[b]Məmmədyarov ilk 10-luqda, Məmmədova uçruma yuvarlandı[/b]
01.03.2017 - 00:38
[b]Məmmədyarov ilk 10-luqda, Məmmədova uçruma yuvarlandı[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mart ayı üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.

 

Top-100-də yer alan 5 şahmatçımızdan ən yaxşı nəticə son aylar olduğu kimi, yenə  Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə 1 pillə irəliləyən həmyerlimiz 10-cu yerə yüksəlib. O, 2772 reytinq xalına malikdi.

 

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2710) isə geriləməkdə davam edir. Fevralda oyun keçirməyən həmyerlimiz 36-cı pilləyə enib.

 

Rauf Məmmədovun (2688) mövqeyində dəyişiklik olmayıb. O, keçən ay olduğu kimi 53-cüdü. Ondan fərqli, Eltac Səfərli (2680) geriləyib. Qrossmeysterimiz yeni siyahıda 2 pillə aşağı endiyindən 62-cidi.

 

Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) də mövqeyini yaxşılaşdıranlar sırasındadı. Latviya əsilli zəka sahibimiz 1 rəqibini keçərək 41-ci yerə qalxıb.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Uelsli Sonun (ABŞ, 2822) ikinci olduğu cədvəldə Vladimir Kramnik (Rusiya, 2811) “üçlük”dən kənar qalıb. Fabiano Karuana (ABŞ, 2817) isə 3-cü pillədə qərarlaşıb.

 

Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yenə Gülnar Məmmədova yer alıb. 23 pillə geriləyən həmyerlimiz 2381 reytinq xalı ilə 85-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2649) başçılıq edir.

0