[b]“Böyük dəbilqə”: Mehdiyev və Qasımov "gümüş", Elxan Məmmədov "bürünc" qazandı - YENİLƏNİB[/b]
12.03.2017 - 18:48
[b]“Böyük dəbilqə”: Mehdiyev və Qasımov "gümüş", Elxan Məmmədov "bürünc" qazandı - YENİLƏNİB[/b]

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə daha 5 dəst medal öz sahibini tapıb.

 

Azərbaycan yığması 5 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunub.

 

Kişilər

 

90 kq

Cüdoçularımızdan Aslan Mirzəyev mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi qazaxıstanlı İslam Bozbayev olub. Təmsilçimiz ilk görüşdəcə məğlubiyyətlə üzləşib və çıxışını başa vurub.

 

Tural Səfquliyev də turnirə həmin mərhələdən qoşulub. O, braziliyalı Bruno Medonkaya qalib gələrək 1/4 finala adlayıb. Turalın rəqibi ukraynalı Quedjau Nhabali olub. Ukraynalı idmançı ilə mübarizədə üstün tərəf olan Səfquliyev yarımfinala yüksəlib. O, final uğrunda qazaxıstanlı İslam Bozbayevlə qarşılaşıb. Rəqibinə "qızıl xal"la uduzan Tural üçüncülük yarışında gürcü Uşanqi Marciani ilə üz-üzə gəlib. Gürcü cüdoçuya da məğlub olan Tural medalsız qalıb.

 

Məmmədəli Mehdiyev də komanda yoldaşları kimi ilk görüşünə 1/8 finalda çıxıb. İranlı Vahid Nuri ilə qarşılaşan Mehdiyev rəqibinə şans verməyib. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Uşanqi Marciani olub. Məmmədəli gürcünü də sıradan çıxarıb və yarımfinala adlayıb. Bu mərhələdə komanda yoldaşı Əbdülhəqq Rəsullu ilə rəqib olan Mehdiyev qalib gələrək finala yüksəlib. Finalda Mehdiyevin rəqibi qazaxıstanlı İslam Bozbayev olub. Finala qədər iki azərbaycanlı cüdoçunu sıradan çıxaran Bozbayev Məmmədəliyə də qalib gələrək qızıl medalı qazanıb.

 

Əbdülhəqq Rəsullu isə yarımfinala çıxmaq uğrunda estoniyalı Matias Kuusik ilə üz-üzə gəlib. Rəqibini "qızıl xal"la məğlub edən cüdoçumuz yarımfinala çıxaraq komanda yoldaşı Məmmədəli Mehdiyevlə rəqib olub. Əbdülhəqq komanda yoldaşına uduzub. Onun "bürünc" uğrundakı rəqibi ukraynalı Quedjao Nhabali olub. Rəsullu ukraynalı ilə bacarmayıb və turniri mükafatsız başa vurub.

 

100 kq

Bu çəki dərəcəsində əsas medal ümidlərimizdən biri, Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov turnirə 1/4 finaldan başlayıb. O, ilk olaraq gürcüstanlı David Ozbetelaşvili ilə görüşüb. Rəqibinə şans verməyən Qasımov yarımfinala adlayıb. Bu mərhələdə komanda yoldaşı Elxan Məmmədova qalib gələn Elmar finala çıxıb. "Qızıl" uğrunda Qasımovun rəqibi hollandiyalı Mişel Korrel olub. Həlledici görüşdə olduqca zəif təsir bağışlayan cüdoçumuz məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Ağır çəkidəki digər titullu cüdoçumuz Elxan Məmmədov da turnirə 1/4 finalla start verib. Elxan ilk olaraq estoniyalı Qriqori Minaşkinlə üz-üzə gəlib. Rəqibini yolundan kənarlaşdıraraq yarımfinala yüksələn cüdoçumuzun final yolundakı rəqibi komanda yoldaşı Elmar Qasımov olub. Olimpiadanın gümüş medalçısına məğlub olan idmançımız "bürünc" uğrunda yarışıb. Məmmədovun üçüncülük uğrundakı rəqibi də komanda yoldaşı olub. Zelim Kotsoyevi məğlub edən Elxan Məmmədov komandamızın medal sayını artırıb.

 

Təmsilçimiz Zelim Kotsoyev isə yarışa ilkin mərhələdən qoşulub. Onun ilk rəqibi qazaxıstanlı Aybek Serikbayev olub. Rəqibinə qalib gələn Zelim növbəti görüşdə hollandiyalı Miçel Korrelə uduzub. Kotsiyev mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. O, bu mərhələnin ilk qarşılaşmasında belçikalı Toma Nikiforovu məğlub edib. Bürünc medal uğrunda Kotsoyev təcrübəli Elxan Məmmədova məğlub olub.

 

Turnirə 1/8 finaldan başlayan digər idmançımız Sənan Əhmədov ilk görüşdəcə macarıstanlı Mikloş Ciryenkisə uduzaraq çıxışını başa vurub.

 

+100 kq

Ən ağır çəkidə mübarizə aparacaqlardan Ayxan Cəfərov 1/8 finalda gürcü Quram Tuşişviliyə uduzub və turnirlə vidalaşıb.

 

İki cüdoçumuz – Uşanqi Kokouri və Kənan Abdulxanlı arasındakı yarışın qalibi isə legioner olub. Uşanqinin növbəti rəqibi monqolustanlı Duurenbeyar Ulzibeyar olub. Uşanqi bu rəqibini də yolundan çıxarıb və yarımfinala adlayıb. Legioner idmançımız final yolunda həmyerlisi Quram Tuşişvili ilə qarşılşıb. Məğlub olan Uşanqi digər gürcü Onise Buqadze ilə "bürünc" üçün döyüşüb və həmyerlisinə də uduzaraq turniri medalsız başa vurub.

 

İsa Hüseynov da 1/8 finaldan start verdiyi turnirdə ilk olaraq Ukrayna təmsilçisi Stanislav Bondarenkoya məğlub olub.

 

Qadınlar

 

78 kq

Günel Həsənli 1/8 finalda braziliyalı Melina Skardua ilə üz-üzə gəlib. Cənubi amerikalı rəqibini yolundan kənarlaşdıran xanım təmsilçimiz daha sonra Qusye Stenhuisə uduzub. Mübarizəni təsəlliverici görüşdə davam etdirən Günelin rəqibi qazaxıstanlı Albina Amangəldiyeva olub. Bu rəqibi ilə bacarmayan Həsənzadə turnirlə vidalaşıb.

 

Mehriban İmamzadə isə ilk rəqibi digər “sambaçı” Samanta Soares uduzub və çıxışını başa vurub..

 

+78 kq

Qadınlar arasında ən ağır çəkidə yarışacaq yeganə təmsilçimiz Şəms Hacıyeva 1/8 finalda braziliyalı Kamila Yamakavaya uduzub və turnirlə vidalaşıb.

0