[b]“Azərbaycan voleybolçularının Rusiya çempionatında çıxışı yaxın vaxtlarda olmayacaq”[/b]
02.03.2017 - 12:14
[b]“Azərbaycan voleybolçularının Rusiya çempionatında çıxışı yaxın vaxtlarda olmayacaq”[/b]

“Naxçıvan” voleybol klubunun rusiyalı baş məşqçisi Aleksandr Çyornının apasport.az saytına müsahibəsi

 

- Bir qədər öncə “Naxçıvan” klubu ilə müqavilə imzalamısız. Azərbaycan klubundan təklif sizin üçün gözlənilməz olmadı ki?

- Bəli, düz qeyd edirsiz. Bu dəvət mənim üçün gözlənilməz idi. Daha böyük gözlənilməzlik işə tərcüməçi ilə başlamağım oldu. İlk vaxtlar çox çətin idi. Amma 2-3 həftə sonra oyunçular onlardan nə tələb olunduğunu başa düşməyə başlayanda hər şey xeyli asanlaşdı.

 

- Ölkəmizə gəlinədək voleybolumuz haqda nə bilirdiz?

- Mən klublardan daha çox yığma haqda məlumatlı idim. Çünki federasiyanın saytında yığmanın çıxışı haqda məlumat vardı. Heyəti və nəticələri də qeyd olunmuşdu. Üstəlik, əvvəllər Azərbaycanda çalışmış mütəxəssislər mənə əlavə məlumatlar vermişdi. Klublarla bağlı isə çətinlik vardı. Deyirdilər ki, orda yalnız bir klub olub. Onu da 2 hissəyə bölüblər. Bu komandanın da səviyyəsi Rusiyanın Güclülər Dəstəsinin B qrupunun ilk 4 və ya A dəstəsinin son 4 klubu ilə yaxındı. Bir sözlə, kifayət qədər inkişafda olan yaxşı səviyyədi.

 

- Azərbaycan qadın voleybolu ilə tanınıb. Kişi voleybolumuz durumunu necə qiymətləndirirsiz?

- Əgər Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi qarşıya kişi voleybolunun inkişafı məqsədini qoyubsa, bu hədəfə çatılacaq. Voleybol dünyasına yaxşı məlumdu ki, Faiq Qarayev qadın voleybolunu necə qaldırıb. Bu üzdən də kişi voleybolunu inkişaf etdirmək çətin olmayacaq. Təbii ki, bunun üçün vaxt, pul və səbir lazımdı. İndiki durumda isə kifayət qədər iş görülüb. İndiyə qədər peşəkar məşqçi olmayan “Naxçıvan”da gördüyüm iş perspektiv üçün böyük önəm kəsb edir. Hesab edirəm ki, digər bölgələrdə də komandalar bu yolla inkişaf edəcək.

 

- Maraqlıdı, indiyədək yollarınız Azərbaycanla kəsişmişdimi?

- Bəli. Komandanızla qarşılaşmışam. Bu Özbəkistan millisinin şərəfini qoruduğum vaxt olub. Həmin matçlarda Azərbaycana qarşı çıxış etmişəm.

 

- Azərbaycan çempionatında debütünüz məğlubiyyətlə tarixə düşdü. “Lokomotiv”lə baş tutan ilk matçınız haqda təəssüratlarınız necədi?

- Hər bir məşqçi ürəyində ən yaxşıya ümid edir. Komandasının daha yaxşı oyun göstərəcəyini gözləyir. Mən də buna ümid edirdim. Amma bir peşəkar kimi gözəl başa düşürdüm ki, yalnız məşq edən və heç bir yoxlama oyunu keçirməyən komanda müəyyən səviyyəyə çata bilməz. Təəssüf ki, bizim Türkiyə və İran klubları ilə sınaq matçları keçirmək istəyimiz baş tutmadı. Hətta Bakıya bir gün əvvəl gəlib, “Neftçi” və “Lokomotiv”lə yoxlama matçında gücümüzü bilmək istəyimiz də alınmadı. Çünki təxminən 13 saat yol qət etdik. Vəziyyəti real qiymətləndirsək, komandada problemlər var. Bir ayda kollektiv yaratmaq çox çətindi. İşimizdə əlavə çatışmazlar var və hələ ki onlar üzərində çalışmamışıq. Bakıda keçirilən son dövrəni daha çox məşq xarakterli hesab edirəm. Hətta komandanın qarşısına da topu oyuna daxil etmədə az səhv etmək xarakteri qoymuşam. Təki topu torun o tərəfinə göndərsinlər ki, müdafiə və bloku sınaqdan keçirək. Düzdü, həmin gün “Lokomotiv”lə oyunun əvvəli bizim üçün yaxşı oldu. Lakin bu uzun sürmədi. Sonra isə komandamız rəqibin qarşısında təb gətirə bilmədi və yaxşı voleybol nümayiş etdirə bilmədik.

 

- Bəs “Naxçıvan”da qarşınıza hansı məqsədlər qoyulub?

