[b]Havaya sovrulan milyonlar[/b]
03.03.2017 - 10:44
[b]Havaya sovrulan milyonlar[/b]

Avropa ölkələrində mövsüm sona yaxınlaşdıqca klublar yay transferlərinin planlarını cızmağa başlayıblar. Apasport.az saytının məlumatına görə, mövsümlərarası fasilədə alınan oyunçuların heç də hamısı uğurlu çıxışla yadda qalmır.

 

Ötən yay reallaşan transferlərdə də analoji hallar müşahidə olunub. Külli miqdarda pullar müqabilində alınan bəzi futbolçular hazırda hətta “18-liy”ə düşməkdə belə, çətinlik çəkirlər.

 

Mövsümlərarası fasilədə baş tutan ən uğursuz 10 transfer belədi:

 

Pako Alkaser

“Valensiya”dan “Barselona”ya (30 milyon avroya)

Messi-Suares-Neymar “trio”sunun əvəzləyicisi olmaq asan iş deyil. İspaniyalı forvard da indiyə qədər komandada varlığını hiss etdirə bilməyib. Hərdən qol vurmasına baxmayaraq...

 

Co Barton

“Bernli”dən “Reyncers”ə (havayı)

Özünü təsdiq etmək üçün Şotlandiyaya yollansa da, orda lətifə mövzusu olub. “Reyncers”in heyətində yadda qalan heç bir oyunu yoxdu.

 

Qabiqol

“Santos”dan “İnter”ə (30 milyon)

“İnter”ə böyük ümidlərlə alınan braziliyalı yeni komandasına heç cür uyğunlaşa bilmir. O, A seriyasının ən böyük məyusluqlarından biri sayılır.

 

Gerson

“Fluminense”dən “Roma”ya (17 milyon)

“Roma”nın heyətində nadir hallarda meydana çıxır. Hətta “Yuventus”la görüşdə start heyətində yer alsa da, fasilədən dərhal sonra əvəzlənib.

 

Andre Qomeş

“Valensiya”dan “Barselona”ya (35 milyon)

Portuqaliyalının dünya səviyyəli orta sahə oyunçularına sahib olan “Barselona”ya heç bir köməyi dəymir.

 

Xese Rodriges

“Real”dan PSJ-yə (25 milyon)

Edinson Kavaninin əvəzləyicisi qismində alındı və qış fasiləsində “Las Palmas”a icarəyə verildi.

 

Andre Şürrle

“Volfsburq”dan Dortmund “Borussiya”sına (30 milyon)

“Borussiya”nın hücum gücünə əlavə güc qatması üçün transfer edilən almaniyalı yarımmüdafiəçi əsas heyətdə düşməkdə çətinlik çəkir.

 

Mussa Sissoko

“Nyukasl”dan “Tottenhem”ə (35 milyon)

AÇ-2016-dakı əla çıxışı sayəsində “Tottenhem”ə transfer olunan Sissoko yalnız ehtiyat oyunçular skamyasında oturmaqla məşğuldu.

 

Qranit Xaka

Mönhenqladbax “Borussiya”sından “Arsenal”a (40 milyon)

Baş məşqçi Arsen Vengerin israrı sayəsində alınan isveçrəli futbolçu “Arsenal”ın yarımmüdafiə xəttindəki problemlərinə əlac olmadı.

 

Simone Zaza

“Yuventus”dan “Vest Hem”ə (5 milyona icarəyə)

Slaven Biliç onun alınmasını çox istəyirdi. Ancaq İngiltərədə heç nə ilə yadda qalmayan forvard qış fasiləsində geri göndərildi.

 

Qeyd: Bu 10 transferə ümumilikdə 247 milyon avro pul xərclənib.

0