[b]Bəhmən Həsənov: Dedilər ki, soyunmayın, gedin[/b]
16.03.2017 - 12:14
[b]Bəhmən Həsənov: Dedilər ki, soyunmayın, gedin[/b]

“Stadiona indicə gəldim. Hakimlər “Qaradağ Lökbatan”ın futbolçularına dedilər ki, soyunmayın, çıxın, gedin”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənov deyib.

 

I divizionun XX turu çərçivəsində bu gün keçirilməli olan “Rəvan” – “Qaradağ Lökbatan” matçı baş tutmayacaq. Belə ki, AFFA İntizam Komitəsinin iclasında adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” klublarının I diviziondan kənarlaşdırılmasına qərar verilib. Hər iki klub I divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti matçlarda 0:3 hesablı texniki məğlubiyyət alacaqlar.

 

Məsələ ilə bağlı danışan “Rəvan”ın çalışdırıcısı Bəhmən Həsənov “danışılmış oyunlar”da iştirak etmədiklərini bildirib: “Rəhbərlik bu işlə maraqlanacaq. Komandamın adının oyun alqı-satqısında hallandırılması mümkün deyil. Birinci dövrədə AFFA bununla bağlı araşdırma aparırdı. İkinci dövrədə isə belə söhbət, ümumiyyətlə, ola bilməz. Çox yaxşı heyət formalaşdırıb, komandaya yeni futbolçular cəlb etmişdik. Maaşlar verilirdi. İkinci dövrədə adımızın “danışılmış oyunlar”da çəkilməsi mümkün deyil. Buna yüz faiz əminəm. Qış fasiləsindən sonra yalnız “Zaqatala” və “Turan”a uduzmuşuq. Bu da oyun günü 7 saatlıq yol getməyimizlə bağlı olub. Səhər saat 05:30-da Bakıdan çıxıb, matça ancaq çatmışdıq. Uzaq məsafə qət etdiyimizə görə məğlub olmuşduq. Məndən xəbərsiz hansısa futbolçunun oyun alqı-satqısında iştirak etdiyinə də inanmıram”.

 

Qeyd edək ki, “Rəvan” – “Qaradağ Lökbatan” matçı bu gün saat 13:30-da start götürməli idi.

 

0