- Klub rəhbərliyi qarşıma real vəzifə qoyub – 3-cü yer. Bu “Naxçıxan”ın həqiqətən qazana biləcəyi nəticədi. Düzdü, komandamızda 3 legioner də var. Amma onlar yalnız boşluqları aradan qaldırır. Çünki klubda toppaylayıcı və 2 nəfər 1-ci temp oyunçusu yox idi. Komandanın əsas yükünü isə əsas yerli voleybolçular çəkməlidi. Topu yaxşı qəbul etsək, legionerlər də hücumun qurulmasına kömək edəcəklər. Onlar daha çox rəqibin qarşısını alıb, blokda kömək etməlidi. Klubun iddiaları düzgündü. Onlar ilk növbədə öz voleybollarını, öz oyunçularını inkişaf etdirmək istəyir. Klub prezidenti deyib ki, legionerlər getdikdən sonra da peşəkarlığı öyrənəcək voleybolçularla belə azı 3-cü yeri tutmaq istəyirik.

 

- Özünüzlə 2 rusiyalı voleybolçu da gətirmisiz. Legionerlərin komandaya gəlişi davam edəcək, yoxsa onlarla kifayətlənəcəksiniz?

- Komandadakı legionerləri mən gətirməmişəm. Klubun formalaşması, komplektləşməsi ilə federasiya məşğul olub. Bunu qurumun meneceri Roman Nosik edib. “Lokomotiv” və “Neftçi” ilə başabaş mübarizə aparmaq üçün bizə 1-2 oyunçu təklif olunmuşdu. Klub rəhbərliyi öz oyunçularının səviyyəsi qaldırmağı hədəfləyib. Yalnız boş olan mövqeləri əcnəbilərlə doldurmağı planlaşdırırıq. Əlavə oyunçulardan imtinanı mən deyil, klub rəhbərliyi edib. Amma buna baxmayaraq, hədəfimiz dəyişmir, 3-cü yerdi.

 

- Bir mütəxəssis kimi fikriniz maraqlıdı. Bizim voleybolçular nə vaxt Rusiya çempionatında çıxış edə biləcəklər? Yetirmələriniz arasında bu istedada malik kimisə görürsüzmü?

- Azərbaycan voleybolçularının Rusiya çempionatında çıxışı etməsi, bu ölkənin klublarında oynaması yaxın vaxtlarda olmayacaq. Çünki hazırda Rusiya voleybolunda da problemlər var. İlk növbədə maliyyə aşağı düşüb. Müflis olan xeyli klub var. Həmin klubların maliyyə imkanlarına uyğun gəlməyən oyunçuları da var. Bir sözlə, azad voleybolçular bazarı böyükdü. Üstəlik, yüksək səviyyəli klubsuz oyunçuları Ukraynadan da tapmaq olar. Yəni burda rəqabət çox yüksəkdi. Azərbaycan voleybolçularına onlarla rəqabət aparmaq üçün 2 şey lazımdı. Birincisi, yüksək səviyyə, digəri isə o qədər də çox maaş tələb etməməkdi. Çünki hər yerdə, bütün dünyada səviyyə və əmək haqqı əsas istiqamətdi. “Naxçıvan”a gəlincə, burda da Rusiya çempionatında oynaya biləcək səviyyədə voleybolçu yoxdu. Yəqin ki, gec-tez belə oyunçular komandamızda yetişəcək. Amma hazırda beləsi yoxdu.

 

- Bəs Azərbaycan çempionatında hansı komandanı fərqləndirə bilərsizmi?

- Yalnız “Lokomotiv” - “Neftçi” oyununa baxdıqdan sonra onlar haqda fikir bildirə bilərəm. İndiyədək gördüyümə əsasən deyə bilərəm ki, Aleksey Çervyakovun oyun quruculuğu xoşuma gəlir. O, kifayət qədər ağıllı oyun sərgiləyir. Belə səviyyədə toppaylayıcı varsa, o komanda yaxşı çıxış edəcək. Amma bu ilkin təəssüratlarımdı.  

 

- Rusiya qadın voleybolunun koordinatoru Vladislav Fadeyev Azərbaycan klublarının da Rusiya çempionatında çıxış etməsi ideyası ilə çıxış edib. Qadınlarla müqayisədə xeyli geridə qalan kişi voleybolumuzun inkişafı üçün də analoji variantın ortaya atılması, klublarımızın Rusiya, Türkiyə kimi ölkələrdə çıxışı mümkündümü və bu, nə dərəcədə faydalı olar?

- Azərbaycan klublarının Rusiya çempionatında çıxışı ideyası möhtəşəmdi. Bu kişi voleybolunun inkişaf etdirilməsi üçün ən qısa yoldu. İlk 2 komanda Rusiyada maraq və rəqabət yarada bilərdi. Əvvəllər Qazaxıstan, Belarus və digər ölkələrin komandaları ilə bağlı belə praktika olub. Nəticə də yalnız müsbət olub. Voleybolun inkişafı üçün bununla ikiəlli razıyam. Rusiya və ya Türkiyədə oynamağın özü əla fikirdi. Bunun nə dərəcədə mümkünlüyü isə federasiyalar tərəfindən qəbul olunmalıdı. Bu mümkün, amma asan olmayan variantdı. Rusiya klublarının indiki, o qədər də imkanı olmayan dövründə səfərlərin onlar üçün nə dərəcədə sərfəli olacağını deyə bilmərəm.

 

0