[b]"Dayanmadan ağlayır, sakitləşmək bilmirdi" - LAYİHƏ[/b]
13.03.2017 - 16:06
[b]"Dayanmadan ağlayır, sakitləşmək bilmirdi" - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin on birinci yazısı Çempionlar Liqasında ilk zəfərə həsr olunur.

 

Uğursuz ilk 3 cəhd

Bu, 2000-2001 mövsümünə təsadüf edir. Halbuki o vaxta qədər təmsilçilərimiz 3 dəfə bu turnirdə ilki bacarmayıblar. ÇL-də debütümüz 1997-98 mövsümünə təsadüf edir. Ardıcıl olaraq bir dəfə "Neftçi", iki dəfə isə "Kəpəz" ən mötəbər turnirin birinci mərhələsindəcə mübarizəni dayandırıblar. Halbuki Gəncə klubu ikinci cəhddə buna çox yaxın olub. Makedoniya təmsilçisi "Sloqa"ya səfərdə 0:1 hesablı məğlubiyyətin əvəzi Bakıda 2:1 hesablı qələbə ilə çıxılsa da, səfər qolu sayəsində rəqib sevinən tərəf olub. Ancaq növbəti mövsümdə "Şəmkir" futbol ictimaiyyətinin üzünü güldürə bilib.

 

Qol "silah"ı - bombardir cütlük

1999-2000 mövsümündə ən yaxın izləyicisi "Kəpəz"i 11 xal qabaqlayaraq, Azərbaycan çempionu olan "Şəmkir" ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ əldə edib. Çempion heyəti qoruyan bölgə təmsilçisi Xaqani Məmmədov, Etibar Tarıverdiyev və İmamyar Süleymanovla bir qədər də güclənib. Əsası yerli oyunçulardan qurulan komandada iki önəmli legioner var idi - Badri Kvaratsxeliya və Viktor Kulikov. Məhz onlar baş məşqçi Ağasəlim Mircavadovun ən önəmli "silah"ları idi. Axı bu cütlük həmin vaxt ən təhlükəli hücum tandemi sayılırdı. Təsadüfi deyil ki, Badri mövsümü 16 qolla bombardir kimi başa vurmuşdusa, Viktor da aktivinə 12 top yazdırmışdı.

 

Tarixi zəfərə 1500 dollarlıq mükafat

Çempionlar Liqasında debüt edən "Şəmkir"in birinci mərhələdə rəqibi Latviya "Skonto"su idi. Riqadakı ilk duel meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatmışdı. 82-ci dəqiqədə Kulikov bərabərlik topunu vursa da, ev sahibləri son dəqiqədə penalti qolu sayəsində Bakıya üstün yollanmağı bacarmışdılar - 2:1. Amma məhz Kulikovun qolu cavab görüşünə ümidlə baxmağa imkan verirdi.

Bakıdakı qarşılaşmaya qolla başlasaq da, qonaqlar hissənin ortalarında "status-kvo"nu bərpa ediblər. Dəqiqələr ötdükcə komandamızın mərhələ adlamaq şansı minimuma enirdi. İlk matçda olduğu kimi, yenə son dəqiqədə qol vurulub. Bu dəfə də toru silkələyən ev sahibləri olublar. "Şəmkir" əsas vaxtı 2:1 hesabı ilə öndə tamamladığından, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Həmin 30 dəqiqədə isə meydanın bir ağası var idi - "Şəmkir". Aramsız hücumlar edən Mircavadovun yetirmələri rəqibi daha 2 dəfə mərkəzə dəvət edərək, tarixi uğura imza atıblar. Kvaratsxeliya het-triklə qələbənin memarı olubsa, Kulikov bu görüşü də qolsuz başa vurmayıb. Beləliklə, qarşısıalınmaz cütlük "Skonto"nu da "dəfn etməyi" bacarıb.

Bu tarixi zəfərə görə "Şəmkir"in həmin dönəmdəki prezidenti Şahbaz Süleymanov futbolçulara 1000-1500 dollar arası mükafat verib. Həmin məbləğ oyunçuların meydanda olma dəqiqəsinə əsasən dəyişirdi. Həmçinin məşqçilər korpusunun da hər biri eyni miqdarda mükafata layiq görülüb.

