[b]“İslamiadada da xalqımızı sevindirməyə çalışacağıq”[/b]
14.03.2017 - 15:54
[b]“İslamiadada da xalqımızı sevindirməyə çalışacağıq”[/b]

Bu gün Gənclər və İdman Nazirliyində Eyndhoven şəhərində keçirilmiş “Dutch Open”də 10 medal qazanan taekvondo millimiz və Bakıda təşkil olunmuş “Böyük Dəbilqə”də 7 mükafat qazanan cüdo yığmamızla görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan taekvondo və cüdo yığma komandalarımızın məşqçilər korpusu, idmançılar iştirak edib. 

 

Mansurov hər iki növ üzrə yığmalarımızın çıxışını uğurlu adlandırıb və İslam Həmrəyliyi Oyunlarında komandalarımıza uğurlar arzulayıb.

 

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərhad Məmmədovun sözlərinə görə, komandamız ötən illə müqayisədə daha yaxşı çıxış edib: “1 qızıl, 2 gümüş və 4 bürünc medal qazandıq. Əsas məqsədimiz İslamiadadı. Ümid edirik ki, orda da inamlı çıxış edəcəyik”.

 

Məmmədovun fikrincə, 73 kq çəki dərəcəsində Rüstəm Orucovla Hidayət Heydərov kimi güclü idmançılar olsa da, onların çəki dərəcəsini dəyişdirməsi gündəmdə deyil.

 

Məşqçilər korpusu da bununla bağlı fikirlərini açıqlayıblar. Onlar qeyd ediblər ki, bu, yığmada rəqabəti daha da gücləndirir.

 

Taekvondo üzrə kişilərdən ibarət millinin böyük məşqçisi Rəşad Əhmədov da komandamızın 10 medal qazanmasını uğurlu nəticə hesab edib. O vurğulayıb ki, hər şey İslam Həmrəyliyi Oyunlarında uğurlara hesablanıb: “İslam Həmrəyliyi Oyunlarında da xalqımızı sevindirməyə çalışacağıq".

 

Qadın taekvondoçulardan ibarət komandanın baş məşqçisi Elnur Amanov da tədbirdə çıxış edib: “Yığmada ilk sınağım Türkiyədə oldu. Bu yarışdan sonra 4 idmançını komandadan uzaqlaşdırdım.  Hollandiyada 2 medal verdik. Komandada işləyirik və inanırıq ki, qarşıdakı yarışlarda daha uğurlu çıxış edəcəyik".

 

Hollandiyada keçirilən turnirdə çempion tituluna yiyələnən Fəridə Əzizova Azərbaycan xalqını ilaxır çərşənbə münasibətilə təbrik edib.

 

 

Qeyd edək ki, G1 kateqoriyalı “Dutch Open”də təmsilçilərimizdən Xanoğlan Kərimov (45 kq), Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq), Fəridə Əzizova (67 kq) qızıl, Ayaz Qənbərli (51 kq), Darya Şkurko (62 kq) gümüş, Ayxan Tağızadə (68 kq) və Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

 

“Böyük Dəbilqə”də isə Rüfət İsmayılov (81 kq) çempion olduğu halda, Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) ikinici, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və Xanım Hüseynova (63 kq) üçüncü yeri tutub. 

 

0