[b]“Bundan dərs götürməliyik” – məşqçi fikirləri[/b]
16.03.2017 - 10:33
[b]“Bundan dərs götürməliyik” – məşqçi fikirləri[/b]

“İlk hissədən fərqli olaraq, fasilədən sonra əla oynadıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola deyib.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Monako”nun qonağı olan “şəhərlilər” 1:3 hesabı ilə uduzublar. Nəticədə İngiltərə təmsilçisi ilk matçda 5:3 hesablı qələbə qazanmasına baxmayaraq, turnirdə mübarizəni dayandırmalı olub.

 

Görüşlə bağlı fikirlərini bildirən Qvardiola məğlubiyyətin səbəblərini açıqlayıb: “İlk hissədə zəif təsir bağışladıq. Fasilədən sonra rəqibdən üstün oynamağımız bəs etmədi. Bu məğlubiyyətdən dərs götürməliyik. Komandanın təcrübəsi yetərli deyil. İkinci hissədə qol imkanlarımız olsa da, onlardan maksimum yararlana bilmədik. Buna görə də, Çempionlar Liqasında mübarizəni dayandırdıq. Belə görüşlərdə standart vəziyyətlərə çox diqqət ayırmaq lazımdı. “Barselona” və “Real” ötən həftə standart vəziyyətdən qol vurdular. Bir daha təsdiq olundu ki, Çempionlar Liqası asan turnir deyil”.

 

“Monako”nun çalışdırıcısı Leonardo Jardim isə bunları deyib: “Qeydə alınan nəticədən çox razıyam, ¼ finala adlaya bildik. İlk oyunun videoyazısına baxanda 3:5 hesablı məğlubiyyətin ədalətsiz olduğunu demişdim. Mançesterdə buraxdığımız sadə səhvlər bizə baha başa gəlmişdi. Cavab görüşünün ilk hissəsində daha inamlı idik. Xüsusilə, müdafiə xəttində yer alan futbolçularımız yüksək səviyyəli oyun nümayiş etdirdilər. Fasilədən sonra isə rəqib taktikamıza uyğunlaşdı və işimiz çətinləşdi. Lakin təzyiqi davam etdirməli idik. “Mançester Siti”nin topa nəzarəti ələ keçirməsinə imkan verməməli idik. Yekunda lazım olan qolu vurmağı bacardıq”.

 

0