 

2000-2001 mövsümü

UEFA Çempionlar Liqası

I mərhələ, cavab görüşü

 

"Şəmkir" - "Skonto" - 4:1

Qollar: Badri Kvaratsxeliya, 3, 90, 100; Viktor Kulikov, 110 - Mantas Samusiovas, 31

İlk oyun - 1:2

"Şəmkir" (Azərbaycan): 1. Rauf Mehdiyev, 2. Mübariz Orucov (16. Aqil Məmmədov, 62), 3. Mehman Yunusov (k), 4. Nicami Ocaqverdiyev, 5. Faiq Cabbarov, 6. Əli Abuşov (14. Xaqani Məmmədov, 78), 7. Mahmud Qurbanov, 8. Xaliq Mərdanov, 9. İsmayıl Məmmədov (15. Etimad Qurbanov, 73), 10. Viktor Kulikov, 11. Badri Kvaratsxeliya

Ehtiyat oyunçular: 12. Etibar Tarıverdiyev, 13. Arif Məmmədov, 17. Mətləb Məmmədov, 18. İmamyar Süleymanov

Baş məşqçi: Ağasəlim Mircavadov

"Skonto" (Latviya): 1. Aleksandr Kolinko, 2. İqor Stepanov, 4. Mixail Zemlinski, 5. Valentin Lobanov, 6. Oleq Blaqonadezdin (3. Yuri Layzans, 102), 7. Aleksandr Rekviaşvili (k), 8. Orestas Buitku, 9. Andrey Rubin, 10. Vladimir Kolesniçenko (11. Mixail Mixolap, 71), 18. Andrey Tereşnikas (13. Levan Korqalidze, 92), 23. Mantas Samusiovas

Ehtiyat oyunçular: 16. Andrey Pedel, 12. Renar Vuçan, 19. Yevgeni Buda

Baş məşqçi: Aleksandr Starkov

Sarı vərəqələr: Mehman Yunusov, 62; Əli Abuşov, 71; Badri Kvaratsxeliya, 110; Rauf Mehdiyev, 115 - Aleksandr Rekviaşvili, 69

Baş hakim: Miroslav Rişka (Polşa)

19 iyul 2000-ci il. Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. 10500 tamaşaşı

 

"Riqada Şəmkirin varlığından xəbərsiz idilər"

Həmin dövrdəki baş məşqçi Ağasəlim Mircavadov komandanın Çempionlar Liqasına hazırlıq vaxtı üzləşdikləri çətinliklərdən danışıb. O bildirir ki, toplanışı Bakıda, məhdud şərait daxilində keçiblər: "Klubun rəhmətlik prezidenti Şahbaz müəllim və həmin vaxtkı icra başçısı imkan daxilində əllərindən gələn şəraiti yaratmağa çalışırdılar. Amma elə güclü şərait yox idi ki, yay təlim-məşq toplanışını sərin ölkələrdə keçirək. Çempion olduqdan sonra Çempionlar Liqasının hazırlığını Bakıda keçməli olduq. Buzovnadakı stadionda məşq edib, orda olan bir oteldə qalırdıq. Yoxlama görüşləri üçün də rəqib yox idi. Yəni oyun praktikası baxımından hazırlığımız ürəkaçan olmamışdı. Riqaya gedəndə, orda Şəmkirin varlığından xəbərsiz idilər, elə bilirdilər ki, cavab görüşü elə rayonda oynanılacaq. Amma başa saldıq ki, Şəmkirdəki stadion UEFA-nın tələblərinə cavab vermədiyi üçün onları Bakıda qəbul edəcəyik. Onda xeyli rahatlaşdılar, dedilər ki, Bakıda olmuşuq, "Tofiq Bəhramov"da oynamışıq. "Skonto" bizim üçün qaranlıq qutu idi. İnformasiya yox dərəcəsində idi, rəqibin nəyə qadir olduğunu bilmirdik. Matçdan iki gün əvvəl ora getdik, oyuna qədər heyətlərini, əsas liderlərini, hansı taktikada çıxış etdiklərini öyrəndik. Onların baş məşqçisi Aleksandr Starkova isə futbolçu kimi böyük hörmətim var idi".

 

"Arifin orda ağlamağı hamımıza pis təsir etdi"

Mircavadov "Şəmkir"in hələ Latviyadakı görüşdə məğlubiyyətə layiq oynamadığını düşünür. Rəqib futbolçunun “bicliyi” hesabına yenildiklərini söyləyən təcrübəli mütəxəssis cavab oyununa hazırlıq zamanı oyunçuların olduqca həvəsli olduqlarını vurğulayıb: "Orda bərabər səviyyəli oyun keçdi. Əlbəttə ki, "Skonto"nun cüzi üstünlüyü var idi. Hesab 1:1 olanda qol epizodu yaratdıq, vura bilmədik. Sona yaxın müdafiəni gücləndirmək üçün Arif Məmmədovu meydana buraxdım. O da həyəcandan penaltiyə səbəb oldu. Matçın gedişində də, ondan sonra da dayanmadan elə hey ağlayırdı. Deyirdi ki, uşaqların əziyyətini yerə vurdum. Hamımız qucaqlayıb təsəlli verirdik, amma Arif sakitləşmək bilmirdi. Əslində, orda penalti yox idi. Sadəcə, rəqibin futbolçusu Arifin təcrübəsizliyindən istifadə edib hakimi aldatdı. Arifin orda ağlamağı hamımıza pis təsir etdi.

