolçuları Anar Nəzirov və Kamal Bayramov önümə keçib, məni sakitləşdirdilər. Dedilər ki, özümüz onunla danışacağıq. Daha sonra Elvin Məmmədov telefon danışığında mənə məsələnin yoluna qoyulduğunu bildirdi”.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Sumqayıt” turnir cədvəlində 4-cü pilləni “Zirə”yə təhvil verib. 

0