[b] “Böyük Dəbilqə”nin faydası[/b]
13.03.2017 - 10:21
[b] “Böyük Dəbilqə”nin faydası[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan idmançıları üçün uğurlu alınıb.

 

Belə ki, yarışın çempionu olan Rüfət Hüseynov birdən-birə 97 pillə irəliləyib. “Qəbələ” İdman Klubunun yetirməsi 81 kq çəki dərəcəsində 15-ci yerə yüksəlib. Yalnız finalda uduzan Məmmədəli Mehdiyev (90 kq) 11 rəqibini qabaqlayıb. O, siyahıda 11-cidi. Mehdiyev kimi həlledici görüşdə məğlubiyyət acısı yaşayan Elmar Qasımov (100 kq) isə yenidən birinci pilləni ələ keçirib.

 

Komandamızın heyətində bürünc medal qazanan Orxan Səfərov da 60 kq çəki dərəcəsində dünyanın ən güclüsünə çevrilib. Onun kimi yarışı 3-cü pillədə bitirən Rüstəm Orucov (73 kq) da öz çəkisinin birincisidi. “Böyük dəbilqə”də digər bürünc medalçımız Elxan Məmmədov (100 kq) isə 7 rəqibinin önünə keçib. Dünya çempionumuz hazırda 5-cidi.

 

Qadınların yarışında yeganə mükafatımızın sahibi Xanım Hüseynova 73 pillə yüksələrək, 35-ci yerə qalxıb.

 

Digər aparıcı cüdoçulara gəlincə, turnirdə 5-ci olan Nicat Şıxəlizadə ilə Uşanqi Kokauri (+100 kq) hərəyə 3, Hidayət Heydərov (73 kq) 10, Tural Səfquliyev (90 kq) 16 rəqibini arxada qoyub. Onlar müvafiq olaraq, 4-cü, 18-ci, 23-cü və 25-ci pilləyə yüksəliblər.

 

Aişə Qurbanlı isə 48 kq çəki dərəcəsində mövqeyini itirib. Yarışda uğursuz çıxış edən təmsilçimiz 51-ci yerə endiyi halda, bu çəkidə 7-ci olan Leyla Əliyeva 47-ci (+89) pilləyə qalxıb.

 

İlqar Müşkiyevlə (66 kq) Tərlan Kərimov (66 kq) da geriləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 3 və 2 pillə aşağı düşüblər. Müşkiyev son siyahıda 21-ci, Kərimov 55-ci yerdə qərar tutub. 

0