Bakıya qayıdandan sonra köhnə "İnturist"də qalırdıq. Məşqlərimizi isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirdik. Mən çox sakit idim, içimdə bir rahatlıq var idi. Uşaqlar elə hazırlaşırdılar ki, onlara əlavə söz deməyə ehtiyac qalmırdı. Zarafat edə-edə məşq keçirdilər, bütünlüklə qələbəyə köklənmişdilər. Hava çox isti olsa da, əksəriyyəti məşqdən sonra qalıb, 20-25 dəqiqə hazırlaşırdı. Mahmud Qurbanov uzun ötürmələr üzərində işləyirdi, deyirdi ki, bunlar oyunda lazım olacaq. Onların məşq prosesinə baxanda arxayın olurdum".

 

"Sözümə baxmadı, qaçıb meydana girdi"

70 yaşlı mütəxəssis cavab oyununda yaşananları isə belə xatırlayır: “Artıq 3-cü dəqiqədə hesabı açsaq da, hissənin ortalarında qapımızda top gördük. Fasilədə hamı sakit oturmuşdu, ikinci hissəni gözləyirdi. İkinci hissədə rəqibi sıxmışdıq, qol vəziyyətləri yaradırdıq. Sadəcə, futbolçularımız həyəcandan, tələsdiklərindən şansları dəyərləndirə bilmirdilər. Tez qol vurmaq istəyirdilər, bu da hücumda istədiyimiz oyunu göstərməyimizə mane olurdu. Amma 90-cı dəqiqədə Badrinin vurduğu qol bizi ruhlandırdı. Əlavə edilmiş 30 dəqiqə öncəsi yaranan fasilədə uşaqlara dedim ki, bir tribunalara baxın, onlara görə qələbə qazanmalısınız. Mövqelərdə bəzi dəyişikliklər elədim. Çünki rəqibin əks-hücumlarda təhlükəli futbolçuları var idi. Onların liderləri kapitan Aleksandr Rekviaşvili idi, Gürcüstan yığmasında oynayırdı. Xaliq Mərdanova tapşırdım ki, ona yaxın oyna. Xaliq də ona göz açmağa imkan vermədi. Həm ikinci hissədə, həm də əlavə edilmiş dəqiqələrdə Rekviaşvilinin meydanda varlığı hiss olunmadı. Futbolçularımız əlavə 30 dəqiqəni elə keçirdilər ki, elə bil meydana yeni çıxıblar. 2 qol vurduq, daha 2 qol şansını qaçırdıq. Hər qol vuranda uşaqlar ehtiyatda oturan Arif Məmmədovu qucaqlamağa gəlirdilər. Hətta 3-cü qoldan sonra Arif meydana girdi. Dedim ki, çıxma, hakim səni cəzalandıracaq. Amma sözümə baxmadı, qaçıb uşaqları qucaqladı. Mən indiyə qədər heç bir komandada o cür istək görməmişəm. "Skonto" həmin vaxt bir növ Latviya yığması sayılırdı. Çünki 9 futbolçuları millidə oynayırdı. Adətən milli üzvünün fiziki durumu daha yaxşı olur. Üstəlik, onlarda çempionat davam edirdi. Buna baxmayaraq, əlavə edilmiş dəqiqələrdə meydanda yalnız bir komanda var idi. Uşaqlar həm son dəqiqə qolunun verdiyi yüksək motivasiya, həm də fiziki hazırlıq hesabına "Skonto"ya aman vermədilər".

 

"Halları qalmamışdı, güclə nəfəs alırdılar"

Mircavadov matçdan sonra baş verənləri də bölüşüb. O, isti havanın futbolçuları taqətdən saldığını bildirib: "Mərhələ adlayanda nəyi bacardığımızı tam dərk edə bilmirdik. İlk dəfə idi ki, bir Azərbaycan klubu Çempionlar Liqasında mərhələ adlayırdı, amma biz bunun fərqində deyildik. Görüşdən sonra rəhbərlik gəlib təbrik elədi, tribunadakılar coşğu içində idilər. Axı bunu hansısa təcrübəli klub yox, rayon komandası gerçəkləşdirmişdi. Həmin vaxt stadiondan paltardəyişmə otağına tunellə gedirdik. O tunel də çox sərin idi. Uşaqlar oyundan sonra həmin tuneldə bir müddət oturub sərinlədilər. Çünki qan-tər içində idilər. Paltardəyişmə otağına girəndə gördüm ki, taqətləri qalmayıb. Üzləri gülürdü, amma qələbəni bayram eləməyə halları qalmamışdı, güclə nəfəs alırdılar. Mətbuat konfransına gedəndə azarkeşlər üstümə şığıyırdılar. Bunu gördüm, sevincdən gözlərim doldu. Həmin gün "Şəmkir" oyunu ilə isti havada Azərbaycan xalqına sərinlik, rahatlıq verdi".

