[b]Kuboka baxa-baxa qalan ulduzlar[/b]
02.03.2017 - 18:00
[b]Kuboka baxa-baxa qalan ulduzlar[/b]

Dünya futbolunda elə tanınmış simalar var ki, qazandıqları titullarla yanaşı, son anda əllərini üzdükləri mükafatların da sayı çox olub. Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirlərin finalında ən çox uduzan oyunçuların siyahısında hazırda karyerasını davam etdirənlər də var.

 

Siyahıda yaxın keçmişin ulduz oyunçuları da yer alıb.

 

Xavyer Zanetti (5 final)

“İnter”in sabiq kapitanı Zanetti “neradzurra” ilə 1 dəfə UEFA Kubokunu qazanmaq şansını son anda qaçırıb. O, Argentina millisində də 2 dəfə Amerika Kuboku, 2 dəfə isə Konfederasiya Kubokunun finalında uduzub.

 

Paolo Maldini (5 final)

Dünya futbol tarixinin ən güclü müdafiəçilərindən sayılan Maldini “Milan”la Çempionlar Liqasının finalında 3 dəfə məğlubiyyət acısı dadıb (1993, 1995, 2005). Sabiq “ 3 nömrə” eyni zamanda, 1 dünya (1994) və 1 Avropa çempionatının (2000) finalında meydanı başıaşağı tərk edib.

 

Alessandro del Pyero (5 final)

“Yuventus” və İtaliya yığmasının unudulmaz futbolçusu del Pyero karyerası ərzində 3 dəfə (1997, 1998, 2003) Çempionlar Liqasında kubokun bir addımlığında büdrəyib. Bundan əlavə, o, UEFA Superkubokunda və “Skuadra Adzurra” ilə Avropa çempionatında finalda oynamaqla kifayətlənib.

 

Lionel Messi (5 final)

“Qızıl top” mükafatının 5 qat qalibi Messi də karyerası ərzində heç də bütün finalları başıyuxarı tərk etməyib. Belə ki, superulduz Argentina yığmasının heyətində 2007, 2015 və 2016-cı illərdə Amerika Kubokunun, 2014-cü ildə isə dünya çempionatının finalında məğlubiyyətlə üzləşib. Bundan başqa o, 2006-cı ildə “Barselona”nın heyətində UEFA Superkubokunu “Sevilya”ya uduzub. 

 

Mixael Ballak (4 final)

Almaniya futbolunun əfsanələrindən olan Ballak “Bayer” və “Bavariya”nın heyətində 1 dəfə Çempionlar Liqasının final həyəcanını yaşasa da, kuboku başı üzərinə qaldıra bilməyib. Sabiq yarımmüdafiəçi Bundestimlə isə 1 dəfə dünya, 1 dəfə Avropa çempionatının finalında uduzub. Belə ki, onun heyətində yer aldığı Almaniya yığması DÇ-2002-nin finalında Braziliyaya, AÇ-2008-in həlledici görüşündə isə İspaniyaya boyun əyib.

 

Zinəddin Zidan (3 final)

Əfsanəvi yarımmüdafiəçi “Bordo”da olarkən UEFA Kubokunun finalında məğlubiyyətlə üzləşib. O həmçinin “Yuventus”la 1 dəfə Çempionlar Liqası, Fransa millisi ilə isə 1 dəfə dünya çempionatında finaldan başıaşağı ayrılıb.

 

Aryen Robben (3 final)

Hollandiyanın öndə olan futbolçularından biri - Robben “Bavariya” ilə 2 dəfə Çempionlar Liqasının finalında məğlubiyyət acısı yaşayıb. Onun komandası ilk dəfə “İnter”ə, daha sonra isə “Çelsi”yə həlledici matçda uduzub. Robben həmçinin 2010-cu ildə dünya çempionatının finalında eyni aqibəti yaşayıb. Onun çıxış etdiyi Hollandiya yığmasının mundial qalibi olmasına ispanlar imkan verməyib.

 

0