[b]“Parisdə onun gücünü heç hiss etməmişdim” - Orxan Səfərov[/b]
11.03.2017 - 10:32
[b]“Parisdə onun gücünü heç hiss etməmişdim” - Orxan Səfərov[/b]

“Böyük dəbilqə” hər il olduğu kimi çox gözəl təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin cüdoçusu Orxan Səfərov deyib.

 

26 yaşlı cüdoçumuz Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə bürünc medal qazanıb. Səfərov 3-cü yer uğrunda görüşdə braziliyalı Erik Takabatekeni məğlub edib.

 

“Böyük dəbilqə”dəki çıxışını şərh edən cüdoçu bildirib ki, “doğma divarlar” arasında döyüşməyin asan olduğu deyilsə də, çox məsuliyyətlidi: “Çətin olur, rahat güləşə bilmirsən. İlk döyüşümdə iki həftə öncə Parisdə qalib gəldiyim qazaxıstanlı Qusman Kırqızbayevə uduzdum. Bu görüşü nəzərə almasam, yaxşı çıxış etdim. Parisdə qazaxıstanlı idmançının gücünü heç hiss etməmişdim. Burda döyüşüm nəsə alınmadı. Düzü, bu yarışa çox məsuliyyətli yanaşdım. Çünki çempionluğa güləşirdim”.

 

Səfərov ilk görüşündə Kırqızbayevə məğlubiyyətin səbəbini də açıqlayıb: “Hakim heç nədən mənə 2 şido verdi. Bəlkə də birincisi düşürdü. Amma ikincini düzgün vermədi. Artıq hücum etməliydim ki, mənə 3-cü cəriməni verməsinlər. Bunu da etdim. “Qızıl xal” üçün güləşəndə mən rəqibə 2 şido da “verdirdim”. Amma hücum etməkdən yoruldum və o qalib gəldi”.

 

“Böyük dəbilqə”nin mükafatçısı Dünya Turu çərçivəsində keçiriləcək növbəti yarışlara qatılmayacağını da açıqlayıb. Onun sözlərinə görə, 2 turniri buraxdıqdan sonra Avropa çempionatında qüvvəsini sınamağı planlaşdırır: “Çünki hazırlıq da keçməliyik ki, qitə çempionatında və İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edək”.

 

“Böyük dəbilqə” yarışı bu gün və sabah da davam edəcək. Səfərovun sözlərinə görə, turnirdə Rüstəm Orucov, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Elxan Məmmədov və Elmar Qasımovdan da medal gözləyir.

 

Qeyd edək ki, Azərbaycan millisi “Böyük dəbilqə”yə 50 cüdoçu ilə qatılıb. Yarışın ilk günündə onlardan 19-u çıxışını başa vurub. 

0