 

"Gecələr yığışıb bunu müzakirə edirdik"

Növbəti həmsöhbətimiz qələbədə önəmli pay sahiblərindən olan Mahmud Qurbanovdu. Sabiq yarımmüdafiəçi hələ səfər qarşılaşmasından sonra mərhələ adlayacaqlarına inandıqlarını bildirib: "Skonto" zəfəri bizim üçün xoş xatirələrdi. Futbol oynayanda belə uğurların əhəmiyyətini tam dərk edə bilmirdik. Amma vaxt keçdikcə, arxaya baxanda görürsən ki, heç vaxt unudulmayan oyunlar da olur. Yaddan çıxmayan həmin görüşlərdən biri də "Skonto"ya qarşı olmuşdu. İlk dəfə idi ki, Azərbaycan klubu Çempionlar Liqasında mərhələ adlayırdı. "Skonto" Latviyanın ən güclü komandası idi, yığmanın özəyini təşkil edirdi. Gürcüstan millisində oynayan iki legionerləri var idi, baş məşqçiləri Aleksandr Starkov isə həm də Latviya millisini çalışdırırdı. Səfərdə 1:2 hesabı ilə məğlub olduğumuzdan, mərhələ keçmək şansımız az deyildi. Oturub-durub bunu müzakirə edirdik, hətta yemək zamanı da bu barədə fikir mübadiləsi aparırdıq. Yorğun olmağımıza baxmayaraq, gecələr yığışıb bunu müzakirə edirdik. Tarixə düşmək istəyirdik, həm də gələcək karyeramız üçün bu oyunun vacib olduğunu bilirdik”.

 

"İmkanlar olsaydı, bizi əllərində aparardılar"

Qurbanov deyir ki, Bakıdakı matçın sonlarında tribunaların çoxu artıq boşalmışdı: "Doğrudu, Bakıdakı görüşün son dəqiqələrinə qədər "Skonto" şanslı görünürdü. Çünki hesab 1:1 idi. Hətta azarkeşlərin çoxu stadionu tərk etmişdi, qol vuracağımıza inanmırdı. Amma biz özümüzə güvənirdik. 90-cı dəqiqədə Badri ustalığı hesabına istədiyimiz qolu vurdu. Əlavə edilmiş dəqiqələrdə sanki bizə ikinci nəfəs gəldi, rəqibdən aşkar üstün oynayırdıq. Hava çox isti olsa da, bunu hiss etmirdik. Həm fiziki, həm də motivasiya baxımından çox üstün idik. Hətta deyim ki, daha böyük hesabla qalib gələ bilərdik. Qapı dirəyindən dönən topumuz da oldu. İstənilən halda, rəqibdən üstün oynayıb, layiqli qələbəmizi qazandıq.

Qarşılaşmadan sonra bütün Azərbaycanda bayram idi. Avtobusa tərəf gedəndə gördük ki, azarkeşlər bizi gözləyirlər. İmkanlar olsaydı, bizi evə əllərində aparardılar. Düzdü, futbolu özümüz üçün oynayırıq, amma azarkeşsiz futbolun da bir marağı yoxdu".

 

Ümidi tükədən 12 dəqiqə

"Şəmkir"in II mərhələdəki rəqibi daha güclü komanda idi. Çempionumuzun Çexiya "Slaviya"sı önündə şansı yox dərəcəsində hesab edilirdi. Amma Praqadakı ilk qarşılaşmanın nəticəsi azarkeşləri yenə ümidləndirmişdi. Bakıya 0:1 hesablı yenilgi ilə dönən təmsilçimiz cavab qarşılaşmasına növbəti mərhələ arzusu ilə çıxmışdı. Hissənin sonlarında "Slaviya" hesabı açsa da, fasilədən dərhal sonra Badri Kvaratsxeliya bərabərlik topu ilə azarkeşləri yenidən həyəcanlandırıb. Lakin 57-69-cu dəqiqələr aralığında 3 dəfə komandamızı mərkəzə dəvət edən "Slaviya" sürprizə imkan verməyib və böyük hesabla (4:1) qalib gələrək, yoluna davam edib.

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0